Makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.
Bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
Maliyyə Nazirliyi hesab edir ki, inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.
"Gələn il ABŞ dolları avroya qarşı 36 faiz ucuzlaşaraq on ildən artıq əvvəlki vəziyyətə qayıdacaq".
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “A.G.Biset Associates” valyuta və sərmayə tədqiqatları şirkətinin baş direktoru Ulf Lindahl bildirib.
Son 27 ayın ən aşağı səviyyəsində olan, bu ilin pik nöqtəsindəkinə nisbətən əsas tərəf müqabillərinə qarşı 11 faizədək ucuzlaşan ABŞ dollarının çox böyük hərəkətinin başlanğıcda olduğu, nəticədə bir çox sərmayədarların öz vəsaitlərini ABŞ qiymətli kağızlarında saxlamaqdan daşına biləcəyi qeyd olunub.
Əmtəə Fyuçersləri Ticarət Komissiyasına görə hedc fondlarının dollara qarşı mərcləri son on illik müddətin ən yüksək səviyyəsinə çatıb. Hazırda “Bank of Amerika”nın “Global Research” qrupundakı fond menecerlərinin 36 faizi ilin ikinci yarısında əsas valyuta satışları üçün dolların yerini ixtisar ediblər.
Sərmayədarların bir çoxunun qənaətincə, ABŞ-dakı iqtisadi tənəzzül, faiz dərəcələrinin azalması, pandemiyanın fəsadlarına qarşı tətbiq edilən müxtəlif yardım və dəstək proqramları nəticəsində büdcə kəsirinin artacağı ehtimalları üzündən dollar daha da ucuzlaşacaq. Bəzi ekspertlərə görə dolların məzənnəsi hazırda həqiqi həddən 10 faiz yuxarı saxlanılır.
Bununla belə Nyu-Yorkda yerləşən “BlackRock” qlobal sərmayə şirkətinin baş sərmayə direktoru Rik Rayderə görə dünya ticarətinin hələ də ABŞ valyutasına çox bağlı olması dolların daha da tənəzzülə yuvarlanmasının qarşısını alacaq.
Bəs, hazırki proqnozlar Azərbaycan mikroiqtisadiyyatı üçün nə vəd edir?

Bu barədə sualımızı hafta.az-a şərh edən millət vəkili Vüqar Bayramov hesab edir ki, 2021-ci ilin iqtisadiyyatı həm qlobal, həm milli səviyyədə pandemiyanın hansı dövrü əhatə etməsindən asılı olacaq:
“Nəzərə alsaq ki, pandemiya iqtisadiyyata birbaşa təsir edir və iqtisadi vəziyyəti zəiflədir. 2021-ci il üçün iqtisadiyyatda hədəflər pozitivdir. Bu proqnoz Azərbaycanın mövcud durumlarına uyğun hesablanıb. Pandemiya Azərbaycan iqtisadiyyatına təsir göstərsə də, digər ölkələrlə müqayisədə bu təsirlər daha azdır. Son ildə ümümidaxil(ÜDM) məhsulda 2.8 faiz azalma olub. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 24 faizdən çoxdur. O baxımdan iqtisadi vəziyyəti, real sektordakı vəziyyəti nəzərə alsaq 2021-ci il üçün proqnozlar özünü doğrulda bilər. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan enerji ölkəsi olduğu üçün neftin bazar qiyməti bizim üçün vacib faktor sayılır. Baxmayaraq ki mart-aprel aylarında neftin qiymətində iki faiz geriləmə oldu. Amma Azərbaycan iqtisadiyyatı dayanıqlı olduğu üçün buna reaksiya verə bildi. Belə olan halda da manatın məzənnəsini qoruyub saxlamaq mümkün oldu”.
Millət vəkili hesab edir ki, 2021-ci il ildə pandemiya lokallaşarsa hər hansı bir çətinlik olmayacaq:
“Bütün hallarda dövlət büdcəsinə edilən dəyişikliklər, paketlərin hazırlanması ondan xəbər verir ki, Azərbaycan xarici təsirlərə reaksiya verir və bu reaksiya da növbəti dövrlərdə də davam etdiriləcək”.

İqtisadçı Natiq Cəfərli isə bildirdi ki, Maliyyə Nazirliyinin məzənnə siyasəti iqtisadi kateqoriyalarla ölçülmür:
“Məzənnə siyasəti inzibati qayda ilə tənizmləndiyinə görə, öncədən proqnozlaşdırmaq mümkündür. Məzənnə siyasəti iqtisadi kateqoriya olsaydı, yəni bazar iqtisadiyyatına uyğun olaraq tənizmlənsəydi, eləcə də üzən məzənnə mexanizminə keçirilsəydi belə hallarda başqa faktlar qarşımıza çıxa bilərdi. Amma üzən məzənnəyə keçid baş vermədi. Bu, Azərbaycanda mümkün olmadı, çünki institutlar fomalaşmayıb. Valyuta əməliyyatlarında iştirak edən şəxslərin sayı məhdudur. Məzənnə siyasəti Azərbaycanda iqtisadi kateqoriya olmaqdan çıxıb. Azərbaycanda bir neçə il öncə sabit məzənnə oldu. Ən böyük idxalçı ölkəyə çevrildik. Buna görə də Azərbaycan idxaldan asılı bir ölkəyə çevrildi. İndi hökumət qeyri-neft sektorunu inkişaf etdirmək istəyir. Bir tərəfdən də məzənnəni sabit saxlamaq istəyir. Manatın qonşu ölkələrlə müqayisədə baha olması əks effekt yaradır. Azərbaycan yenidən idxalı stimullaşdıran ölkəyə çevrilir".
İqtisadçı qeyd etdi ki, manatın məzənnəsi sabit və yüksək olduğu üçün Çin, Rusiya kimi ölkələrin sponsoruna çevrilirik:
“O ölkələrdən məhsulu gətirmək daha sərfəli olur. Rubl, türk lirəsi artıq dəyərdən düşüb. Bu halda o dövlətlərdən məhsul gətirmək, istehsal etməyimizdən daha effektlidir. Maliyyə Nazirliyinin məzənnəni belə saxlaması iqtisadiyyata ziyan vurur. Sabit saxlamaq da olar. Neft gəlirlərindən istifadə etməklə, məzənnəni sabit saxlamaq mümkündür. Bu halda Azərbaycan iqtisadiyyatına daha böyük ziyan vuracağını düşünürəm”.