“Meta”nın baş direktoru Mark Zukerberqin şirkətin məhsuldar süni intellekt layihələrindən gəlir əldə etməsinin illər çəkə biləcəyini söyləməsindən sonra texnologiya nəhənginin səhmlərinin qiyməti çərşənbə günü 16 faizdən çox ucuzlaşıb.
Hafta.az-ın yazdığına görə, facebook, İnstagram və WhatsApp-ın ana şirkəti olan “Meta”nın səhmləri, “Silikon Vadisi” nəhənginin cari rübdə “The Wall Street”in proqnozundan daha az gəlir gözlədiyini söyləməsindən sonra təxminən 412 dollara düşüb.
“Meta” 2024-cü ilin martında sona çatan rübdə gəlirini keçən ilin eyni dövrü ilə müqayisədə 27 faiz və mənfəətini iki dəfədən çox artırsa da, investorlar 30 iyunda bitən rüb üçün şirkətin aşağı gözləntilərinə daha çox diqqət yetirmiş kimi görünür.
Şirkət həmçinin 2024-cü il üçün kapital xərclərini 35-40 milyard dollara çatdırmağı planlaşdırdığını açıqlayıb. Bu rəqəmin əvvəllər 30-37 milyard dollar olduğu təxmin edilirdi.
Yeni böyük investisiyaların əksəriyyətinin çip dizaynları və məlumat mərkəzləri də daxil olmaqla, AI infrastrukturunun qurulmasına yönəldilməsi gözlənilir.
OpenAI 2022-ci ildə AI chatbot ChatGPT-ni işə saldıqdan sonra Zukerberq İnstagram və Facebook-un axtarış alətləri, eləcə də ağıllı artırılmış reallıq eynəkləri və render proqram təminatı daxil olmaqla, öz məhsullarına süni intellekt alətləri əlavə etməyə çalışır.
Keçən həftə texnologiya nəhəngi ən son texnologiya olduğunu iddia etdiyi yeni süni intellekt modeli “Llama 3”ü təqdim edib.
Şirkət eyni zamanda oxşar süni intellekt araşdırmalarını ictimaiyyətə təqdim etməkdən imtina edən Google və OpenAI ilə rəqabətə girərək yeni modeli açıq mənbəyə çevirəcəyini bildirib.
“Meta” AI-nin “Llama 3”lə yeni buraxılışı dünyanın aparıcı süni intellektini yaratmaq yolunda daha bir addımdır. Biz tətbiqlərimizdə sağlam inkişaf görürük və metaverse qurmaqda davamlı irəliləyiş əldə etməyə davam edirik.
Süni intellektə daha çox sərmayə qoyulması nəticəsində “Meta” ikinci rübdə gəlirin “The Wall Street”in gözləntilərindən aşağı olacağını bildirirdi.
Zukerberq investorları xəbərdar edib ki, qarşıdakı süni intellekt investisiyalarının şirkətə gəlir gətirməsi uzun müddət (bəlkə də illər) çəkə bilər, lakin o, uzunmüddətli fayda əldə etmək üçün onları səbirli olmağa çağırıb.
“Meta”nın rəhbəri, "Biz süni intellektə qarşı daha optimist və həvəsli olduq. Biz aparıcı modellər qura və dünyanın aparıcı AI şirkəti ola biləcəyimizi nümayiş etdirdiyimiz yerdəyik. Bu, bizim üçün ən bariz imkanlardan başqa bir çox əlavə imkanlar açır” deyib.