Mərkəzi Asiya ölkələrini Rusiya ilə əməkdaşlıq əvəzinə Avropaya yaxınlaşmağa razı salmağı hədəfləyən Fransa prezidenti Emmanuel Makronun əsas məqsədi Qazaxıstan və Özbəkistandan Avropaya uran ixracını artırmaqdır.
Hafta.az-ın yazdığına görə, Makronun bölgəyə səfərindən yazan “Politico” və “Bloomberg” qeyd edib ki, indiki konyukturada Avropa İttifaqı Rusiyadan uranla bağlı asılı olduğundan məhz bu müstəvidə Moskvaya qarşı sanksiyalar tətbiq etməyib. Bu səbəbdən də onun Qazaxıstan və Özbəkistana səfəri zamanı beynəlxalq və regional gündəlikdəki məsələlər, o cümlədən ikitərəfli münasibətlərin inkişafı, ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.
Makronun Qazaxıstana səfərini dəyərləndirən Qazaxıstanın baş naziri Əlixan Smailov səfərin çox kritik və əhəmiyyətli olduğunu və bunun iki ölkə arasında münasibətlərə “yeni təkan” verəcəyini şərh edib.
“Nəzərinizə çatdıraq ki, Qazaxıstan son aylar Avropa İttifaqı ilə əlaqələrini genişləndirib, xüsusən də Qərb sanksiyalarının Rusiyanın xeyrinə pozulmaması məsələsində. Türk Dövlətləri Birliyi vasitəsilə Türkiyə üzərindən qurulan əlaqələrlə yanaşı, Aİ-nin lokomotiv ölkələri, xüsusən də Almaniya rəsmiləri Astanaya gələrək ikitərəfli münasibətləri yaxşılaşdırmağa çalışır. Bu kontekstdə Makronun Mərkəzi Asiyaya açılan qapı kimi Qazaxıstana səfəri gözlənilən inkişaf idi”, - qeyd edilir.
Kremlin Makronun səfəri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən Astananın öz müstəqil siyasəti çərçivəsində hərəkət etdiyini deməsi də vacibdir. Ukrayna böhranı ilə yanaşı, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Rusiyanın digər qonşularına ehtiyacını artırmaqla yanaşı, Cənubi Qafqaz dövlətlərinə, eləcə də Mərkəzi Asiya ölkələrinə daha müstəqil siyasət yürütmək üçün cəsarət verib. Region ölkələrinin cəsarətli addımları özləri ilə Aİ və ABŞ qarşısında mövqelərini gücləndirmək imkanı da gətirir.
Makronun Mərkəzi Asiyaya səfəri ərəfəsində həm “Politico”, həm də “Bloomberg” yazıb ki, onun əsas məqsədi Qazaxıstan və Özbəkistandan nüvə reaktorları üçün daha çox uran tədarükünü təmin etməkdir.
Makronun ikinci məqsədi Avropa ilə əlaqələri yaxşılaşdırmaqla Mərkəzi Asiya respublikalarını Rusiyadan uzaqlaşmağa inandırmaqdır.
Diplomatik mənbə Bloomberg-ə bildirib ki, Ukraynadakı müharibədən və Çinin iqtisadi genişlənməsindən qorxduğu üçün G7 ölkələrinin tərəfdaşlıqlarını dərinləşdirməyə qərar verdiyi ölkələr arasında Qazaxıstan da var.
Fransa prezidentini Mərkəzi Asiyaya səfəri zamanı enerji, kənd təsərrüfatı, qida və mədənçıxarma sektorlarından 15 iş adamı müşayiət edib.
Fransa və bütövlükdə Avropa İttifaqı əvvəllər Nigerdən (2021-ci ilə qədər 24 faiz) və Rusiyadan (20 faiz) uran tədarükünə arxalanırdı. Lakin Fransanın Afrikada yaşadığı müstəmləkə problemləri və bir çox Afrika ölkələrində baş verən əks-inqilablar, eləcə də Ukrayna böhranının baş verməsi səbəbindən Aİ-nin ən böyük nüvə enerjisi ixracatçısı olan Fransa çətin vəziyyətə düşüb. Yeni uran ehtiyatları axtaran Fransa, Avropa Təchizat Agentliyinin Euratom (ESA) statistikasına görə, Qazaxıstandan uran ixracatının payını 23 faizə çatdırıb.
Nigerdəki çevrilişdən sonra ölkənin yeni hakimiyyət orqanları Fransaya uran tədarükünü dayandırıb.
Avropa İttifaqı beynəlxalq sanksiyalar çərçivəsində Rusiya uranından imtina etmək imkanını nəzərdən keçirir, lakin Aİ digər təchizatçılardan kifayət qədər yanacaq tapa bilmədiyi üçün bu sanksiyalar paketini hələlik həyata keçirə bilməyib.
Bu arada, Ümumdünya Nüvə Assosiasiyasının (WNA) məlumatına görə, urana tələbat 2030-cu ilə qədər üçdə bir artacaq.
Qazaxstan təsdiqlənmiş təbii uran ehtiyatlarına görə dünyada ikinci yerdə olub, qlobal ehtiyatların təxminən 14 faizini özündə cəmləyir. Yəni Qazaxıstanın ümumi təsdiq edilmiş uran ehtiyatlarının 700 min tondan çox olduğu təxmin edilir.
Bu arada, Qazaxıstan həm də 2009-cu ildən bəri uran hasil edən ölkələrin siyahısında birinci yerdədir. Qazaxıstanda 2021-ci ildə uran istehsalının həcmi 21,8 min ton, 2022-ci ilin sonunda isə 21,3 min ton olub.
Ümumdünya Nüvə Assosiasiyasının məlumatına görə, bu həcmlər bütün rəqiblərini əhəmiyyətli dərəcədə qabaqlayır.
Ölkə sərhədləri daxilində 60-dan çox aktiv atom elektrik stansiyası ilə Fransa, nüvə enerjisindən elektrik enerjisi istehsal edən və Aİ ölkələrinə satan Avropa İttifaqının ən əhəmiyyətli enerji qaynaqlarına sahibdir. Bu, Fransanı ən böyük uran alıcılarından birinə çevirir.
2022-ci ildə Qazaxıstandan sonra ən çox uran istehsal edən ölkələr Kanada (7,4 min ton), Namibiya (5,6 min ton), Avstraliya (4,6 min ton), Özbəkistan (3,3 min ton), Rusiya (2,5 min ton), Nigerdir (2 min ton) və Çin (1,7 min ton) olub.
Ənənəvi mənada ən çox uran istehsal edən ölkələrə nəzər salsaq, “Qərb Bloku” adlandıra biləcəyimiz iki ölkəni görərik: Kanada və Avstraliya. Kanada öz ehtiyaclarına əlavə olaraq, Avropa və Fransa üçün ən böyük təchizatçı kimi mövqeyini qoruyur.
Fransa uranla bağlı digər Qərb bloku olan Avstraliya ilə münasibətlərini yaxşılaşdırmaq istəyirdi, lakin bu sahədə də anqlosakson təsiri özünü göstərdi. Avstraliyada “yaşıl enerji” lobbisi Avropaya çatdırılmaq üçün uran yataqlarının aktiv işlənməsinə mane olur.
Bundan başqa, Kanberranın ABŞ-dan asılılığı, Avropa Birliyi ilə azad ticarət sazişinin illərdir imzalanmaması ABŞ və Aİ-nin bu sahədəki rəqabətinin təsiri kimi şərh olunur. Avstraliyada ABŞ-la rəqabət apara bilməyən Fransa diqqətini Mərkəzi Asiyaya, yəni Qazaxıstan və Özbəkistana yönəltmək məcburiyyətində qalır.
Bütün bu səbəblərə görə Makronun Qazaxıstan və Özbəkistana səfəri çox böyük əhəmiyyət kəsb edir. Fransa 2008-ci ildən bəri minimum səviyyədə olan uran ehtiyatlarını yeni tədarük marşrutları vasitəsilə birtəhər doldurmalıdır.