Qazaxıstan ABŞ-la regionda logistika sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirir.
Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, ölkənin xarici işlər naziri Murat Nurtleu nəqliyyat imkanlarını artırmaq üçün qabaqcıl Amerika texnologiyasından istifadəni təklif edib. Xəbərə görə, ABŞ son zamanlar Mərkəzi Asiyada logistika marşrutlarına nəzarət etmək üçün səylərini artırıb.
Qəzet yazıb ki, Qazaxıstan sadəcə Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Gəmiçilik Marşrutunda “yer çatışmazlığı” problemini həll etmək üçün tədbirlər görüb. Sözügedən dəhliz Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə Çin və Avropa İttifaqını birləşdirir. Bu barədə nəqliyyat nazirinin müavini Satcan Ablalıyev məlumat verib.
Ablalıyev bu çərçivədə Çinlə Qazaxıstan arasında yeni yolun tikintisinə başlanıldığını, yeni sərhəd qapısının açılacağını bildirib.
Ötən gün ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşən Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu da nəqliyyat marşrutlarını inkişaf etdirmək üçün qabaqcıl ABŞ texnologiyasından istifadəni vacib sayıb.
Aparıcı uran, litium və neft istehsalçılarından olan Qazaxıstan bu yaxınlarda ABŞ şirkətləri ilə 8 illik tədarük müqaviləsi imzalayıb. Ölkənin Azərbaycan üzərindən neft ixracını artırmaq üçün tanker donanması yaratması xəbəri də mətbuatda öz əksini tapıb. Qazaxıstan hazırda neftini Rusiya vasitəsilə dünyaya ixrac edir.
“İzvestiya” hadisələrin Rusiyaya qarşı tendensiyaya uyğun gəldiyini və ABŞ-ın Mərkəzi Asiyada nəzarətini artırmağa çalışdığını qeyd edib.