Mənzil bazarında durğunluq hökm sürür

18:51 18.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2024-ci ilin I rübünə nisbətən, 8.1 faiz bahalaşıb. Cari ilin I rübündə ilkin mənzil bazarında qiymətlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5 faiz, təkrar mənzil bazarında qiymətlər isə 8.1 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 2,2 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 3.1 faiz, təkrar mənzil bazarı üzrə 2,2 faiz bahalaşıb.

Qeyd edək ki, son illər Azərbaycanın mənzil bazarında davamlı  bahalaşma müşahidə edilməsinə baxmayaraq xarici ölkə vətəndaşları Azərbaycanın daşınmaz əmlak bazarını qiymətləndirməyə başlayıblar. Onların əksəriyyəti isə turist kimi ölkəmizə səfər edən əcnəbilərdir. Məsələn, statistikaya görə, təkcə ötən il ərzində Azərbaycana gələn turistlərin 1 milyon 902 min 431-i özünün buradakı evində gecələyib. Azərbaycanın daşınmaz əmlak bazarını qiymətləndirən əcnəbilər arasında Rusiya, Gürcüstan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri və İsrail vətəndaşları üstünlük təşkil edir.

Bəs, görəsən, İranla İsrail arasında baş verən son gərginliyin Azərbaycanın əmlak bazarına hansısa təsiri oldumu?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən əmlakçı Mülkədar Rüstəmov deyib ki, hazırda Azərbaycanın mənzil bazarında durğunluqdur: “Son statistikaya görə bizim ölkədə mənzil alanların böyük əksəriyyəti Rusiya vətəndaşlarıdır. İkinci Gürcüstan, üçüncü Türkiyə, dördüncü İran, beşinci Birləşmiş Ərəb Əmirlikləri, altıncı yerdə İsrail vətəndaşları qərarlaşıb. Amma hazırda bu sahədə durğunluqdur. İranla İsrail arasında baş verən gərginliyin Azərbaycanın əmlak bazarına təsirinə gəlincə, bununla bağlı konkret fikir söyləmək çətindir. Bu hadisə qısa müddət ərzində baş verdi. Əgər uzunmüddətli bir proses olsaydı, konkret nəysə söyləmək olardı. Çünki həm İranla, həm də İsraillə ticarət baxımından heç bir problemimiz yoxdur”.

Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə deyib ki, sözügedən ölkələr arasında baş verən gərginlik Azərbaycanın daşınmaz əmlak bazarına hansısa formada təsir etməyib: “Məlumdur ki, artıq daşınmaz əmlakın alqı-satqısı zamanı notariatlar vətəndaşlardan deklarasiya tələb edirlər. Bu tələblə bağlı bazarda durğunluq idi. Son bir aydır ki, əmlak bazarında cüzi də olsa, hərəkət var. İnsanlar yeni tələblə barışaraq tədricən bazara qayıdırlar. İranla İsrail arasında baş verən son gərginliyin bazara təsirini hələ ki, hiss etmirik”.

Rəna

Oxunma sayı 34