II Dünya müharibəsi zamanı - 1942-ci ildə Stalinqrad döyüşlərində tank istehsal edən zavodda işləyən bacılar - Rozalina və Culiya, zavod alman təyyarələri tərəfindən bombalanarkən təxliyyə ediliblər. Amma bu təxliyyə onları bir-birindən ayırıb.
Hafta.az yazır ki, SSRİ-nin fərqli bölgələrinə göndərilmiş bacılar 78 ildən sonra, rus polislərin də yardımı sayəsində bir-birinə qovuşa biliblər.
Məlumata görə, 1942-ci ildə bacılardan Culiyanın 13, Rozalinanın isə 15 yaşı varmış. Bacılardan biri Çelyabinsk vilayətinə, digəri isə Özbəkistana göndərilib. Onlar bu müddətdə bir-birilərini öldüyünü zənn ediblər.
Yerli mediaya danışan 91 yaşlı Culiya deyib: "Bombardman günü işə getməmişdim. Qəfil təyyarələr bizim yerləri bombaladılar. Mən zavoda bacımın yanına qaçdım. Amma gördüm ki, zavod xarabazara çevrilib, yerində dərin çoxurlar, ya da qalaxlanmış daş-torpaq var. Elə bildim bacım öldürülüb. amma sən demə onu təxliyyə ediblərmiş. Bacım Rozalina da məni axtarmağa başlayıb. O. Çelyabinskə göndərildiyi üçün tanıdığı hər kəsə məktub yazaraq məni soruşub. Amma heç nə əldə etməyib".
Rozalina 2014-cü ildə bacısı Culiyanı tapmaq üçün, müharibənin ayırdığı ailələri axtaran internet səhifəsi "Jdu menya"ya elan yerləşdirir. Amma aradan keçən 5 il ərzində kimsədən səs çıxmır. Amma bir gün Culiyanın nəvəsi elanı görür və onun nənəsinin müharibə illərində itkin düşən bacısı ola biləcəyini düşünür. O, elana cavab verir.
Bu arada, Culiyanın ailəsi tərəfindən verilmiş sorğu əsasında polis də Rozalinanı axtarırmış. Beləliklə, polis məlumatları araşdıraraq iki qadının müharibədə ayrı düşmüş bacılar olduğu qənaətinə gəlir.
Nəhayət, 91 və 93 yaşlı bacılar Rozalinanın Çelyabinskdəki evində görüşdürülür.