Onkoloji xəstəliklər İcbari tibbi sığortaya daxil edilsin - Aktual

11:26 24.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunması təklif olunur. Belə bir təşəbbüslə parlamentin səhiyyə komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov çıxış edib. Onun sözlərinə görə, bir sıra ciddi xəstəliklərin müalicəsinin icbari tibbi sığorta üzrə xidmətlər zərfindən yer almaması narahatlıq doğurur: “İcbari tibbi sığorta üzrə xidmətlər zərfi kifayət qədər genişdir, xidmətlərin sayı təxminən 3000-ə çatıb. Hələ də bir sıra ciddi xəstəliklərin müalicəsi həmin xidmətlər zərfində yer almayıb. Zərfdə yer alması lazım olan xəstəliklərdən biri də məhz onkoloji xəstələrin müalicə məsələsidir. Parlamentdə müzakirələr zamanı da onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunmasına təqribən elə 200 milyon manat vəsaitin lazım olduğunu vurğulayıblar. Fürsətdən istifadə edərək Maliyyə Nazirliyindən xahiş edirəm ki, onkoloji xəstəliyin hökmən icbari tibbi sığorta ilə əhatə olunmasına öz köməkliyinizi göstərəsiniz. Çünki bilirik ki, həmin xəstəlikdən əziyyət çəkənlər nə qədər pul xərcləyirlər”.

Bəs görəsən onkoloji xidmətlərin icbari tibbi sığorta zərfinə salınması nə vaxtdan reallaşa bilər?

Məsələni qəzetimizə şərh edən həkim-radioloq Aydın Əliyev hesab edir ki, əslində bütün xəstəliklər birmənalı şəkildə icbari tibbi sığorta paketinə daxil edilməlidir: “Estetik, bədən şəkilləndirmə əməliyyatları isə sığorta paketinə qismən daxil edilməlidir. Tutaq ki, bir adamın burnu əyridir, cəmiyyət arasına çıxarkən kompleks yaranır, utanır. Əgər belə hallar varsa, onlar da sığorta paketində nəzərdə tutulmalıdır. Amma digər xəstəliklərin müayinə və müalicəsi tam şəkildə icbari tibbi sığortaya daxil edilməlidir. Bizdə çox böyük hoqqalar çıxarırlar. Tutaq ki, xəstə tibb müəssisəsinə müraciət edir, amma ona deyirlər ki, sənin xəstəliyin tibbi sığortaya daxil deyil. Necə yəni, daxil deyil? Gürcüstanın nefti yox, qazı yox, tibbin səviyyəsi təəssüflər olsun ki, bizdən qat-qat üstündür. Bu qədər sərvətlə biz niyə bütün xəstəlikləri tibbi sığortaya daxil etməyək? Mən onkoloji xəstələr tanımışam ki, onlar məhz imkansızlıqdan dünyasını dəyişiblər. Axı, bu dünyada insan sağlamlığından önəmli nə var? Bütün dünyada ən prioritet məsələ insan sağlamlığıdır. Yəni, biz burada konkret hansısa xəstəliyi müzakirə etməməliyik, məsələni ümumi müzakirə etməliyik, istisna yeri qoymamalıyıq. Hansısa sənəddə istisna yeri olanda bizim məmurlar sui-istifadə hallarına yol verirlər”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə isə hələki məsələ ilə bağlı təkliflər var. Həmin təkliflər ətrafında araşdırmalar aparılır.

Yeri gəlmişkən

Hazırda Azərbaycanda 58 024 onkoloji xəstə qeydiyyatdadır.ÜST-nın məlumatına görə 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirli ölkələrə aid edilir) baş verəcəkdir.

Ötən il bu kateqoriyadan olan xəstələrə nə qədər vəsait xəcləndiyinə gəlincə, Azərbaycan Respublikasında onkoloji xəstəliklər üzrə tədbirlərinin maliyyə təminatı tədbirləri çərçivəsində 48,3 milyon manat vəsait xərclənib.

Oxunma sayı 975