Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.
Hafta.az yazır ki, hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İcra hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının və təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəsi İlham Yusifov hesabat verərək qeyd edib ki, 2019-cu il Lökbatan qəsəbəsi üçün olduqca uğurlu olub. Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri qəsəbə sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına da qəsəbədə xeyli işlər görülüb. Təbii ki, görülən işlər göz qabağındadır və bütün bunlar qəsəbə sakinlərini ürəkdən sevindirir. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmayıb. Sakinləri narahat edən problemlər qəsəbə nümayəndəliyində araşdırılıb, məsələnin həli üçün lazımi tədbirlər görülüb.
Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sakinlərdən 8 nəfəri fərdi qaydada dinləyəndən sonra, onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.
Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2019-cu ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilib.