Kütləvi ağacəkmə ənənələri davam etdiriləcək

20:29 29.06.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Ötən il Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi və bir gündə 650 min ağac əkildi. Beləliklə, Mehriban xanım Əliyevanın bu nəcib və xeyirxah təşəbbüsü ilə ölkədə bir ilkə imza atıldı”. Bu fikirləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Nazir müavini vurğulayıb ki, ötən il keçirilən sözügedən bu aksiyaya ölkənin bütün ərazilərində idarə və təşkilatlar, icra hakimiyyətləri, bələdiyyələr və şirkətlər könüllü olaraq qoşuldu: “Həmin təşəbbüs çərçivəsində ağac əkmək üçün bizə müraciət edən hər bir kəsi istədikləri sayda, nazirliyin tinglik sahələrində yetişdirilmiş ağac tingləri ilə əvəzsiz olaraq təmin etdik və bir gündə, bu möhtəşəm hərəkat çərçivəsində Azərbaycanda indiyədək görünməmiş sayda ağac əkildi. Ağacların əkilməsi və onlara aqrotexniki xidmətin göstərilməsi isə həmin qurumların özləri tərəfindən həyata keçirilir. Nazirlik nəzarət tədbirləri çərçivəsində bu aksiyada əkilən ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə növbəti monitorinqləri başa çatdırıb və ümumi vəziyyət olduqca qənaətbəxşdir. Ümumiyyətlə isə, ölkəmizdə artıq ağac əkilməsinin ümumxalq hərəkatına çevrildiyi bir vaxtda, bu sahədə ictimaiyyətin daimi nəzarətinin gücləndiyi bir şəraitdə yaşıllıqlara qulluq edilməsi vəziyyəti də paralel olaraq çox yaxşılaşıb. Bu baxımdan Yeni Azərbaycan Partiyasının gənc fəalları, Ekoloji Şura üzvləri ilə müxtəlif qurumlar tərəfindən 650 min ağacın əkildiyi sahələrə keçirilən birgə baxışın nəticələri də ürəkaçandır. Əksər ərazilərdə əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq olunduğu, damcılı suvarma sisteminin çəkildiyi və ağacların mütəmadi suvarıldığı müəyyən olunub. Düzdür, bəzi ərazilərdə quruyan, inkişafdan qalan ağaclara rast gəlinsə də, deyərdim ki, respublika üzrə ümumilikdə əkilən ağacların vəziyyəti olduqca qənaətbəxş və bitiş faizi yüksəkdir”.

F.Əliyev onu da deyib ki, rayonlar üzrə sistemləşdirsək, Lənkəran, Lerik, Hacıqabul, Sabirabad, Siyəzən, Xaçmaz, Qusar, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Beyləqan, Bərdə rayonlarında, həmçinin Gəncə şəhərində, Bakının Nərimanov, Binəqədi, Nəsimi, Yasamal, Nizami, Xətai, Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazilərində əkilən ağacların bitiş faizi olduqca yüksəkdir: “Lakin bəzi ərazilərdə müxtəlif səbəblərdən quruyan, inkişafdan qalan ağaclara rast gəlinib. Bitiş faizi qənaətbəxş sayılmayan ərazilərə cavabdeh olan Kürdəmir, Astara, Biləsuvar, Qazax, Şəmkir, Neftçala, Şabran, Göyçay, Ucar, Daşkəsən, Tovuz, Salyan və Bakının Səbail rayonunun icra hakimiyyətləri qarşısında zəruri qabaqlayıcı tədbirlərin görülməsi, quruyan tinglərin payız mövsümündə yeniləri ilə əvəzlənməsi, aqrotexniki xidmət işlərinin keyfiyyətinin artırılması ilə bağlı tələblər qoymuşuq. İnanırıq ki, qeydə alınan bəzi nöqsanlar və quruma faktları tezliklə aradan qaldırılacaq. Monitorinqlərin keçirilməsində də əsas məqsəd o idi ki, ağac əkənlər tərəfindən ağaclara qulluq göstərilməsi səviyyəsi öyrənilsin və əkilmiş ağacların hamısının bitişinə nail olunsun. Biz növbəti əkin mövsümündə quruyan ağacların yerinin doldurulması üçün qurumlara yenə də ting verməyə hazırıq. Yetər ki, əkilən ağaclara cavabdeh olanlar yaşıllıqlara öz qulluqlarını əsirgəməsinlər, onları vaxtlı-vaxtında sulasınlar və aqrotexniki qulluq göstərsinlər. Ümumiyyətlə, 650 min ağacın əkilməsi layihəsinin uğurla həyata keçirilməsini Azərbaycan təbiətinə, ölkədə yaşıllıqların artırılmasına verilmiş ən böyük töhfə hesab etmək olar”.

Nazir müavininin sözlərinə görə, yaşıllıq ərazilərinin genişləndirilməsi istiqamətində əkin işləri bundan sonra da davam etdiriləcək: “Sözsüz ki, mövsümlərdə ağacəkmə kampaniyaları, meşə-parkların, yaşıllıq zolaqlarının salınması işləri bundan sonra da davam edəcək. Onu da qeyd edim ki, yaxın beş il ərzində təkcə Abşeron yarımadasında daha 10 min hektar ərazidə yaşıllıqların salınması planlaşdırılır. Bu işlər bütün ölkə ərazisində də həyata keçiriləcək. Hazırda təhlillər aparılır və su mənbələrinə yaxın ərazilər müəyyənləşdirilir ki, həmin yerlərdə yaşıl zonalar, meşə-parklar salınsın. Digər qurumlarla, yerli icra strukturları ilə də əməkdaşlıq edilir. Onların yeni yaşıllıq sahələrinin salınması işlərinə dəstək üçün tərəfimizdən tinglər verilir. Eyni zamanda, qarşıdakı mövsümdə də kütləvi ağacəkmə aksiyalarının keçirilməsi planlaşdırılır. Biz respublikamızın təbii mühitinin oksigenlə daha da zənginləşdirilməsi, vətəndaşların daha sağlam ətraf mühitdə yaşaması üçün ölkəmizdə bərqərar olmuş kütləvi ağacəkmə ənənələrini bundan sonra da davam etdirəcəyik”.

Məlumat uçun deyək ki, yaşıllaşdırma şəhərsalma siyasətinin mühüm tərkib hissəsi olaraq şəhər və şəhərətrafı ərazilərdə ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir. Son illər xüsusilə Bakı şəhərində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə kəskin ehtiyac yaradıb. Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadratmetr təşkil edir. Bu baxımdan mütəxəssislər hesab edirlər ki, yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi hallarının olması yolverilməzdir.

Mütəxəssislərin fikrincə, yaşıllaşdırma, meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılmasına nail olunacaq.  Müasir ekoloji tələblərə görə isə ölkə ərazisinin minimum 20-25 faizi meşə ilə örtülməlidir. Ölkəmiz üzrə bu rəqəm təxminən12 faizə bərabərdir. Ona görə də, ölkəmizdə bu sahəyə ciddi diqqət yetirilir. Təkcə bir faktı xatırlayaq ki, 2010-cu ildə - "Ekologiya ili"ndə ölkəmizdə 20 milyondan çox ağac əkilib. Sonraki illərdə də bu tendensiya davam etdirilib və etdirilməkdədir.

Xatırladaq ki, Azərbaycanda çox iri və iri şəhərlərdə hər adama düşən yaşıllıq sahəsi 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7 kv.m olmalıdır. Bu normalar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nda öz əksini tapıb.  Sənədə görə, normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən riayət edilməlidir. Normalara əsasən, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir.Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi isə həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.

Bundan başqa, ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələn-dirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır.

Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 9948