Ölkəmizdə əhalinin neçə faizi kirayədə yaşayır?

14:14 04.04.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Statistik məlumatlara görə, hazırda dünya əhalisinin, təxminən, 35-40 faizinin şəxsi mənzili yoxdur. Onlar kirayə mənzillərdə yaşayırlar. Dünyada ən çox Almaniya əhalisi yaşamaq üçün kirayə evlərə üstünlük verir. “World of Statistics”in araşdırmasına görə, Almaniya əhalisinin 50,9 faizi kirayə evlərdə yaşayır. Bu siyahıda Avstriya 45,8 faizlə ikinci, Danimarka 40,8 faizlə üçüncü, Fransa 35,3 faizlə dördüncü, İsveç 35,1 faizlə beşinci, Aİ 30,1 faizlə altıncı, İrlandiya 30,0 faizlə yeddinci, Niderland 29,9 faizlə səkkizinci, Finlandiya 29,7 faizlə doqquzuncu, Lüksemburq 28,9 faizlə onuncu yerdə qərarlaşıb.

Məlumatlara görə, Almaniyanın bu siyahıda birinci yerdə qərarlaşmasına baxmayaraq, Ukrayna–Rusiya müharibəsindən sonra bu ölkəyə gələn ukraynalıların tələbi əlavə 200 min evə ehtiyac yaradıb. Oxşar mənzil böhranı Fransada da yaşanır. Kirayə xərcləri fransız ev təsərrüfatlarının aylıq xərclərinin böyük hissəsini təşkil edir. Paytaxt Paris kimi mərkəzi bölgələrdə mənzil qiymətlərinin artması mənzil axtaranları şəhər mərkəzlərindən uzaqlaşdırır və həmçinin kirayə ev tapmaq prosesini çətinləşdirib. Abbe Pierre Fondunun hesabatına görə, hazırda Fransada 4,15 milyon insan mənzil problemi ilə üzləşib və onlar çətin şəraitdə yaşayırlar.

Maraqlıdır, görəsən, Azərbaycanda əhalinin neçə faizi kirayədə yaşayır?

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin tədqiqatlarına əsasən, Azərbaycan əhalisinin, təxminən, 95 faizi öz mənzillərində yaşayır. Dövlətə məxsus mənzillərdə əhalinin 4,2 faizi məskunlaşıb. Əhalinin təxminən 0,6 faizi isə kirayə mənzillərdə qalır. Əhalinin kənd yerlərində olan mənzillərinin sahəsi şəhərlərlə müqayisədə daha böyükdür. Şəhərlərdə bir nəfərə düşən mənzil sahəsi 16,5 kvadratmetr olduğu halda, kəndlərdə 21,6 kvadratmetrdir. Araşdırmalar göstərir ki, otaq sayına görə əhali daha çox üçotaqlı mənzillərdə yaşayır. Əhalinin, təxminən, 40 faizi üçotaqlı, 26 faizi dördotaqlı, 18,3 faizi ikiotaqlı mənzillərdə məskunlaşıb. Beş və daha çox otağı olan mənzillərdə əhalinin 13,3 faizi, birotaqlı mənzillərdə 2,4 faizi yaşayır.

Yeri gəlmişkən, əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək təkcə Bakıda, təqribən, əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Baş planda əhalinin mənzil tələbatının ödənilməsi üçün təqribən 9 000 ha sahə nəzərdə tutulub. Bu ərazi isə təxminən 200,0 min mənzil deməkdir. Bu, 2027-ci ilədək yaranacaq 49,97 min, 2040-cı ilədək yaranacaq 92,85 min mənzil tələbatını ödəmək üçün kifayət edəcək.

Tədqiqatlar nəticəsində üzə çıxıb ki, əhalinin 66,5 faizi fərdi yaşayış evində məskunlaşıb. Çoxmərtəbəli mənzillərdə əhalinin 30 faizi, yataqxanada 1 faizi yaşayır. Qalanları isə digər yaşayış yerlərində məskunlaşa biliblər. Şəhər və kənd yerlərinin müqayisəsi göstərir ki, fərdi yaşayış evlərində məskunlaşma kənd yerlərində daha yüksəkdir. Kəndlərdə əhalinin 93 faizi fərdi evlərdə yaşayır. Şəhər yerlərində isə əhalinin 52 faizi çoxmərtəbəli binalarda olan mənzillərdə məskunlaşıblar.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktörü, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyir ki, hazırda ümumi yaşayış fondumuzun, təxminən, 17-18 faizini kirayə mənzil fondun təşkil edir: “Mövcud rəqəmə toxunsaq, ölkədə çox böyük həcmdə mənzillər kirayə verilir. Xüsusilə də böyük şəhərlərdə kirayə mənzil fondu daha böyükdür. Kirayə fondunun, təxminən, 95 faizi qanunsuzdur, buna “kölgə iqtisadiyyatı” deyirlər. Kirayə evlərə mənbədən tutulan vergi təyin olunur ki, bu da 14 faizdir. Bir çox vətəndaş onu ödəməkdən yayınır. Yayınma səbəbi də 100 manat kirayə haqqına 14 manat verginin tətbiq olunmasıdır. Əgər bütün ölkədə kirayə verilən mənzillərin sayını götürüb, bunların qiymətinin 14 faizini hesablasaq, çox böyük itki görəcəyik. Bilirsiniz ki, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvüyəm. Bu məsələylə bağlı bizim Dövlət Vergi Xidməti ilə görüşümüz olub, təklif eləmişdim ki, bu sahəyə tətbiq olunan vergi azaldılsın və nəzarət mexanizmi gücləndirilsin. Şəxslər mənzilləri müqavilə əsasında kirayə götürsünlər, çünki əks halda hüquqları çox tapdalanır - ev sahibləri çox vaxt əsassız şəkildə onları evdən çıxarır, qiyməti qaldırırlar, bunun qarşısı alınmalıdır. Digər tərəfdən, əmlak sahibləri də müxtəlif problemlərlə üzləşirlər. Kirayədə yaşayan şəxslər pulu vaxtında ödəmir, evin təmirini korlayırlar, oğurluq hadisələri olur və s. Neqativ hallar çox olduğuna görə onların aradan qaldırılması ilə bağlı nəzarət mexanizmi gücləndirilməli və müqavilələr tətbiq olunmalıdır. Bu, dövlətə də xeyirdir”.

Məsələyə münasibət bildirən daşınmaz əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Azərbaycanda əhalinin neçə faizinin kirayədə yaşadığını konkret söyləmək çətindir. Onun sözlərinə görə, kirayə mənzil bazarı əsasən iri şəhərləri əhatə edir: “Bunun da müxtəlif səbəbləri var. Məsələn, götürək paytaxt Bakını. Bakıda kirayə yaşayan kimlərdir?  Təbii ki, daha çox iş və təhsil üçün paytaxta üz tutan insanlar kirayə mənzillərdə məskunlaşırlar. Hər il nə qədər tələbənin kirayə mənzildə yaşaması barədə dəqiq rəqəm yoxdur. Qanunla kirayə verilən mənzillər üçün notarial qaydada müqavilə bağlanmalıdır. Bu zaman mənzil sahibi həmin evdən aldığı kirayə haqqına görə 14 faiz vergi ödəməlidir. Vergi çox olduğundan və bu istiqamətdə maarifləndirmə aparılmadığına görə insanlar rəsmi müqavilədən yayınırlar. Müqavilə olanda bilinir ki, tutalım, bu il 10 min kirayə mənzil verilib. Bu dönəmdə 10 min kirayə müqaviləsinin 2 mini dondurulursa, nə qədər evdə tələbənin qaldığını təxmini bilmək olur.”

Ekspertin sözlərinə görə, ümumi kirayəyə verilən mənzillərin təxminən 30-40 faizi 200-400 manat arası ucuz mənzillərdir: “Bu mənzillərdə yaşayanların 50 faizi həmişə tələbələr olub. Bir zamanlar Bakının bir sıra yerində ali təhsil müəssisələrinin yataqxanaları vardı. Lakin Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlərin bir hissəsi həmin yataqxanalara sığındılar. Onların böyük əksəriyyəti dövlət tərəfindən evlə təmin olundu. Həmçinin işğal altında olan torpaqlarımız azad olundu ki, orada da tikinti-bərpa işləri aparılır və məcburi köçkünlər mərhələli şəkildə öz yurd-yuvalarına köçürülür”.

Ekspertin sözlərinə görə, həmin yataqxanalar artıq yaşayış üçün yararlı deyil və oraya tələbələrin yerləşdirilməsi mümkün deyil: “Lakin onların hər birinin böyük həyətyanı sahələri var. Düşünürəm ki, həmin torpaq sahələrində yeni, müasir tipli və hündür mərtəbəli tələbə yataqxanaları inşa olunarsa, tələbələrin böyük hissəsinin ev problemi həll olmuş olar. Məsələn, tələbələr 15 mərtəbəli yataqxanalara köçürülərsə, onların bir qismi bahalı kirayə mənzil problemindən yaxa qurtarar”.