Köməyə çağrılan polis səhv ünvana gedərək ev sahibini öldürüb

13:40 07.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Nyu-Meksiko ştatında polis məişət zorakılığı ilə bağlı çağırış zamanı yanlış evə gedib və həm də yanlış şəxsi odlu silahla vuraraq öldürüb.

Hafta.az-ın yazdığına görə, bu barədə danışan yerli səlahiyyətlilər ölümcül hadisənin çərşənbə günü saat 23:30 radələrində baş verdiyini deyib.

Belə ki, təxminən 46 min nəfər əhalisi olan Farmington şəhərində polis məmurları məişət zorakılığı ilə bağlı zənglər alıb. Lakin polis zəng gələn evə deyil, başqa evə gedib.

Ştat polisi bildirib ki, yanlış evin sahibi 52 yaşlı Robert Dotson əlində tapança ilə qapını açıb və polis tərəfindən ölümcül güllə yarası alıb. Farmingtonun polis rəisi Stev Hebbe bir videoda məmurların təsadüfən səhv ünvana getdiyini etiraf edib: "Cənab Dotson zabitlərimizin cavab verdiyi zəngin mövzusu deyildi və bu son hadisə inanılmaz dərəcədə faciəvidir. Bu vəziyyətdə olduğumuz üçün çox təəssüf edirəm. İstintaqı nəzərdən keçirdikcə daha çox fakt tapacağıq".

Əyalət polisinin verdiyi ünvanlara görə, bu iki ev eyni küçədə üzbəüz yerləşir.

Bu arada, qeyd edək ki, ötən gün də FTB və ABŞ Ordusu Xüsusi Əməliyyatlar Komandanlığı Boston şəhərinin mərkəzində təlim keçirərkən yanlış otel otağına basqın edərək içəridəki şəxsi saxlayıb. ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığı çaşqınlığa görə üzr istəyib.