Ölkəmizdə tullantılarla bağlı idarəetmə təkmilləşdirilir

12:31 26.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün bütün dünyada ekoloji siyasətin əsas istiqamətləri və aparılan tədbirlər ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadəyə yönəlib. Qeyd edək ki, bu yöndə tədbirlər Azərbaycanda da daim diqqət mərkəzindədir. Məsələn, Abşeron regionunda ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2006-cı il 28 sentyabr tarixində “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilib. Bu sənədin Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında böyük əhəmiyyəti var.

Sənəddə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapıb. Abşeron yarımadasında məişət tullantılarının toplanması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması da bu işlər sırasındadır. Dövlət başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli Sərəncamına əsasən təsis olunan “Təmiz Şəhər” ASC Bakı ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinin səmərəli şəkildə və müasir standartlara uyğun qurulması, tullantıları təkrar emala cəlb etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. ASC-nin mühüm vəzifələrindən biri qeyd edilən tədbirləri uğurla reallaşdırmaq, həm də bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafa töhfə verməkdir.

İstehsal üçün ucuz xammal formalaşır

Onu da vurğulayaq ki, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası çərçivəsində Bakı bərk məişət tullantılarının yandırılması zavodu yaradılıb. Zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək mümkündür.

Dövlət başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı Sərəncamla Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu 2009-cu ildə “Təmiz Şəhər” ASC-yə təhvil verilib. İqtisadiyyat Nazirliyi ilə Dünya Bankı arasında “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi icra olunaraq ekoloji problemin müşahidə edildiyi 120 hektar ərazidə ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azaldılıb. 1963-cü ildən fəaliyyət göstərən Balaxanı poliqonu beynəlxalq ekoloji standartlara və texniki normalara cavab verən yeni sanitar poliqona çevrilib. Poliqonda tullantı daşıyan maşınlar davamlı olaraq yuyulur və dezinfeksiya edilir. Məntəqədə maşınlar yuyulmaqla yanaşı, bakteriya və virusları neytrallaşdırmaq üçün nəzərdə tutulan maddələrdən istifadə edilərək təmizlənir. Yuyulma zamanı sərf olunan su isə müxtəlif dezinfektantlar vasitəsilə bir neçə mərhələdə təmizlənərək yenidən istifadəyə yönləndirilir.

Məlumat üçün həmçinin qeyd edək ki, məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsalı, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə 2012-ci ildə “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu istifadəyə verilib. Alman texnologiyası əsasında qurulan zavod il ərzində 200 min ton tullantı qəbul etmək gücündədir. 2012-ci ildə Prezident İlham Əliyevin açılışında iştirak etdiyi müəssisə “yaşıl iqtisadiyyat”ın inkişafında və Balaxanı Sənaye Parkının rezidentlərinin xammalla təmin edilməsində mühüm rol oynayır. Ekosahibkarlığın inkişafına dəstək verən zavodda çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, eləcə də Balaxanı Sənaye Parkında istehsal üçün ucuz xammal formalaşır. Ölkədə təkrar istehsal sahəsinin inkişafında mühüm rol oynayan zavodun yaradılması təbii resurslara, enerjiyə qənaət edilməsinə, “yaşıl biznes”in genişlənməsinə, ən önəmlisi isə ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət edir.

Azad olunmuş ərazilərdə tullantılar müasir üsullarla idarə ediləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov sözlərinə görə, hazırda ekoloji siyasətin əsas istiqamətləri və aparılan tədbirlər ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadəyə yönəlib: “Bu yöndə tədbirlər daim diqqət mərkəzindədir. Əsas məqsədimiz ölkə ərazisində yüksəkkeyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı yaratmaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bir çox tədbirlər həyata keçirilir. Hazırda plastik tullantıların azaldılması və təkrar emalı üçün fəaliyyət planı həyata keçirilir. Bu plana əsasən 37 şəhər və rayonda 250-dən çox tullantı konteynerləri quraşdırılıb. Burada əsas məqsəd plastik tullantıların çeşidlənməsi və təkrar emala verilməsidir. Müxtəlif layihələr çərçivəsində bu proses davam edir. Bakı şəhəri Nərimanov rayonunda əvvəlcə pilot layihə kimi başlayan iki fərqli konteynerlər yerləşdirilib. Bu konteynerlər təkrar emalı mümkün olan tullantılar üçün nəzərdə tutulur. Tullantılar çeşidləmə zavoduna gedir, orada daha dəqiq kateqoriyalara bölünür. Azərbaycanda çeşidləmə praktikası yeni olsa da təkrar emalda maraqlı olan şirkətlər kifayət qədərdir”.

Faiq Mütəllimov, həmçinin bildirib ki, Qarabağ ərazisində tullantıların idarə olunması sisteminin quraşdırılması üçün ilkin addımların atılmasına star verilib: “İşğaldan azad olunmuş ərazilərdə tullantıların müasir üsullrla idarə edilməsi sisteminin qurulması işinə başlanılıb. Hazırda həmin ərazilərdə tullantıların idarə edilməsi müvəqqəti sistemlə aparılır. Yaxın müddətdə artıq həmin ərazilərdə tullantıların necə idarə edilməsi ilə bağlı ilkin konsepsiya sənədi olacaq”.

Şöbə müdiri eyni zamanda deyib ki, Azərbaycanda tullantıların çeşidlənməsi o qədər də yüksək səviyyədə deyil: “Xüsusən də bu, Bakı şəhərində həyata keçirilir. Bir neçə pilot layihələr var. Amma ümumilikdə işə evdən başlamalıyıq. Biz bilməliyik ki, hansı tullantılar təkrar istehsala yararlıdır. Regionlarda da bu sahədə layihələr geniş şəkildə aparılmalıdır”.

Təkrar emal üçün toplanılan xammal ehtiyatının həcmi artıb

Yeri gəlmişkən, artıq 3 ildən çoxdur ki, Bakı şəhərində Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir. Əvəlcə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq keçən il mərhələli şəkildə daha 3 paytaxt rayonu – Nizami, Nəsimi və Yasamal rayonları da bu layihəyə qoşulub. Layihənin tətbiqi və gedişatının monitorinqi məqsədi ilə mütəmadi olaraq ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi apaşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir.

Onu da deyək ki, Bakının Nizami, Nəsimi, Yasamal və Nərimanov rayonlarında pilot layihə çərçivəsində tullantılar üçün yaşıl və narıncı rəngli konteynerlər (zibil qabları) quraşdırılandan sonra tullantıların təkrar emalı üçün toplanıl­an xammal ehtiyatının həcmi artıb. “Təmiz Şəhər” ASC-nin məlumatına görə, tullantıların düzgün idarə olunmasının ən vacib mərhələsi çeşidləmədir. Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı biznesinin inkişaf etdirilməsi müasir dövrün əsas tələblərindəndir. İllik 200 min ton tullantı qəbul etmək gücündə olan Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, metal və digər xammallar ümumi kütlədən ayrılaraq təkrar emal müəssisələrinə göndərilir. Bunlar tullantıların ümumi həcmini azaltmaqla yanaşı, Balaxanı Sənaye Parkı üçün ucuz xammal bazası formalaşdırır və ölkədə təkrar emal işinin qurulması üçün əlverişli şərait yaradır və bununla da təbii ehtiyatlara, enerjiyə qənaət olunur.

Oxunma sayı 564