Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bəzən bu mübahisələr üzrə məhkəmə çəkişmələri aylarla, hətta illərlə davam edə bilir.
Yeri gəlmişkən, bu yaxınlarda Ali Məhkəmədə ər və arvadın ümumi əmlakının bölünməsi ilə bağlı Plenum qərarı qəbul edilib. Qərarda maraqlı məqamlardan biri nikahı pozulan cütlüyün evlilik müddətində lotereya və mərc oyunlarında qazandıqları gəlirlə bağldır. Məsələn, əgər ər birgə yaşayış vaxtı hər hansı lotareya, mərc və ya intellektual oyunda gəlir əldə edibsə, artıq həmin gəlir də ailənin ümumi əmlakı hesab ediləcək. Qayda ondan ibarətdir ki, sözügedən oyunlarda iştirak üçün verilən vəsait ər-arvadın ümumi əmlakından xərclənir. Bununla da gələcəkdə boşanma işlərində tərəflər bu məsələni də müzakirəyə çıxara bilərlər.
Bundan əlavə, digər məsələ ər-arvadın birgə nikah dövründə ipoteka krediti ilə alınan əmlakı ilə bağlıdır. Qərara əsasən, sözügedən əmlak ümumi hesab edildiyi kimi bankdan götürülən kredit də ər-arvadın birgə öhdəliyi sayılır. Yəni nikah pozulsa belə, krediti hər iki tərəf ödəməlidir.
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən vəkil Əkrəm Həsənov bildirib ki, yeni qərar boşanma zamanı əmlak bölgüsü ilə bağlı yaranan mübahisələrə son qoya bilər: “Əksər boşanma proseslərində demək olar ki, əmlak bölgüsü üzrə mübahisələrə rast gəlinir. Mövcud qanunvericiliyə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın və ya ərin mülkiyyəti sayılır. Əgər nikah müqaviləsində və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Biz məhkəmə prosesində demək olar ki, çox vaxt birgə nikah dövründə əldə edilmiş əmlakların bölüşdürülməsi mübahisəsi ilə rastlaşırdıq. Tutaq ki, ailə birgə nikah dövründə 20 illik ipoteka ilə 100 min manat dəyərində mənzil alıb və həmin mənzilin cəmi 5 ilinin ödənişi edilib. Həm ər, həm də arvad məhkəmə prosesində həmin əmlakdan pay istəyir. Bu halda məhkəmənin hansı qərar qəbul edəcəyi suallar yaradırdı. Məhkəmə bəzən qadının, bəzən kişinin xeyrinə qərar çıxarırdı ki, bu da mübahisəni daha da dərinləşdirirdi. Bu baxımdan Ali Məhkəmənin Plenum qərarı olduqca böyük əhəmiyyət kəsb edir. Yəni, artıq ər-arvadın birgə nikah dövründə ipoteka krediti ilə alınan ümumi əmlak sayılır. Qərara əsasən, sözügedən əmlak ümumi hesab edildiyi kimi bankdan götürülən kredit də ər-arvadın birgə öhdəliyi sayılır. Yəni nikah pozulsa belə, krediti hər iki tərəf ödəməlidir”.
Vəkil bununla yanaşı tövsiyə edib ki, gələcəkdə mübahisə doğuracaq hallarla qarşılaşmamaq üçün ailə quran və ya ailə qurmağa hazırlaşan şəxslər nikah müqaviləsi bağlamalıdır: “Düzdür, bizim cəmiyyətdə bu məsələyə birmənalı yanaşılmır. Amma bu müqaviləni həm birgə nikah dövründə, həm də nikaha daxil olan zaman bağlamaq olar. Həmin sənəd ər və arvad arasında olan əmlakın idarə olunması, əmlaka dair sərəncam verilməsi, istifadə və yaxud sahiblik edilməsinə dair və gələcəkdə əldə edilən əmlakla bağlı olan bir müqavilə tipidir. Sənəd müqavilə azadlığından irəli gələrək hər hansı formada mütləq deyil. Tərəflərin iradəsinə uyğun olaraq cütlüklər arasında nikaha daxil olanda və nikah dövründə imzalana bilər. Bu müqavilə qanunda olan boşluqlardan istifadə hallarının da qarşısını alır".
Rəna