Media İnkişafı Agentliyinin yaradılması bu sahədə gözlənilən islahatların başlanğıcıdır. Bu fikirləri hafta.az-a media eksperti, professor Qulu Məhərrəmli deyib.
Q.Məhərrəmli bundan əvvəl medianın fəaliyyətini tənzimləyən ictimai və dövlət qurumlarının medianın inkişafına gətirib-çıxarmadığını təəssüflə qeyd edib. O, bu mənada AİM-in yaranmasının mediada yeni ümidlər doğurduğunu bildirib:
“Nəzərə almaq lazımdır ki, Media İnkişafı Agentliyi birmənalı şəkildə dövlət büdcəsindən maliyyələşən icra strukturudur. Bir qədər paradoksal səslənsə də, dünyada yazılı mətbuatın və onlayn medianın fəaliyyətini tənzimləyən ayrıca bir qurum yoxdur. Bütün hallarda belə bir tənzimləyici qurumun ortaya çıxması müsbət hadisədir”.
Q.Məhərrəmli AİM-in nizamnaməsində göstərilən müddəaları medianın inkişafı baxımından normal hesab etməklə yanaşı, cəmiyyətdə yaranan narahatlığa da diqqət çəkib:
“Medianın fəaliyyətini nizamlayacaq bu qurum işini elə aparmalıdır ki, müstəqil normalar üzrə tənzimlənən, müstəqil araşdırmalar, təhlillər aparan media orqanları zərər çəkməsin. Əgər MİA-nın fəaliyyəti nəticəsində peşəkar, standartlara uyğun keyfiyyətli materiallar yayan media qurumları yaranacaqsa, bunu alqışlamaq və təqdir eləmək lazımdır. Arzu edərdik ki, Medianın İnkişafı Agentliyinin medianın inkişafında gerçək rolu olsun”.