MEDİA – zamanın tələbi - SORĞU

11:49 14.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Medianın inkişafı prosesində aparılan islahatlar davam edir. Əsas ideya kimi peşəkar jurnalistikanın formalaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunması, eləcə də medianın biznes modelə keçirilməsi üçün dövlət dəstəyinin təmin olunması göstərilir. Məlum olduğu kimi, artıq bu missiya yeni bir quruma həvalə olunub.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Beləliklə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Agentliyin Nizamnamə Fondu 285 min 405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Maraqlıdır, ölkənin media cameəsinin aparılan bu islahatlardan gözləntiləri nədir?

Sevinc Seyidova, “Həftə içi” qəzeti və hafta.az saytının baş redaktoru

- Prezident İlham Əliyevin muvafiq fərmanı ilə 10 ildən artıq fəaliyyət göstərən KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında daha geniş səlahiyyət və imkanlara malik Medianın İnkişafı Agentliyinin yaradılması dövlətimizin mətbuat sahəsinə diqqətinin növbəti əyani təzahürüdür. Agentliyin nizamnaməsində əksini tapan müddəaları mediamızın qarşıdakı illərdə yeni "yol xəritəsi" də adlandıra bilərik.

Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı print media üçün diqqət çəkən ən vacib məqamlardan biri abunə və satışın təşkilində dəstək məsələsidir.  Hazırda çap mediasının üzləşdiyi əsas problemlər sırasında abunə və satış mühüm yer tutur. Artıq dövlət başçısının təsdiqlədiyi fərmana əsasən bir çox məsələlərlə yanaşı, bu problemlərin həlli istiqamətində də MEDİA öz dəstəyini göstərəcək. Mətböuatın iqtisadi müstəqilliyinin təmininin təşkili də diqqətəlayiqdir.

Yeni yaradılan qurumun həm də onlayn mediaya dəstək verməsinin nəzərdə tutulması bu sahədə mövcud çatışmazlıq və problemlərin həllində də mühüm rol oynayacaq. Hazırda çap mediasının onlayn formatlarının fəaliyyətinin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Müasir terndlərin tətbiqi ilə mətbuat orqanının həm print, həm də onlayn versiyasının qarşılıqlı fəaliyyətdə inkişafı, yeni yanaşmaların tətbiqi, modern innovasiyalardan geniş istifadə imkanlarının yaradılması media sahəsinin yeni inkişaf mərhələsinə qalxmasına təkan verəcək. Medianın İnkişafı Agentliyinin yaradılması ilə bütün bu işlər artıq xaotik deyil, nizamlı və planlı şəkildə müəyyənləşdirilmiş konkret məqsədə doğru addımlamaqla həyata keçiriləcək. 

Media eksperti, professor Qulu Məhərrəmli “Həftə içi”nə şərhində bildirib ki, Media İnkişafı Agentliyinin (AİM) yaradılması bu sahədə gözlənilən islahatların başlanğıcıdır.  Q.Məhərrəmli bundan əvvəl medianın fəaliyyətini tənzimləyən ictimai və dövlət qurumlarının medianın inkişafına gətirib-çıxarmadığını təəssüflə qeyd edib. O, bu mənada AİM-in yaranmasının mediada yeni ümidlər doğurduğunu bildirib:

“Nəzərə almaq lazımdır ki, Media İnkişafı Agentliyi birmənalı şəkildə dövlət büdcəsindən maliyyələşən icra strukturudur. Bir qədər paradoksal səslənsə də, dünyada yazılı mətbuatın və onlayn medianın fəaliyyətini tənzimləyən ayrıca bir qurum yoxdur. Bütün hallarda belə bir tənzimləyici qurumun ortaya çıxması müsbət hadisədir”.

Q.Məhərrəmli AİM-in nizamnaməsində göstərilən müddəaları medianın inkişafı baxımından normal hesab etməklə yanaşı, cəmiyyətdə yaranan narahatlığa da diqqət çəkib:

“Medianın fəaliyyətini nizamlayacaq bu qurum işini elə aparmalıdır ki, müstəqil normalar üzrə tənzimlənən, müstəqil araşdırmalar, təhlillər aparan media orqanları zərər çəkməsin.  Əgər MİA-nın fəaliyyəti nəticəsində peşəkar, standartlara uyğun  keyfiyyətli materiallar yayan media qurumları yaranacaqsa, bunu alqışlamaq və təqdir eləmək lazımdır. Arzu edərdik ki, Medianın İnkişafı Agentliyinin medianın inkişafında gerçək rolu olsun”.

Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev bildirib ki, Media İnkişafı Agentliyinin yaranması Azərbaycan mətbuatında illərlə yığılan bir sıra problemlərin həll olunmasında öz müsbət rolunu oynayacağına inam hissi yaradır. Onun sözlərinə görə, ilk növbədə, media ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var:

“Hazırda qüvvədə olan “KİV haqqında”qanunda müasir internet mediası ilə bağlı müddəalara dair çox səthi məlumat verilib. Ümumiyyətlə, “onlayn” medianın özünü tənzimlənməsi üçün qanunvericilikdə ciddi şəkildə dəyişiklik olmalıdır. “KİV haqqında” qanunda bir yerdə göstərilib ki, internet üzərindən yazılan məlumatlar da KİV məhsuludur. Bu isə çox ümumi yanaşmadır. “Onlayn” media qurumlarının qeydiyyatdan keçməsi, hansı prinsiplərlə fəaliyyət göstərməsi, hansı məsələlərdə məsuliyyət daşıdıqları və s. məsələlər daha aydın qeyd olunmalıdır. Qanunda "İnternet informasiya ehtiyatı" yazılıb, amma misal üçün, hansısa dövlət qurumunun saytı da internet informasiya ehtiyatıdır, 24 saat xəbər istehsalı ilə məşğul olan “Report.az” saytı da. Dövrümüzün əsas informasiya mənbəyinin “onlayn” media resursları olduğunu nəzərə alaraq, qanunun daha təkmil formaya gətirilməsinə ehtiyac var. Nəzərə alsaq ki, çap mediasından fərqli olaraq, “onlayn” mediada hər hansı məlumatın kopyalanması və istifadə olunması asandır. Bu gün həm mətn, həm foto, həm videokontentin heç bir icazə almadan, istinad edilmədən başqa saytlar tərəfindən istifadəsinin şahidi oluruq. Bu səbəbdən, qanunvericilikdə müəllif hüquqları ilə bağlı məsələlər həllini tapsa, sonradan müvafiq cəza mexanizmləri də tətbiq etmək mümkün ola bilər. Misal üçün, Almaniyada hansısa saytın fotosunun digər sayt tərəfindən istinad yazılmadan dərc olunmasına görə 2000 avro cərimə nəzərdə tutulub”.

M.Əliyev hesab edir ki, "KİV haqqında" qanunda domen adları ilə bağlı çatışmazlıq da var. Onun fikrincə, qanunda domen adları ilə bağlı da müvafiq maddələr olmalıdır.

“Hazırda hər hansı bir şəxs nüfuzlu media qurumunun adına bənzər bir domen alaraq, xəbər saytı yaradıb, hətta bəzən onun adından sui-istifadə də edə bilər. Burada da Avropa təcrübəsini əsas götürmək olar. Orada böyük media holdinqlərə məxsus domen adlarına oxşar domen adı ilə yeni KİV yaradılması qadağandır. Düzdür, heç kim sənin fəaliyyətini məhdudlaşdırmayacaq, amma müvafiq press vəsiqələrin alınması mümkünsüzdür. Həmin vəsiqələr də olmadan heç bir ciddi media statusuna malik deyilsən”.

M.Əliyev bildirib ki, bu gün bir sıra media ekspertlərinin fikirləri bir məsələdə üst-üstə düşür ki, “onlayn” və çap mətbuatının reklam bazarı genişləndirilməlidir.

“Hesab edirəm ki, fundamental məsələlər öz həllini tapandan sonra Azərbaycanda “onlayn” medianın reklam bazarının da formalaşması baş tuta bilər”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, hazırkı media islahatları və yeni dövlət qurumunun yaradılması ümumi islahatlar prosesinin tərkib hissəsidir. Onun sözlərinə görə, KİVDF 10 il bundan əvvəlki dövrün media çağırışlarına cavab olaraq yaradılsa da, bu müddət ərzində baş verən dəyişikliklər onun platformasının köhnəldiyini və çağırışlara heç də tam cavab  verə bilmədiyini göstərib.

“KİVDF yalnız çap mediasının maliyyələşməsini və bir qisim problemlərin araşdırılması ilə məşğul olurdu. Bu, kifayət edən təcrübə deyildi və ölkənin ən geniş media qurumlarının maraqlarını və inkişafını əhatə edən daha səlahiyyətli bir dövlət qurumuna ehtiyac var idi. Ölkənin media sferası təkcə çap mediasından ibarət deyil. Audiovizual, çap, onlayn media, informasiya agentlikləri , bütün digər internet resurslarının fəaliyyəti dövlətin ciddi himayəsinə ehtiyac duyur. Ölkənin bütün media qurumlarının dövlətin dəstək mexanizmi altına alınması çox vacibdir. Onlayn media qurumlarının şəffaf maliyyələşmə mexanizmlərindən kənarda qalması heç cür normal qəbul edilə bilməz və əslində ziyanlıdır”.

A.Quliyev bildirir ki, yeni Agentlik bütünlüklə media sektorunda gedən proseslərin innovativ texnologiyalara və iş üsullarına uyğunlaşdırılmasında müsbət rol oynamalıdı və oynayacaq.

“Agentlik medianın həqiqətən bütöv bir media industriyasına çevrilməsi missiyasini yerinı yetirməlidir. Media İnkişaf Agentliyinin yaradılması zamanın və bu sektorun həyati tələbidir”.