Moldovada seçkilər və ya RUSİYA ÜZƏRİNDƏ QƏLƏBƏ

08:42 02.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 28-də Moldovada keçirilən parlament seçkilərini bütün dünya həyəcanla izləyirdi. Avropayönümlülərin qələbəsi moldovalıların daha azad yaşayacağı gələcək vəd etməklə yanaşı, həm də Kreml tərəfindən qan gölünə çevrilmiş Ukraynanın cənub-qərb sərhədlərini təhlükəsiz edəcək, rusiyapərəstlərin qalib gəlməsi isə yalnız bu ölkəni Moskvanın boyundruğuna salmaqla yetməyəcək, həm də separatçı Dnestryanı Respublikasının və son zamanlar Moskvaya meyillərin yüksəldiyi Qaqauz Muxtariyyətinin eynilə Krım kimi, Rusiyaya bağlanması ilə nəticələnəcəkdi. Əlbəttə, xalqın iradəsi ilə bu, baş vermədi.

Məlum olduğu kimi, hakim Avropayönlü Hərəkat və Həmrəylik Partiyası (PAS) 50,20 faiz səs toplayıb və 101 yerlik parlamentdə 55 kürsünü nəzarətə götürüb. Sosialist (PSRM), Kommunist (PCRM) və “Moldovanın Gələcəyi” partiyalarını birləşdirən Rusiyayönlü Vətənpərvərlər Bloku 24,25 faiz səslə ikinci olub. İlk üçlüyü 7,98 faiz səslə tamamlayan “Alternativ” bloku özünü “avropapərəst” adlandıran, əslində, rusiyayönlü siyasətçilərin söz sahibi olduğu blokdur.

Renato Usatinin dəbdəbəli “Bizim Partiya”sı da 6,2 faiz səslə parlamentə girib və gözlənilmədən lazımi 5,6 faizi toplayan Vasile Kostyukun “Evdə Demokratiya” Partiyası öz kampaniyasını məmurları tənqid edən TikTok videoları üzərində qurub.

Moskva və Brüsselin Moldova uğrunda apardığı siyasi mübarizəni şərh edən siyasi analitik Viktor Çiobanu nəticələri belə qiymətləndirir: “Moldova geosiyasi qarşıdurmanın tanış paradiqmasına qayıdıb. Yalnız 2020 və 2021-ci illərdə Moldova seçkilərdə cəmiyyətin birləşməsinin hər şeydən üstün olduğu vaxt diqqəti öz daxili gündəminə yönəldə bilib. İndi yarışın bütün iştirakçılarının açıq populizmini bir kənara qoysaq, qarşımızda növbəti dəfə iki variant arasında seçim qalır: Avropaya doğru hərəkət etmək və ya Rusiya ilə “strateji münasibət” saxlamaq. Avropayönümlülər qələbə çalsa da, prinsipcə, səsvermə ölkəni böldü: Şimal və Cənub hələ uzun müddət özünün avropayönlü mərkəzdən fərqli şəkildə səs verməyə davam edəcək”.

“Moldova sağ qaldı...”

Seçkilər ərəfəsində əksəriyyət qorxurdu ki, Rusiya prosesə hər hansı müdaxilə yolu ilə bu kiçik ölkəni özünə bağlaya bilər. Qorxuya əsas vardı: əvvəla, Dnestryanı bölgə zatən SSRİ dağılandan bu yana Rusiyanın 14-cü ordusunun nəzarətindədir. Bundan əlavə, Moldovada bir çox siyasi partiya və təşkilat, ictimai təsirə malik tanınmış şəxslər və sair var ki, ümumilikdə, seçiciyə güclü təsir rıçaqlarına malikdirlər. Göründüyü kimi, PAS səslərin yarıdan çoxunu almaqla Moldovanı bu qorxudan xilas etdi.

Bu arada, parlamentdəki 101 kürsüdən 55-ni alan PAS ilkin nəticələr açıqlanar-açıqlanmaz belə bir bəyanat verdi: “Moldova sağ qaldı!”. Sosial mediada sürətlə yayılan bu bəyantda ölkənin səhiyyə naziri Ala Nemerenko yazırdı: “Bir dəstə partiya, hətta bütün bloklar sıfırdan çox səs toplaya bilmədilər. Gülməlidir, onları hətta öz üzvləri də dəstəkləmədilər. Hər kəsi ifşa edən seçkilərin olması nə qədər gözəlmiş. Zibil qutularının olması nə qədər yaxşıdır!”.

Keçmiş baş nazir İon Sturza isə xalqa üz tutaraq, “Yeni növ müharibədə rusları ilk məğlub edən sizsiniz”, – deyib.

Rusiyaya vurulan şillə

Rumıniyanın keçmiş prezidenti Trayan Besesku Moldovada keçirilən seçkilərin nəticələrini belə şərh edib: “Öldürməyən silah! 28 sentyabr 2025-ci il - Ştefan Çel Marenin nəslindən ibarət bir qrup Vladimir Putinə bəşəriyyətin istənilən silahdan daha güclü bir şey icad etdiyini göstərdiyi gün: səsvermə”.

Avropa Parlamentinin rumın deputatı Sieqfried Mureşan bildirib: “Seçkilərdə qələbə Moldovanın qarşıdakı dörd ildə Avropa İttifaqına gedən yolunu sürətləndirəcək. Biz həmçinin, ölkənin modernləşdirilməsi, Avropa standartlarına yaxınlaşması və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması üçün Artım Planından 1,9 milyard avronun alınmasını sürətləndirəcəyik”.

Timişoara meri Dominik Fritz isə deyib ki, sitat: Moldovadakı avropayönlü partiyanın böyük qələbəsi Putin və dostlarının üzünə vurulmuş şillədir. Moldovalı qonşularımızın kövrək demokratiyası bütün cəbhələrdə qəddar hücuma tab gətirdi. Bu, bizi də qoruyur. Avropa İttifaqının növbəti üzvü olmağa hazır olan ölkə Moldova adlanır. Onların bizə ehtiyacı olduğu qədər bizim də onlara ehtiyacımız var”.

Cığal müxaliflər

Müxalifət, təbii ki, nəticələrlə razılaşmır və iddia edir ki, seçkidə iqtidar tərəfindən qanunsuzluqlara, saxtakarlıqlara yer verilib. Guya belə olmasaydı, PAS ən çoxu 24,7 faiz səs alacaqdı, yəni indikindən iki dəfə az. Özü də bu saxtakarlığı Maya Sandunun partiyası təkbaşına deyil, Brüsselin açıq dəstəyi ilə edib. Elə isə sual yaranır: əgər səsvermənin nəticələrinin saxta olduğuna dair müxalifətin iddiası həqiqətdirsə, o zaman Rusiyanın açıq-aşkar himayə etdiyi müxalifətin düz danışdığına niyə inanmalıyıq? Rusiya bu ölkədə, zatən, Avropaya inteqrasiyanın dəstəkçisi olan Maya Sandunu prezident kürsüsündə görmək istəmir və ötənilki seçkidə onun iqtidar legitimliyini tanımamaq üçün hər oyuna əl atıb. Xatırlayırsınızsa, ölkənin güneyində yerləşən Qaqauz muxtariyyəti defakto Moldovadan ayrılırdı və hətta aşkar şəkildə Rusiyaya birləşmək çağırışları edilirdi. Bu əslində qaqauzların Moskvaya sevgisinin təcəssümü yox, rus kəşfiyyatının və Moldova daxilindəki Rusiyaya işləyən xainlərin gördüyü işin nəticəsi idi. Moskva Ukraynanı parçalamağa Krımdan başladığı kimi, Moldovanı da boyunduruğa keçirməyə Qaqauzdan başlamaq istəyirdi.

Qabaqlayıcı tədbirlər

Əlbəttə ki, moldovanın siyasi elitası qonşu Ukraynada yaşanan proseslərdən dərs götürmüş kimi görünür. Xaricdə məskunlaşmış seçicilər Moldova daxilində toplanmış səslərin nəticəsinin dəyişməsinə təsir edəcək saya malikdirlər. Xüsusilə də son illər ərzində Rusiyaya on minlərlə moldovalı köçüb ki, bu da dövlətin gələcəyi üçün böyük təhlükə yaradırdı. Niyə? Ona görə ki, həm Moldovada Destryanı bölgə ilə Qaqauzda formalaşan Moskvapərəst “sevgi reallığı”, həm də maliyyəsini və digər formalarda dəstəyini Kremldən alan çox sayda siyasi-ictimai tanınmışlar, QHT-lər və sairlə yanaşı, həm də Rusiyada səslərin nəticəsini dəyişmək üçün təlimləndirilmiş on minlərlə moldovalı seçki anını gözləyirdi. Amma yayılan məlumatlara əsasən Moldova hökuməti Rusiyada lazımi sayda seçki məntəqələri yaratmadığı üçün Kreml ssenarisini həyata keçirə bilməyib. Baxın, rəsmi məlumata əsasən, bu ölkədə yaşayan səsvermə hüququ olan moldovalıların sayı 300 mindən artıqdır. Amma Kişinyov hökuməti Rusiyadakı məntəqələrə cəmi 10 min bülleten təqdim edib ki, onun da yalnız 4,2 minindən istifadə olunub. Ona görə də nəticələr açıqlanandan sonra Moskva hay-küy salıb ki, bəs Moldova Rusiyada yaşayan çox sayda vətəndaşının seçki hüququnu pozub filan.

Bu arada, məlum seçki prosesində yalnız Rusiyada deyil, Dnestryanı bölgədə də seçki məntəqələrinin sayının azaldıldığı qeyd olunur. Guya 2024-cü il prezident seçkilərində 30 məntəqədə səs verən seçicilər indi 12 məntəqədə səs verməli olublar.

Qeyd edim ki, Dnestryanı bölgə sakinlərinin demək olar ki, yarısı, xüsusilə də səsvermə hüququ olan cavan əhalisi işləmək üçün hazırda Rusiyada məskunlaşıb. Buna baxmayaraq son parlament seçkisində 26 min yerli seçici səsvermədə iştirak edib. Bu qədər seçici üçün isə 12 məntəqənin olması normaldır...

Bomba həyəcanı

Dnestryanı bölgədəki 12 məntəqədən beşi təhlükəsizlik məqsədilə daha etibarlı yerə köçürülüb. Bundan əlavə, seçkilərdən az əvvəl hakimiyyət Dnestr çayı üzərindən keçən yeddi körpüdən altısını təmir etmək qərarına gəlib. Əlbəttə, bunların çoxu Rusiyanın seçkiyə müdaxilə üçün təxribatlar törədə biləcəyi ilə bağlı olub. Məsələn, səsvermənin bitməsinə bir neçə saat qalmış Senatovka, Qura Bikului və Rezina məntəqələrinə bomba yerləşdirilməsinə dair xəbərlər yayılıb və həmin məntəqələrdə səsvermə dərhal dayandırılıb, istehkamçılar axtarışa başlayıblar.

Əslində, Moskvanın Moldovada seçkilərə ciddi müdaxilə edəcəyinə dair məlumatlar vardı. Bu, xüsusilə Dnestryanı bölgədə qanlı hadisələrlə müşayiət də oluna bilərdi. Bu isə Moskvaya şərait yaradardı ki, Dnestryanı bölgəyə “rus əhalini qorumaq” üçün hərbi müdaxilə etsin. Amma əlbəttə, Maya Sandunun hökuməti bu planların gerçəkləşməsinə imkan vermədi...

Daha bir təhlükə Qaqauzda yaranıb. Buradakı seçki məntəqələrində kompüterlər gün ərzində bir neçə dəfə donub. Sistem problemlərinə görə, seçki məntəqəsinin işçiləri məlumatları emal edə, seçiciləri tanıya və ya bülletenlər verə bilməyiblər. Bəzi məntəqələrdə axşam saatlarında seçki bitənə qədər sistem tamamilə donub. Bu da seçkilərə edilən kənar müdaxilən nəticəsi idi, amma sonda qeyd olunan təxribatların qarşısı alınıb.

Təzadlar

Ümumiyyətlə, seçkilərə Rusiyanın təxribatçı müdaxiləsi o dərəcədə ciddi olub ki, səsvermədən sonra mətbuata açıqlama verən prezident Maya Sandu “Rusiyanın seçki prosesinə müdaxiləsi” səbəbindən nəticələrin ləğvinin mümkünlüyünü istisna etməyib. Sonda hər şey yaxşı qurtarıb və təbii ki, burada Qərbin dəstəyi də öz sözünü deyib. Məsələn, Moldovanın Rusiyayönümlü müxalifət hər vəchlə seçkinin nəticələrinə kölgə salmağa çalışdığı halda, Avropa Komissiyasının sədri Ursula von der Leyen PAS-ı təbrik edərək, “Hər addımda sizinlə olacağıq”, – deyib. Yaxud da, müxalifət “Saxtakarlıqlar araşdırılsın”, – deyir, Aİ-nin Moldovadakı nümayəndə heyətinin yeni rəhbəri İvona Piorko “Azad seçim edən Moldova xalqı ilə fəxr edirəm” bəyanatını verir. Müxalif şərhçilər daha dörd il hakimiyyətdə olacaq PAS-ın bu müddətdə bütün rəqiblərini “təmizləyəcəyini” proqnozlaşdırdığı halda, Maya Sandu “Moldova əqidəsindən asılı olmayaraq, bütün moldovalılar üçündür” çağırışı edir. Yəni seçkidən sonrakı Moldovada təzadlar baş alıb gedir. Sonda bütün fikirlər bir nöqtədə cəmlənir: indi xalqın dəstəyini alan PAS Dnestryanıda və Qaqauzda sözün əsl mənasında təmizləmə aparmalı, Moldovanın bayrağını dalğalandırmalı və Moldova qanunlarının aliliyini tam təmin etməlidir. Həm müxalifət, həm də iqtidar düşərgəsində hamı bu fikirdədir ki, keçmiş SSRİ-nin hələ də ən kasıb subyektlərindən biri olaraq qalmış Moldovada çox ciddi sosial-iqtisadi islahatlar aparıb insanların həyat şəraitini kökündən dəyişmək lazımdır. Yalnız bu halda siyasi əqidəsindən asılı olmayaraq bütün moldovalılar dövlətin Qərbə və ya Şərqə yönəlməsindən asılı olmayaraq, rifah içində rahat yaşaya bilsinlər.