Bakıda “Türk Dünyası Həftəsi”nin açılışı - YENİLƏNİB

11:38 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər veridiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilir.

Hafta.az xəbər verir ki, əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətini səsləndirib.

"Hörmətli iştirakçılar!

Sizi Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12 ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır.

Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır.

Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı.

Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı. Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular. Onların xatirəsini bu gün də ehtiramla yad edirik.

Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır.

Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır.

Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik.

İnanıram ki, Türk Dünyası Həftəsi müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcək, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacaq və yaddaşlarda silinməz iz qoyacaqdır".

10:46

Bu gün Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilir.

Hafta.az xəbər verir ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

"Birinci Türkoloji Qurultay" ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb.

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.

Rəsmi açılış mərasimində türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edir.

Siyasət rubrikasından digər xəbərlər