Müdafiə naziri: "Müharibə istəmirik, ona görə də silahlanırıq"

13:20 19.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi bildirib ki, onlar “regionda müharibənin qarşısını almaq üçün” müdafiə qabiliyyətlərini artırırlar.

Hafta.az yazır ki, BBC-də yayımlanan müsahibədə Şinjiro ölkənin İkinci Dünya Müharibəsindən sonrakı pasifist mövqeyinin yenidən nəzərdən keçirilməsinin vacibliyini iddia edib.

Regionda yeni bir müharibə istəmədiklərini bildirən nazir, “ABŞ ilə ittifaqı gücləndirməyi və eyni düşüncəli ölkələrlə əməkdaşlığı genişləndirməyi” hədəflədiklərini bildirib.

İkinci Dünya Müharibəsindən sonra qurulan ABŞ-Yaponiya təhlükəsizlik ittifaqı Tokionun müdafiə siyasətinin təməl daşıdır. Təxminən 50 min Amerika əsgərinə ev sahibliyi edən Asiya nəhəngi ABŞ-ın ən çox qoşun yerləşdirdiyi xarici ölkədir.

Tokio administrasiyası tərəfindən xarici ölkələrə ölümcül silah və müdafiə avadanlıqlarının satışına qoyulan məhdudiyyətlərin yumşaldılması mübahisələrə səbəb olmağa davam edir.

Bununla bağlı ən güclü reaksiya Çindən gəlib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ötən həftə Yaponiyanın yenidən silahlanmasının yalnız müdafiə ilə bağlı olmadığını, həm də hücum qabiliyyətlərini artırmağı hədəflədiyini bildirib.

May ayında 45 yaşlı Koizumi Pekinin "neo-militarizm" tənqidlərini rədd edərək, müdafiə xərclərini artırmağa davam edən Çinin hərbi imkanlarını da inkişaf etdirdiyini vurğulayıb.

Yaponiya hökuməti apreldə Avstraliya ilə hərbi gəmilərin satışı ilə bağlı razılığa gəlib. Koizumi bildirib ki, İndoneziya və Yeni Zelandiya ilə də danışıqlar aparılır.

Sanae Takaiçi administrasiyası həmçinin Yaponiyanın beynəlxalq mübahisələri həll etmək üçün müharibəyə girməsini qadağan edən Yaponiya Konstitusiyasının 9-cu maddəsini dəyişdirmək istəyir. Koizumi iddia edir ki, bu maddə Şimali Koreya və Çinin təsiri səbəbindən Hind-Sakit Okean bölgəsində dəyişən güc balansı fonunda yenidən nəzərdən keçirilməlidir.

Digər tərəfdən, nazir Çin və digər ölkələrlə dialoqa həmişə açıq olduqlarını bildirib.

ABŞ Avropa və Asiya müttəfiqlərindən müdafiə xərclərini artırmalarını istəyib. Taqi administrasiyası müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizinə qədər artırmışdı. Bu büdcə yeni raket sistemlərinə, eləcə də quruda və sualtıda yerləşdirilə bilən dronlara investisiya qoyulması planlaşdırılır.