Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təmsilçiləri - jurnalistlər Anar Turan, Vüsal Hətəmov, Mübariz Göyüşlü və Fərman Salmanlı ilə görüşüb.
Mətbuat Şurasından hafta.az-a bildirilib ki, Ə.Amaşov rəhbərlik etdiyi qurumun ictimai təşəbbüslərə hər zaman açıq olduğunu, bununla bağlı layihələri dəstəklədiyini vurğulayıb.
MŞ sədri, həmçinin bildirib ki, jurnalistlərin yaratdıqları təşkilatlar bir qayda olaraq fəallıqları ilə seçilirlər. Çünki bu sahədə çalışmış şəxslər cəmiyyəti daha yaxından bilmək bacarığına malikdirlər. Onlar konkret hədəfləri müəyyənləşdirməkdə çətinlik çəkmirlər. Bu baxımdan AVH-nin də gələcəkdə daha uğurlu təşəbbüslərə imza atacağı şübhəsizdir. Qurumun hazırda reallaşdırdığı tədbirlər mövcud istiqamətdə etibarlı baza formalaşdırıb.
Maraqlı müzakirə şəraitində keçmiş görüşdə müxtəlif əməkdaşlıq formaları da nəzərdən keçirilib.