Nə etməli? - SORĞU

13:29 10.06.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirən "AZƏRTAC" Xəbər Agentliyinin müxbiri Məhərrəm Əli oğlu İbrahimovun və AzTV telekanalının operatoru Sirac Abışovunun mina partlayışı nəticəsində şəhid olması ölkə ictimaiyyətini sarsıtmaqla yanaşı, düşmənə qarşı mühüm tədbirlərin görülməsini tələb edir. Hadisə bir daha dünyanın insan haqlarından danışan təsisatlarının Azərbaycana olan münasibətini ortaya qoydu. Beynəlxalq insan hüquqlarınının müdafiəsi ilə məşğul olan qurumlar Ermənistanı ittiham etmək əvəzinə, təəssüflərini bildirməklə kifayətləndilər. Belə olduğu təqdirdə, ictimaiyyət hansı addımların atılmasını təklif edir? Hafta.az bu sualla ictimai-siyasi kəsiminin bir sıra nümayəndələrinə müraciət edib.

Politoloq Fikrət Sadıqov:

Həmsədr dövlətlərlə daha sərt danışmalıyıq

- Çox təəssüflər olsun ki, bir sıra beynəlxalq təşkilatların sədrləri, nümayəndələri,  aparıcı dövlətlərin dövlət xadimləri minaya düşən Azərbaycan jurnalistləri ilə bağlı başsağlığı verməklə kifayətləndi. Minanı kim basdırıb, günahkar kimdir? Bu barədə heç nə demədilər. Gördüyümüz kimi, ermənilərin başını sığallayır, vəziyyəti malalayırlar. Belə olan şəkildə, təbii ki, məsələ yenə mürəkkəbləşir. Minsk qrupunun həmsədrləri – Rusiya, Fransa, Amerika ilə daha sərt şəkildə danışılmalı, daha sərt  addımlar atmalıyıq.  Bizim diplomatik addımlarımız daha hücumedici olmalıdır. Bu gün Ermənistandan çox sərsəm bəyanatlar səslənir. Təlxək bəyanatlar verən Paşinyan öz oğlunu bizdə əsirlikdə olan ermənilərə dəyişmək istəyir. Bizə nə onun oğlu, nə də digər ailə üzvləri lazımdır. Diversiya ilə mübarizə aparırıq və terrorizmə qarşı bundan sonra da sərt mübarizəmizi aparmalıyıq”.

Hərbi ekspert Şair Ramaldanov:

10 Noyabr Bəyannaməsində minalanmış ərazilərin xəritələrinin verilməsi  bəndi yoxdur

- 10 Noyabr Bəyannaməsində minalanmış ərazilərin xəritələrinin verilməsi  bəndi yoxdur.   Ümumən xəritələrin verilməsi beynəlxalq konvensiyanın tələblərinə uyğun qəbul olunmuş bir qərardır. Münaqişə zonasında olan və yaxud  müharibədən sonra hər iki tərəf  yerləşdirilən mina sahələrini təmizləyib təhvil verməlidir.  Təbii ki, mina sahələri varsa, xəritələr də olmalıdır. Hazırda söhbət həmin xəritələrdən gedir ki, Azərbaycana təqdim olunsun. Ona görə də düşünürəm, ermənilər bu addımı ilə bir daha beynəlxalq tələblərə hörmətsizlik nümayiş etdirirlər.  Biz ermənilərin Azərbaycana qarşı düşmənçilik, revanşist niyyətindən çəkinmədiyini görürük. Eyni zamanda, Azərbaycanın qələbəsindən və  məğlubiyyətdən özünə gələ bilməyən  Ermənistan hazırda hakimiyyətsizlik mərhələsinə gəlib çatıb. Orada başda Paşinyan olmaqla, hamının başı seçki marafonuna qarışıb.  Hakimiyyətdə olanlar hakimiyyətdə qalmaq, müxalif qüvvələr isə hakimiyyəti ələ almaq üçün hər şeyə əl atırlar. Ermənistanda sosial, iqtisadi vəziyyət çox acınacaqlıdır, dövlət qurumlarının idarəçilik qabiliyyəti aşağı səviyyədədir. Belə bir vəziyyətdə müxalif, xaricdən idarə olunan qruplar siyasi dvidendlər qazanmaq üçün öz hədəflərini məhz Azərbaycana yönəldiblər. Onlar cəmiyyəti qorxu altında saxlamaq istəyir, revanşist ideyalarla çıxış edirlər. Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə təhlükə kimi təqdim edirlər. Bu, savadsız cəmiyyəti, daxili auditoriyanı saxlamağa yönələn  yalançı fikirlərdir. Təbii ki, sərhəddə müəyyən gərginliyin olmasını müşahidə edirik.  Bütün bunları təbii hal kimi qəbul etmək olar. Hazırda post-müharibə dövrü və Ermənistanın hakimiyyətsizlik zamanıdır. Əlbəttə, seçkiqabağı bir mühitdə bu amillərin olması istisna olunmurdu, prinsipcə buna hazır idik deyə, bütün təxribatların qarşısını ala bilirik. O ki qaldı Laçın dəhlizinə, əlbəttə ki, nəzarətsiz deyil. Orada monitorinq qrupu iştirak edir. Nəzarət məhz Rusiya sülhməramlı qüvvələrinin missiyasına daxildir. Həmin dəhliz ona görə saxlanılıb ki, orada yaşayan ermənilərin Ermənistanda yaşayan ermənilərlə əlaqəsi kəsilməsin.  Bu da razılaşdırılmış bir addımdır. Hələ ki, Ermənistanda olan bu vəziyyət müəyyən şəkildə Azərbaycandausiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə yaşayan ermənilərə təsir edir. Sülhməramlılar hələ ki, qarşıya qoyulan vəzifələri yerinə yetirir,  şamil olunmuş ərazilərdə təhlükəsizliyi qoruya bilirlər. Onların missiyası 5 il müddətinə nəzərdə tutulub.  8 ay keçib və bu müddət ərzində, demək olar ki, prosesləri məqbul saymaq olar. Əlbəttə ki, bu, Azərbaycan dövlət qurumlarının, güc strukturlarının vəziyyəti nəzarətdə saxlamasının, Rusiya sülhməramlı qüvvələri, monitorinq qrupu ilə düzgün işin qurulması ilə bağlıdır. Proses gözlənilən şəkildə inkişaf edir. Mənə belə gəlir ki, xəritələr verilənə qədər Azərbaycan öz gücünə mina sahələrini təmizləməyə nail olacaq. Ermənilər müəyyən bir şəkildə döyüşlər getməyən ərazilərdə – Kəlbəcər və Laçında xaotik minalar yerləşdirib. Bunun nəticəsində jurnalist həmkarlarımız, digər mülki vətəndaşları itirdik. Erməni hərbçisi 17 maşın minanın ərazilərdə yerləşdirildiyini etiraf edir. Bütün məsələlər gec-tez həllini tapacaq. Sərhədboyu  bütün ərazilər  Azərbaycan güc strukturlarının, sərhəd xidmətinin bölmələri, qoşunları, Müdafiə Nazirliyinin hərbi birləşmlərinin qoşunlarının nəzarəti altndadır. Düşünürəm ki, 10 Noyabr Bəyannaməsinin  yerinə yetirilməsi ilə bağlı konkret işləri seçkidən sonra görəcəyik.  Ona görə də hər bir hala hazır olmalıyıq. Ermənistanın elə bir gücü yoxdur ki, Azərbaycana qarşı güc tətbiq etsin. Azərbaycanın öz sərhədlərini qoruya biləcək gücü də, iradəsi də var.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

Rusiya sülhməramlıları vəziyyəti stabilləşdirmək əvəzinə daha da gərginləşdirirlər.

- Sülhməramlılar, ümumiyyətlə, öz missiyalarını yerinə yetirə bilmirlər. Onlar erməni terrorçularının mühafizəsi, erməni qoşunlarının Azərbaycanda yerləşdirilməsi ilə məşğul olurlar.  Sülhməramlılar ərazilərimizə gələndən sonra, 10 Noyabr Bəyannaməsində nəzərdə tutulan hansı tələbləri yerinə yetirib? Təkcə 7 ay müddətində minaya düşmə nəticəsində nə qədər mülki  və hərbi şəxslərimiz həlak olub?!  Tez-tez erməni diversantlarının təxribatları ilə üz-üzə qalırıq. Kəlbəcərdə baş verən son terror və 2-si jurnaılist olmaqla 3 mülki şəxsin həlak olmasını kimin ayağına yazmalıyıq?  Demək, Rusiya sülhməramlıları vəziyyəti stabilləşdirmək əvəzinə daha da gərginləşdirirlər.  Nə qədər ki, rus ordusu Qarabağdadır, orada təhlükə qalacaq və torpaqlarımıza tam sahib ola bilməyəcəyik. Görünür, yaxın günlərdə çox ciddi proseslərə start verməli olacağıq. Nə qədər ki, birlikdə hərəkət eləmirik, vəziyyət yaxşı olmayacaq, xalqla Ali Baş Komandan birgə olmalıdır. Azərbaycan hərb sistemi Türkiyənin hərbi standartlarına uyğunlaşdırılmalı və Türkiyənin burada bazaları yaradılmalıdır.  Siyasi partiyalar istənilən anda – istər insan resursları, istər başqa aspektlərdə  Ali Baş Komandanın yanında olub, torpaqlarımızı axıra qədər işğaldan azad etməyə hazır olmalıdır. Makronlar kimdir ki, gəlib mənim ölkəmin problemini həll etsin? Makron gedib öz ölkəsinə rəhbərlik etsin. Bu gün özümüzə güvənməliyik. Bu dövlətlərin bizə ağıl verməsinə ehtiyacımız yoxdur. Onların bir məqsədi var: qayıtsınlar, Dağlıq Qarabağ məsələsini gündəmə gətirib, status məsələsini çözsünlər. Heç bir xarici ölkə Qarabağa sahiblik edə bilməz.

Milli QHT Forumunun rəhbəri Rauf Zeyni:

Biz hansı ərazidə diqqətsiz olsaq, düşmən ora mina basdıra bilər

- Azərbaycan bütün istiqamətlərdə tədbirlərini gücləndirməlidir. Şərəfsiz düşmənlə üz-üzəyik. Biz hansı ərazidə diqqətsiz olsaq, düşmən ora mina basdıra bilər. Dövlət, ANAMA  səviyyəsində ərazilərin minalardan təmizlənməsi ilə bağlı işlər görülür. Bunlar azdır, vətəndaşlarımızı maarifləndirməliyik. İnsanlarımız gedib Vətəni, kəndi görmək istəyərkən minaya düşürlər. Son hadisə isə tamamilə başqa mətləblərdən xəbər verir. Bütün beynəlxalq təşkilatlara etirazlarımızı, bəyanatlarımızı verməli, dünyanın diqqətini bura cəlb eləməli, minalanmış zonaların xəritələrinin alınıb Azərbaycana verilməsini təmin etməliyik. Bu istiqamətdə işlər görülməlidir ki, hər hansı bir faciəli hadisə ilə üz-üzə qalmayaq.

Bu gün sülhməramlıların öz missiyasını düzgün yerinə yetirməməsi ilə bağlı ictimaiyyət öz sərt mövqeyini ortaya qoyur. Sülhməramlılar öz mandatlarından kənara çıxmamalı, erməni silahlılarına şərait yaratmamalıdırlar. Bu 10 Noyabr sazişinə ziddir. Tələb edirik ki, rus sülhməramlıları öz mandatından düzgün istifadə etsinlər.Biz Dəmir Yumruğu zəiflətməməliyik. Terrorçunun xisləti belədir ki, harada zəif tərəf görür, zərbəni ordan vurur.  Sülhməramlı öz missiyasını düzgün yerinə yetirmirsə, Laçın dəhlizi qapanmalı və sərhəd gömrük postu ilə əvəzlənməlidir. Azərbaycan sərhədçiləri də orada dayanmalıdır.  Tərəflər şərtlərə əməl etməlidirlər. Rusiya ilə Türkiyə sülhməramlılarının birgə müşahidə mərkəzindən təhlükəsizliyin düzgün yerinə yetirilməsi tələb olunmalıdır. Əgər bu müşahidə aparılırsa, o zaman kimlərsə sərhədi keçib necə diversiya törədər?  Ona görə də bu məsələlər ciddi şəkildə qaldırılmalı, araşdırılmalıdır.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev:

Ermənilər Laçın koridorundan öz istədikləri kimi istifadə edir...

- Jurnalistlərin minaya düşməsi aydın göstərdi ki, ermənilər öz məkrli siyasətlərindən və addımlarından geri çəkilməyiblər. Baxmayaraq ki, ağır məğlubiyyətə düçar olublar, amma nə 10 Noyabr, nə də 11 Yanvar öhdəliklərini yerinə yetirir, əksinə, separatçı addımlarını davam etdirirlər. Ermənilər Laçın koridorundan öz istədikləri kimi istifadə edir, istənilən Azərbaycan düşmənini həmin dəhliz vasitəsilə Xankəndi və digər ərazilərimizə gətirirlər. Onlara bu şəraiti rus “sülhməramlıları”Ⅶ yaradıblar.

Dərhal Laçın dəhlizinə öz sərhədçilərimizi, əsgərlərimizi yerləşdirməli, ermənilərin və digərlərinin qanunsuz gəliş-gedişinin qarşısını almalı, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan öhdəliklərini yerinə yetirməyənə qədər Laçın dəhlizini bağlamalıyıq. Sərhədimizi pozan düşmənə qarşı ən sərt tədbir görməli, Zəngəzur, Qazax, Naxçıvan və s. kimi ərazilərimizdən qoparılmış öz dədə-baba torpaqlarımızı addım-addım geri qaytarmalıyıq.

Mən təkliflərimi verirəm, hakimiyyət də bu təklifləri reallaşdırmaq üçün ilk növbədə, Ermənistanın qarantı Rusiyaya xəbərdarlıq etməli, daha sonra Laçın dəhlizini bağlamalı, Ermənistanla aramızda təhlükəsizlik zolağı yaratmaq üçün qoşunlarımıza “İrəli!” əmri verməlidir.  

 

Oxunma sayı 760