Ordumuzun düşməni qorxuya salan SİLAHLARI

17:53 11.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

8 noyabr Hərbi paradı Azərbaycan Ordusunun potensialının nə dərəcədə güclü olmasını, maddi-texniki təminatının ən müasir səviyyədə təminatını bütün dünyaya bir daha nümayiş etdirdi. Tək bir faktı xatırladaq ki, Hərbi paradda təxminən dörd minə yaxın şəxsi heyət iştirak edib ki, onların da tamamı xüsusi təyinatlılar olub. Bu göstərici Azərbaycan Silahlı Qüvvələrində xüsusi təyinatlı birləşmələrin sadəcə bir qismidir. Halbuki 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan Ordusundakı xüsusi təyinatlıların cəmi sayı iki min idi.

Bu fakt tarixi Zəfərimizdən keçən beş il ərzində Azərbaycanda ordu quruculuğu, NATO standartlarına uyğun peşəkar Silahlı Qüvvələrin yaradılması istiqamətində atılan addımların uğurlu nəticələrindən xəbər verir. Qeyd edək ki, ölkəmizdə ordu quruculuğu prosesinin  NATO standartları çərçivəsində həyata keçirildiyi faktını Prezident İlham Əliyev paraddan öncə Şimali Atlantika Alyansına üzv ölkələrin nümayəndə heyətlərini qəbul edərkən bir daha təsdiqləmişdi. Bu mənada Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının önəmi xüsusi vurğulanmışdı. 

Hərbi parad tək şəxsi heyətin peşəkarlıq səviyyəsinin nümayişi ilə yadda qalmadı. Həm də Azərbaycanın əldə etdiyi müasir hərbi texnikaların miqyası və mənbə dövlətlərin əhatəliliyi ilə də diqqət çəkdi. Ordumuzun balansında olan ənənəvi texnika ilə yanaşı, dünya Azərbaycanın müasir hərb qaydalarına cavab verən və ən son texnologiyalara əsaslanan sursatlar əldə etdiyinin də şahidi oldu. Xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, müasir yeni hərbi texnikaların bir qismi həm də yerli müdafiə sənayemizin məhsuludur. Azərbaycan bu gün dünya silah bazarında tək alıcı yox, həm də ixracatçılar klubunun üzvüdür.

Yeni silahlardan bir qismini təqdim edərək Azərbaycanın hərbi potensialını bütün istiqamətlərdə ən yüksək səviyyəyə çatdırmağı hədəflədiyini təsdiqləyə bilərik.

İlk silah Çin istehsalı olan və uzaqmənzilli HQ-9 BE raket kompleksidir. Bu silahın ixrac olunan varinatı təyyarələri, kruiz raketləri və qısa mənzilli ballistik raketləri təxminən 200 km məsafədən vurmaq üçün nəzərdə tutulub. Onun vurduğu maksimum hündürlük isə 27 kilometrə yaxın olduğu bildirilir. Bu silah ilk dəfədir bir keçmiş Sovet respublikasına satılır və Azərbaycan dünyada onu silahlanmasına qatan 4-cü ölkə olub. Beynəlxalq hərbi nəşlər bu silahın may ayında Hindistan-Pakistan münaqişəsi zamanı istifadə olunduğunu yazır.

Bundan əvvəl isə, 2024-cü ildə Azərbaycan Çin-Pakistan birgə istehsalı olan JF-17 Blok 3 qırıcılarını alıb. Bu qırıcılar da 8 noyabr paradında Bakı səmasında nümayiş olunub.

Azərbaycanın daha bir yeni silahı İsrail istehsalı "Sea Breaker" raketləridir. Həm dənizdə, həm də quruda istifadə oluna bilən raketlərin 5-ci nəsil olduğu deyilir. Onların hədəfi 300 km-ə qədər məsafədən vurduğu və tək raketin kiçik döyüş gəmisini məhv edə bildiyi bildirilir.

Göstərilən yeni silahların biri də Serbiya istehsalı 155 mm-lik B-52 Nora özüyeriyən artileriya qurğusudur. Özüyeriyən topun mərmilərinin 40 kilometrdən çox məsafəyə atəş aça bildiyi bildirilir. Silahın əsas üstünlüyünün onun mobilliyi olduğu deyilir.

Beləliklə, Azərbaycanın silah idxalı coğrafiyasının genişliyi bu sahədə Bakıya sərbəst manevr imkanları da tanıyır. Halbuki, 2020-ci ilə qədər çox az sayda ölkə Azərbaycanla hərbi-texniki və müdafiə sahəsində əməkdaşlığa maraq göstərirdi. İndi isə tamamilə başqa mənzərənin şahidiyik. Türkiyədən İsrailə, İtaliyadan Çinə, Pakistandan Serbiyaya qədər çoxsaylı ölkələr qalib dövlətin Ordusunun bazasında öz silahlarını görmək üçün rəqabət aparırlar. Seçimdə son söz sahibi isə öz hərbi gücü ilə işğal faktına, separatizmə son qoyan 21-ci əsrin tək qalib dövləti Azərbaycandır.

Ləman Əliyeva