“44 günlük savaş Azərbaycan ordusunun tam üstünlüyünü ortaya qoydu. Əsgər və zabitlərimiz mümkünsüz Şuşanı azad etməklə Cənubi Qafqazda müasir silahlanma və şəxsi heyət baxımından ən güclü ordu olduğunu sübut etdi”.
Bunu mövcud vəziyyəti hafta.az-a şərh edən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. Partiya sədri müəyyən təkliflərlə çıxış edib.
Bildirib ki, 27 il məcburi köçkünlük həyatı yaşayan 700 minə yaxın soydaşımız ata-baba yurduna qayıtmaq imkanı əldə etdi:
“Bu fakt ölkəmizin iqtisadi, siyasi, demoqrafik həyatına olduqca müsbət təsir göstərəcək. Münbit torpaqların azad olunması daxili bazarın tələbatını ödəməyə yardım edəcək, yeni tikilən şəhər və kəndlərimiz işsizlik probleminin aradan qalxmasına yardım edəcək, ayrı-ayrı rayonların, özəlliklə Bakının zamanla yükü azalacaq, yeni turizm imkanları açılacaq, ölkənin su ehtiyatlarından səmərəli istifadə olunacaq”.
İ.Ağazadə o cümlədən bildirib ki, 27 illik məğlub xalq və ordu sindromu dağıldı, artıq qalib və döyüşə bilən ordu, əsgər obrazı yarandı. Bu da xalqın gələcək inkişafında güvən faktorunu artıracaq, millətin tərbiyə və ideologiyasında mühüm elementə çevriləcək. Onun sözlərinə görə, ölkənin dövlət sərhədlərinin qorunması tam şəkildə həyata keçiriləcək, heç bir ölkə ilə sərhədimiz nəzarətsiz qalmayacaq, suverenliyimiz təmin olunacaq.
Partiya sədri bildirib ki, 44 günlük savaş milli birlik istiqamətində mühüm addımlar atılmasına səbəb oldu, xalq bütövləşdi, millətləşmə prosesi sürətləndi, özünəinam hissi gücləndi. Vətən və milli maraqlar hamını şəxsi və siyasi maraqlarından geri durmağa məcbur etdi:
“Gələcək aylarda milli birlik və siyasi islahatlar üçün zəmin yarandı, iqtidar-müxalifət arasında vacib körpü quruldu, müharibəyə qədərki sərt ritorika aradan qalxdı, gələcək münasibətlərin təməlini qoymaq üçün yeni fürsətlər yarandı.
Əraziyə Rusiya sülhməramlılarının yerləşməsilə bağlı və açıq qalan suallar barədə mövqeyimi yazmışdım. Buna yenidən toxunmaq istəmirəm, lakin qarşımızda duran vəzifələrə toxunmaq istərdim, çünki indi əvvəlkindən daha çox işləməliyik. Məskunlaşma sürətlə həyata keçirilməli, ilk növbədə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarından köçkün düşmüş şəxslər geri qaytarılmalıdır”.
İ.Ağazadə təklif edib ki, Murovdan Laçın koridoruna kimi yeni yol çəkilməli, təkcə Ağdərədən keçən yolun ümidinə qalmamalıyıq; Şuşa şəhərinə xüsusi status verilməli, iqtisadi, turizm imkanları genişləndirilməli, ayrı-ayrı turizm mərkəzlərilə əlaqələr qurulmalıdır; işğaldan azad olunmuş bölgələrin rayon mərkəzləri təmas xəttinə yaxın yerdə salınmalı, sürətli inkişafın elementləri yerli ermənilərə nümayiş etdirilməlidir; işğaldan azad olunmuş bölgələrdə fəaliyyət göstərmək istəyən şirkətlərə vergi güzəştləri tətbiq edilməli, həvəsləndirici layihələr hazırlanmalıdır; gələcək konflikdən və məğlubiyyətdən qaçmaq üçün həmin ərazilərdə hərbi müdafiə xüsusi proqram əsasında qurulmalıdır.
Partiya sədri bildirib ki, təkliflər çoxdur, zaman çatdıqca bunlar yazılacaq, paket halına salınıb səlahiyyətli qurumlara təqdim ediləcək.
“Bu mərhələni əyər-əskiklərinə və çatışmazlıqlarına baxmayaraq 7 rayonun işğaldan azad olunmasıyla başa vurduq, psixoloji, hərbi üstünlüyümüz arzuladığımızdan da çox oldu. Bu qələbələrimizi qorumalı, gələcəyə baxmalı, səhvlərimuz üzərindən pessimuzmə qapılmamalı, əksinə, uğurlarımızdan həvəslənib ölkəmizin gələcəyi üçün daha ciddi çalışmalıyıq. Hər şey öz əlimizdədir, gələcəyimizi özümüz yazacağıq.
Şəhid olanlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Xalqımız, Ali Baş Komandan, əsgər və zabitlərimiz bu günlər ərzində qələbə üçün hər şey etdilər. Növbəti qələbələr üçün milli birliyimizi qoruyaraq, yorulmadan işləməliyik. Geriyə yox, irəliyə baxaq. Hər şey bizim işimizdən asılı olacaq.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”- deyib İ.Ağazadə.