NATO Baş katibi niyə öncə məhz Azərbaycana gəldi?- Sabiq baş diplomat açıqlayır

12:34 19.03.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“NATO Baş katibinin Azərbaycan Prezidenti ilə görüşün sonundakı birgə bəyanatdan bəlli olduğu kimi, “Ermənistanla münaqişə” ifadəsi işlənilməyib, sadəcə, gələcək sülh barədə fikirlər səslənib. Bu da o deməkdir ki, münaqişə mövzusu artıq addımbaaddım beynəlxalq gündəmdən çıxmaqdadır və çıxır. Və nəticədə gedən proseslər Azərbaycanın maraqlarına uyğundur. O ki qaldı Azərbaycanın NATO ilə münasibətlərinə, onun tarixi çox böyükdür. Və rəsmi Bakı həmin münasibətlərin inkişafına daim praktik baxımdan lazımi töhfələr verib, daim buna maraq göstərib”.

Bunu hafta.az-a açıqlamasında NATO Baş katibinin Azərbaycana səfərinin gündəmindən bəhs edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.

“Sizcə, NATO Baş katibi niyə öncə Avropaya daha yaxın hesab edilən Gürcüstana,  yaxud Ermənistana yox,  məhz Azərbaycana səfər etməyi qərara alıb?” sualını isə sabiq baş diplomat belə cavablandırıb:

“Mənə elə gəlir ki, bu daha çox protokol məsələsidir. İkincisi, bunun məntiqi ondan ibarətdir ki, bölgənin ən böyük ölkəsi Azərbaycandır. Və hərbi potensial baxımından da Azərbaycan dünya reytinqində Gürcüstan və Ermənistanı xeyli geridə qoyur. Üçüncüsü isə, bilirik ki, NATO-nun ən böyük hərbi güclərindən biri olan Türkiyə hərbi qüvvələrinin Azərbaycan Silahlı Qüvvələri ilə sıx əlaqələri mövcuddur. Hətta ümumi devizimiz də var: “İki dövlət – bir ordu”...”

Eyni zamanda NATO rəhbərliyi də fərqindədir ki, Azərbaycan neytral bir ölkə olmasına baxmayaraq, NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə hərbi müttəfiqliyi, həmçinin çox dərin və hüquqi baxımdan əsaslı bir münasibət və əlaqələri mövcuddur.  Eyni zamanda Azərbaycan NATO sttandartlarına uyğun olan bir hərbi infrastruktur yaradır”.