Ədliyyə Nazirliyi məhkəmə qərarı ilə müsadirə olunan əmlakların hərraca çıxarılması qaydasına aydınlıq gətirib. Bununla bağlı sözügedən qurumun İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “İcra haqqında” Qanunun 53, 61 və 62-ci maddələrinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır:
“Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”.
Qurumdan bildirilib ki, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Hərrac təşkilatları hərracın keçiriləcəyi tarixlə bağlı əvvəlcədən kütləvi informasiya vasitələrində məlumat dərc etdirirlər və icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir: “Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Sifarişə aşağıdakılar əlavə edilir: icra sənədinin surəti; əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər; ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti. Uzunmüddətli icarə hüququ hərraca çıxarıldıqda, bu Qanunun 61.3.1 - 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılar da əlavə edilir: icarə müqaviləsinin surəti; icarə müqaviləsinin qeydiyyatını təsdiq edən sənədin surəti; tələbin uzunmüddətli icarə hüququna yönəldilməsinə icarəyə verənin razılığını təsdiq edən sənədin surəti və ya icarəçi icarə hüququnu hərrac nəticəsində əldə etdikdə, uzunmüddətli icarə hüququnun icarəçiyə keçməsini təsdiq edən sənədin surəti. Tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda, bu Qanunun 61.3.1 - 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılarda əlavə edilir: torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikintiyə icazənin surəti. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satılması zamanı icra məmurunun sifarişinə əlavə edilən sənədlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir”.
Bu il üzərində həbs qoyulmuş neçə əmlakın satışının həyata keçirildiyinə gəlincə, bununla bağlı statistika aparılmadığı qeyd olunub. Nazirlikdən həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olan hər bir şəxs belə hərraclarda iştirak edə bilər.