Meksikada minlərlə miqrant PAYTAXTA DOĞRU YÜRÜŞƏ BAŞLAYIB

13:10 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meksikanın cənubunda minlərlə mühacir immiqrantlar üçün yaradılmış saxlama mərkəzlərini bağlamaq üçün paytaxt Mexiko şəhərinə doğru yürüşə başlayıb.

Hafta.az-ın "The Hill"ə istinadən yazdığına görə, miqrantların yürüşü keçən ay ABŞ sərhədində, Ciudad Juarez şəhərindəki təcridxanada 40 miqrantın ölümünə səbəb olan yanğından sonraya təsadüf edir.

El Salvadordan olan miqrant Miriam Argueta deyib ki, onların tək istədiyi şey ədalətdir və miqrantlara da hamı kimi yanaşılmasını tələb edirlər.

Yürüşə çıxan miqrant karvanı 10 gün ərzində paytaxt Mexikoya çatmağı planlaşdırır.

Bildirilib ki, 3 min nəfərlik miqrant qrupu bazar günü səhər saatlarında Meksikanın Qvatemala sərhədindəki Tapaçula şəhərindən yürüşə başlayıb və 35 dərəcəni keçən temperaturda Çiapas şəhərinə çatıb.

Mühacir qrupunun əsasən Kuba, Venesuela, Ekvador və Kolumbiya kimi ölkələrin vətəndaşlarından ibarət olduğu bildirilib.

Mühacirlərə qarşı daha yaxşı rəftar istəyən qrup, ötən ay yanğında ölən mühacirlər üçün "Hökumət cinayəti" və "Dövlət onları öldürdü" kimi ifadələr olan pankartlar daşıyır.

Yürüşə başlayan qrupdakıların sayı 3 minə çatsa da, onlardan neçəsinin ABŞ sərhədinə qədər yürüşə davam edəcəyi məlum deyil. Səlahiyyətlilər çox vaxt böyük yürüş qruplarını paytaxt Mexikoya və ya ABŞ-Meksika sərhədinə çatmazdan əvvəl dağıtmağa çalışırlar.

İmmiqrasiya hüquqlarını müdafiə edən qruplar təhlükəsizlik məsələsinə diqqət çəksələr də, yürüş karvanının dağıdılmasının bir çox insanın cinayətkar dəstələrin əlinə keçməsi ilə nəticələnə biləcəyini deyirlər.

Qeyd edək ki, Mərkəzi və Cənubi Amerikadan olan on minlərlə mühacir öz ölkələrindəki qeyri-sabitlik və yoxsulluqdan xilas olmaq üçün Meksikaya yollanır. Bu insanların bəziləri ABŞ-a çatmağı hədəfləyir, digərləri isə Meksikaya sığınacaq üçün müraciət edirlər.

Qeyri-qanuni miqrasiya axını ilə mübarizə aparmaq üçün həbs mərkəzləri quran Meksika hökuməti ötən ay Ciudad Juarezdə baş verən yanğından sonra tənqid hədəfinə çevrilmişdi. Meksika prezidenti Manuel Lopez Obrador ekstradisiya ediləcəyini öyrənən mühacirlərin çarpayıları yandırdığını və yanğının bu səbəbdən baş verdiyini bildirib. Yanğın zamanı təcridxanadakı mühafizəçilərin mühacirlərin saxlandığı hissənin kilidini açmadan binanı tərk etməsi isə reaksiya doğurub. Yanğın zamanı 40 nəfər həlak olub.

Siyasət rubrikasından digər xəbərlər