Noyabrın 25-də "Səudiyyə Oyunları 2023"ə start veriləcək

09:10 22.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Səudiyyə Oyunları 2023" noyabrın 25-də paytaxt Ər-Riyadda start veriləcək və dekabrın 10-dək davam edəcək.

Hafta.az-ın yazdığına görə, yarışlara 12 idman növü üzrə yeni gənclər kateqoriyası əlavə edilib.

Voleybol, basketbol və ağır atletika da daxil olmaqla 53 müxtəlif yarışda 6 mindən çox idmançı mübarizə aparacaq.

Kral Salman bin Əbdüləzizin himayəsi altında keçiriləcək tədbirə həmçinin altı paralimpiya yarışı da daxildir.

Səudiyyə Ərəbistanının idman naziri, Olimpiya və Paralimpiya Komitəsinin sədri, eləcə də Səudiyyə Ərəbistanı Oyunlarının Ali Təşkilat Komitəsinin sədri şahzadə Əbdüləziz bin Turki əl-Feysəl oyunlara verdiyi dəstəyə görə kral Salmana təşəkkür edib. Bu himayənin Səudiyyə Ərəbistanı rəhbərliyinin idman sektoruna dəstəyini və idmançılara olan böyük marağını əks etdirdiyini bildirən nazir deyib: “Kral Salmanın və vəliəhd şahzadə Məhəmməd bin Salmanın səxavətli dəstəyi və marağı idman sektorunun inkişafına böyük töhfə verib. Səudiyyə Oyunlarının ardıcıl ikinci ildir keçirilməsi “Hədəf 2030”un xalqı dəstəkləmək və Səudiyyə Ərəbistanının adını beynəlxalq forumlarda zirvələrə qaldıracaq nəsil yaratmaq üçün çalışmaq məqsədlərinə nə dərəcədə nail olunduğunu əks etdirir”.

Ölkə tarixində ən böyük milli idman tədbiri sayılan Səudiyyə Oyunlarında iştirak edən idmançılar ümumi məbləği 200 milyon rialdan çox olan mükafatlar uğrunda mübarizə aparacaqlar.

Qızıl medal sahiblərinə 1 milyon rial, gümüş medal sahiblərinə 300 min rial, bürünc medal sahiblərinə isə 100 min rial mükafat veriləcək.

Yarışlara qatılacaq gənclər də unudulmayıb: gənc qızıl medal qazananlar 100 min rial, gümüş medal qazananlar 50 min rial, bürünc medal qazananlar isə 25 min rial mükafatla mükafatlandırılacaq.

Oxunma sayı 302