Bu gün Azərbaycan multikultural dəyərlərin qorunduğu unikal ölkələrdən biridir. Bunun əsas göstəricisi ölkəmizdə etnik, dini və irqi zəmində hansısa qarşıdurmanın, münaqişənin olmamasıdır. Azərbaycan multikulturalizm siyasətinin ilk dəfə meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Ölkəmiz dünyada multikulturalizm mərkəzi kimi tanınır və bu sahədəki mövqeyi yüksək qiymətləndirilir. Xarici ölkələrin mətbuatı da dəfələrlə Azərbaycanın multikulturalizm sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli qeyd edib ki, Azərbaycanda dini və milli tolerantlığın inkişafı istiqamətində görülən işlər nəticəsində Bakı sivilizasiyalararası dialoqun yarandığı, millətlərarası münasibətlərin formalaşdığı bir məkana çevirilib: “Ölkəmizdə multikulturalizm dəyərlərinin təbliği və həyata keçirilməsi dövlət səviyyəsində həyata keçirilməkdədir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan tolerantlıq ənənələri cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməkdədir. Cənab Prezident dəfələrlə öz çıxışlarında bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir”.
Y.Məmmədli həmçinin vurğulayıb ki, ölkəmizdə bütün dinlərə yüksək diqqət və qayğı var: “Azərbaycanda bütün dini konfessiya nümayəndələri rahat şəkildə öz dini rituallarını həyata keçirirlər. Azərbaycanda 6 sinaqoq var. Bakının mərkəzində erməni kilsəsi tarixi abidə kimi qorunub saxlanmaqdadır. Bu ənənə işğaldan azad olunmuş torpaqlarda da davam etdirilməkdədir. Belə ki, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində Yuxarı və Aşağı Gövhər Ağa məscidləri ilə bərabər, xristian kilsəsi də bərpa edilir. Azərbaycan siyasəti bundan ibarətdir ki, biz dini evlərə - kilsələrə, sinaqoqlara və s. fərq qoymuruq, onlar Allah evidir və biz onları qoruyub saxlayırıq. Yəni, bir çox dünya ölkələrində, əsasən də qərbdə tolerantlıq və miqrasiya ilə bağlı ciddi problemlərin olduğu bir vaxtda Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır. Dünyada dinlər, təriqətlərlə bağlı dövlətlər səviyyəsində böyük münaqişələr, müharibələr olur. Lakin Azərbaycanda heç bir zaman milli, dini zəmində adi münaqişəyə belə rast gəlinməyib. Tolerantlıq dədə-babalarımızdan bizə qalan mirasdır, adət-ənənədir. Bu, bir çox dünya ölkələri tərəfindən böyük maraqla qarşılanır. Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olmasını dünyanın bir çox din nümayəndələri öz çıxışlarında hər zaman etiraf ediblər. Bütün bunlar dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməkdədir və Prezident İlham Əliyev tərəfindən 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də Azərbaycanda olan bu vəziyyəti bütün dünyada təbliğ etməkdədir. Azərbaycanın multikulturalizm və tolerantlıq dəyəri hazırda dünyanın 24 ölkəsində nüfuzlu təhsil müəssisələrində tədris edilir. Bu sahədə dərsliklər yaradılıb. Dünya ölkələri hazırda “Azərbaycan multikulturalizm” fənni vasitəsilə Azərbaycandakı multikultural dəyərləri öynənir. Təbii ki, indiki şəraitdə buna çox böyük ehtiyac var. Amma bütövlükdə multikulturalizmin əsasını təşkil edən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatıdır. Biz bunları toplu halda Azərbaycan multikulturalizmi adı altında təbliğ edirik”.
Şöbə müdiri onu da deyib ki, əksər ölkələrdən fərqli olaraq Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri ölkəmizdə özlərini çox rahat hiss edirlər: “ Bu dövlətimizin ayrı-ayrı xalqlara və onların adət-ənənələrinə, mənsub olduğu dinə göstərdiyi münasibətin nəticəsidir. Bu münasibət dövlətimizin, güclənməsi və müxtəlif istiqamətlərdə inkişafına töhfələr verir. Bunun da çox uğurlu nəticələri var. Mən bir misalla kifayətlənəcəm. Bilirsiniz ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın bütün bölgələrindən dinindən, milliyətindən asılı olmayaraq hərkəs bir yumruq ətrafında birləşmişdi. canla başla döyüşdü. Yəni, Azərbaycanda tolerant münasibət bütöv bir xalqın bir yumruq kimi birləşməsinə gətirib çıxartdı. Biz bu müharibədə şəhidlər verdik, azərbaycanlılar öz torpaqları üçün canlarını fəda etdilər. Bu şəhidlərin spektri Azərbaycanın bütün rayonlarını əhatə etdi. Həm cənubdan, həm şimaldan, həm qərbdən şəhidlər verdik. Yəni, istər talışı, istər ləzgisi, istər avarı, istər yəhudisi, istərsə də rusu, onlar hamısı özlərini bu ölkənin vətəndaşı hesab edir. Bu çox normal haldır və belə də olmalıdır. Ona görə də könüllü şəkildə bu torpaq üçün canlarını fəda etdilər. Bu nümunəni başqa yerdə görmək olmaz. Məhz bu səbəbdən Azərbaycan multikulturalizmin örnəyidir. Bu başqa ölkələrə örnəkdir, nümunədir. Bizim ən böyük sərvətimiz Azərbaycanda yaşayan xalqların birliyidir, məhz bu birlik dövlətimizi sarsılmaz edir, onu mübarizələrdən qalib çıxarır. Ona görə bizim gələcəyimiz bu məsələdə çox ümidlidir ki, Azərbaycanda yaşayan hər kəs milli kimliyindən asılı olmayaraq özünü azərbaycanlı kimi hiss edir, Azərbaycan dövləti, xalqı üçün fəaliyyət göstərir, onun inkişafına öz tövhəsini verir və yeri gəldikdə də hətta öz canından da keçə bilir”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov isə bizimlə söhbətində qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir: “Tarixdən hamımıza məlumdur ki, 1918-ci ilin mayın 28-də Azərbaycan Cumhuriyyəti dünyəvi dövlət kimi elan olundu. Ən nəhayət noyabrın 9-da bu gün qürur duyduğumuz üçrəngli bayrağımız müstəqil Azərbaycan torpaqlarında dalğalanmağa başladı. Bayrağa diqqət etsək, həm müasirlik var, həm türkçülük var, həm də islam dəyərləri var. Hələ Cumhuriyyəti o zaman elan edən və 23 ay yaşayan bu dövlət tolerant bir dövlət kimi dünya işığına çıxdı və öz yerini tutdu. Təəssüflər olsun ki, sonradan Çar Rusiyası Sovet Rusiyası adı altında zühur etdi və vaxtilə Çar Rusiyası tərəfindən işğal olunan torpaqları çox mədəni şəkildə və ya güc işlətməklə yenidən özünə birləşdirdi və dövləti Sovet Sosialist Respublikaları İttifaqı elan etdi. 1991-ci ildə SSRİ dağıldı və SSRİ dağılana qədər də artıq Azərbaycanda həm dini, həm də milli tolerantlıq ənənələri yenidən cücərməyə başladı. Bu fikri niyə işlədirəm? 1920-ci ilin aprel işğalından sonra Cümhuriyyətin din və dövlət münasubətləri ilə bağlı hansı xeyirxah, səmimi, xalqın və dövlətin maraqlarına xidmət edən qanunları var idisə, bunlar hamısı sovet dövləti tərəfindən ləğv olundu. Sovet dövləti dinə müharibə elan etdi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi ləğv etdi, Azərbaycanda Allahsızlar Cəmiyyətini təşkil etdi, məscidlər bağlandı, məhv edildi və s. Təbii ki, 1934-cü ildə Bibiheybət məscidinin partladılması, məhv edilməsi Azərbaycan tarixinin ən ağrılı hadisələrindən biridir. Ancaq Azərbaycan xalqı bu mübarizədən qalib çıxdı. Və 91-ci ildən sonra isə din və dövlət münasibətləri o qədər səmimiləşib ki, bəzən kənardan baxanlar buna təəccüblənirlər. Dövlət din üçün, dini dəyərlər üçün nə mümkünsə, onları da edir. Əgər bu gün 2500-ə qədər məscid fəaliyyət göstərirsə, sovet dövründə onların sayı 17-i idi. Ən nəhayət Azərbaycan tarixində yox, ümumiyyətlə dünyəvi dövlət tarixinin ilk hadisədir ki, Azərbaycanda İlahiyyat İnstitutu yaradılıb. Onun bütün təminatı dövlətin üzərindədir. Azərbaycanın adət-ənənələri, dini dəyərləri ilə bağlı hansı bayramlar varsa, o bayramlar Ümumxalq bayramıdır. Və dövlət rəhbərləri də, o cümlədən ümummilli lider Heydər Əliyev bu məsələlərə xüsusi diqqət yetirirdi. Azərbaycana yenidən hakimiyyətə gəlişinə qədər hələ Prezident səlahiyyətlərini yerinə yetirərkən Təzə Pir məscidində olan çıxışı, sonrakı dövrdə Bibiheybət məscidinin bərpası, açılışı, yəni, onlarla deyil, yüzlərlə məscidin açılışında ümummilli liderin çıxışı, qayğısı və bu xoş ənənələri davam etdirən Azərbaycanın dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva. Bu insanlar dövlət və din münasibətlərinin inkişafı və tolerant cəmiyyətin yaranması üçün əllərindən gələni edirlər. Ona görə Azərbaycana kimlər gəlirsə, bu mühiti görəndə deyirlər ki, Azərbaycan dünya üçün nümunədir, dünya Azərbaycanın təcrübəsindən istifadə edə bilər və istifadə etməlidir”.
Millət vəkili vurğulayıb ki, ölkəmizdə millətlərarası münasibətlər də yüksək səviyyədədir: “Bir misal çəkim. 2020-ci ilin 44 günlük müharibəni udan, qalib gələn, faşist erməniləri darmadağın edən Azərbaycan xalqı və içində olan millətlər qalib gələrkən bir-birindən soruşurdularmı ki, sən hansı millətdənsən?. Sən tatsan, talışsan, ləzgisən, avarsan, türksən? Əlbəttə ki, yox. Çünki tarix boyu bu xalqlar bir yerdə formalaşıblar, uğurları da, qələbələri də, sevincləri də bir olub. Ümumi düşmənə qarşı mübarizədə də bir olublar. Bu mübarizədə şəhidləri də bir olub, yaralıları da bir olub, qaziləri də bir olub. Bu mənada Azərbaycan xalqı nümunədir”.