Neftdən asılılığın azaldılması və borc sabitliyi prioritetdir - Nazir

12:43 19.11.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"2026-cı il üçün dövlət, icmal büdcələrin layihələri ölkəmizin sosial-iqtisadi prioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqla tərtib olunub".

Hafta.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qeyri-neft gəlirlərinin dinamik olaraq artması dövlət büdcəsinin neft amilindən asılılığını azaltmaqla yanaşı, strateji valyuta ehtiyatlarına qənaət imkanı yaradır:

"Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi, habelə dövlət borcunun dayanıqlı səviyyədə qorunması üçün hökumət tərəfindən metrik strateji hədəflər və müvafiq yol xəritəsi müəyyənləşdirilib. Təqdim olunan 2026-cı il dövlət büdcəsi büdcə layihəsində eyni zamanda büdcədənkənar dövlət fondlarının və regionların dövlət büdcəsindən asılılığının minimallaşdırılması prinsipi rəhbər tutulub ki, bu da fiskal dayanıqlığın digər mühüm parametrləri kimi çıxış edir".