MŞ beynəlxalq media qurumlarına müraciət edəcək

16:23 04.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mətbuat Şurasında (MŞ) Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşmələri ilə bağlı tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev bildirib ki, Cenevre konvensiyasına və beynəlxalq protokollara görə minalanmış ərazilərin xəritələrini müharibə başa çatdıqdan sonra bir-birinə təqdim etməlidir.

O bildirib ki, Ermənistan hökuməti bütün beynəlxalq sənədlərə, özlərinin imzaladğı kapitulasiya aktına zidd olan xəritələri hələ də Azərbaycana təqdim etməyib: "Təqribən 13 kvadratkilometr ərazi minalarla çirklənmiş vəziyyətdədir. Minalanmış ərazilərin xəritələrinin olmaması bu cür hadisələrin tez-tez baş verməsinə səbəb olur. Bizim I Qarabağ müharibəsi dövründə də 2000 nəfərdən çox mina qurbanlarımız var idi. İndi bu rəqəm 3000-ə yaxınlaşır. Bu son hadisə də bu məsələnin beynəlxalq ictimaiyyətdə daha çox qabardılmasına ehtiyac olduğunun sübutudur”.

 

MŞ sədri Əflatun Amaşov isə qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının adından beynəlxalq media qurumlarına və beynəlxalq təşkilatlara müraciət hazırlanıb.

 

Oxunma sayı 496