NATO-nun Avropadakı ən böyük hərbi bazası Rumıniyada tikilir

09:00 19.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

NATO-nun Avropadakı ən böyük hərbi bazası olacaq mərkəzin Rumıniyanın Konstansa şəhəri yaxınlığında tikintisi davam edir.

Hafta.az-ın yazdığına görə, bu çərçivədə bölgədəki "Rumıniya Hərbi Hava Qüvvələri Mihail Kogălniceanu 57-ci Hava Bazası" genişləndirilərək NATO bazasına çevriləcək.

Hərbi baza Rusiyanın işğalı altında olan Krım yarımadasından təxminən 330 kilometr aralıda yerləşir.

Təxminən 3 min hektar əraziyə malik bazada 10 min NATO əsgəri və onların ailə üzvləri daimi olaraq yerləşdiriləcək.

2,5 milyard avro dəyərində olan layihəyə uçuş-enmə zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, məktəblər, uşaq bağçaları, mağazalar və xəstəxananın tikintisi daxildir.

Hazırda rayonda yol, elektrik enerjisi kimi infrastruktur işləri aparılır. Qısa müddətdə baza daxilində yeni uçuş-enmə zolağı tikiləcək. Layihə başa çatdıqdan sonra bazanın Almaniyadakı Ramşteyn aviabazasını keçəcəyi gözlənilir.

Bu baza həm də NATO-nun Rusiyaya ən yaxın hərbi bazalarından biri olacaq.