Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 2021-ci ildə ölkəyə gələn xarici turistlərin sayında 2020-ci illə müqayisədə 32 faiz artım olub.
Hafta.az-ın yazdığına görə, Covid-19 pandemiyasının ağır məhrumiyyətlərinə baxmayaraq, əcnəbi turistlərin BƏƏ-yə marağı azalmayıb, əksinə artıb. Hesablamalara əsasən, 2021-ci ildə Əmirliklərə dünyanın fərqli ölkələrindən 7 milyon 28 min turist səfər edib. Turistlərin böyük qismi isə məhz Dubayı seçib.
Dubay İqtisadiyyat və Turizm Deportamenti tərəfindən yayımlanan son məlumatlara görə, bütün turistlərin 3,4 milyon nəfəri və ya 74 faizi ötən ilin sadəcə son rübündə ölkəyə gəlib.
BƏƏ-də turizm sektorunun 2022-ci və sonrakı illər üçün də müsbət nəticələr əldə edəcəyi gözlənilir. Məhz xarici turist sayına dair məlumatlar, BƏƏ-də turizm və səyahət sektorunun yenidən toparlandığını və ölkə iqtisadiyyatının inkişaf etdiyini isbatlayıb.
Dubay İqtisadiyyat və Turizm Deportamentinin direktoru Hilal əl-Meri bildirib ki, sitat: Dubay bütün dünyanın çətin və məcburi şərtlərinə rəğmən insanların ziyarət üçün seçdiyi dayanacaq olaraq öz varlığını ortaya qoyub. Uğurlarımızı reallaşdırmaq üçün ölkəmizə sərmayə qoyaraq çətinlikləri fürsətə çevirdik. Ötən il Əmirliklərə gələn turist sayı çox ilhamvericiidr. Nəticələr, Dubayı ən çox ziyarət edilən, dünyanın yaşamaq və iş qurmaq məqsədilə ən çox seçilən şəhəri etmək üçün çıxdığımız bu yolçuluğa yardım göstərəcək.
Yayımlanan məlumatlara əsasən Dubay 5,3 faiz artımla Hindistandan 910 mindən çox turist qəbul edib. Səudiyyə Ərəbistanından 22,8 faiz artımla 491 min, Rusiyadan 50,3 faiz artımla 440 min və İngiltərədən 7,1 faiz artımla 420 min turist qəbul edib.
Dubaya gələnlərin 26 faizi Yaxın Şərq, Şimali Afrika və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin payına düşür. Qərbi Avropa ölkələrindən gələn turistlər isə ümumi turist sayının 22 faizinə bərabərdir. Siyahıda Avropada ən çox turist göndərən İngiltərədən sonrakı yerləri Fransa, Almaniya, İtaliya və Niderland tutur. BƏƏ-yə gələn ümumi turist sayında Cənubi Asiyanın payı 18, Rusiya və Şərqi Avropa ölkələrinin payı isə 15 faizdir.
Ölkədəki otellər pandemiyadan öncəki doluluq faizlərini aşıblar. 2019-cu ilin son rübündədəki 80,7 faiz olan doluluq göstəricisi 2021-ci ilin eyni dövrün ilə müqayisədə 81,4 faizə qalxıb. Əgər 2020-ci ildə Dubaydakı otellərin doluluq göstəricisi 54 faiz idisə, 2121-ci ildə bu rəqəm 67 faizə yüksəlib.
Məlumat üçün bildirək ki, 2121-ci il oktyabrın 1-də başlayan "Expo 2020 Dubai" ölkənin və ümumiyyətlə, bölgənin turizm sektorunun inkişafına ciddi təsir göstərib.