ABŞ-ın dəstəyi ilə özünü Venesuelanın lideri elan edən Xuan Quaydonun Kolumbiyaya daxil olduqdan saatlar sonra deportasiya edildiyi bildirilib.
Hafta.az-ın “El Tiempo”ya istinadən yazdığına görə, Quaydo Kolumbiya prezidenti Qustavo Petronun təşkil etdiyi və Venesueladakı siyasi böhranın müzakirə olunduğu toplantıda iştirak etmək üçün ölkəyə gedib. Amma Quaydo paytaxt Boqotaya getdikdən qısa müddət sonra ölkədən qovulub.
Kolumbiya Xarici İşlər Nazirliyi açıqlamasında Quaydonun görüşə dəvət olunmadığını və ölkəyə "uyğunsuz" daxil olduğunu bildirib. Bəyanatda Quaydonun ölkəyə daxil olmaq üçün lazımi sənədləri olmadığını, ona görə deportasiya edildiyini və təyyarə ilə ABŞ-a göndərildiyi bildirilib.
“El Tiempo” həmçinin yazıb ki, Quaydonun Kolumbiyada hər hansı ictimai bəyanatla çıxış etməsi qadağandır. O isə ölkəsindəki siyasi böhranla bağlı olan görüşdə nümayəndələrlə görüşmək istədiyini, lakin ona mane olduğunu bildirib. 39 yaşlı siyasətçi Twitter hesabından verdiyi açıqlamada Venesuela-Kolumbiya sərhədini “hamı kimi” piyada keçdiyini deyib. "Boqotaya çatmaq üçün 60 saat maşın sürdükdən, diktaturanın təqiblərindən qaçdıqdan və Maduro rejiminə meydan oxuduqdan sonra məni Kolumbiyadan çıxarırlar", - deyib Quaydo.
Təyyarədən çəkdiyi videonu paylaşdığı paylaşımında siyasətçi deportasiyasında Venesuela hökumətinin əli olduğunu və ailəsinin hədələndiyini iddia edib.
Kolumbiyanın solçu lideri Petronun təşkil etdiyi və beynəlxalq nümayəndələrin də qatıldığı konfransa Venesuela prezidenti Nikolas Maduro dəvət olunmayıb.
Maduronun səslərin əksəriyyətini qazanaraq dövlət başçısı olduğu 2018-ci il seçkiləri azad və ədalətli olmadığı səbəbilə mübahisələr yaradıb. 2019-cu il yanvarın 10-da Maduronun andiçmə mərasimini boykot edən Quaydo yanvarın 23-də özünü prezident elan edib. Digər tərəfdən, müxalifət koalisiyası dekabrın 30-da Quaydonun rəhbərlik etdiyi müvəqqəti hökuməti funksiyasını pozduğu əsas gətirərək devirmək qərarına gəlib. Bunun üçün isə Quaydo ABŞ-dan, eləcə də Kanada, Braziliya, Argentina, Çili və Peru kimi ölkələrdən dəstək almışdı. Avropa İttifaqı 2021-ci ildə Quaydoya dəstəyini dayandırıb.
Kolumbiyada Petroya qədər sağçı lider olan İvan Duke Quaydonu dəstəkləyib və Maduro administrasiyası ilə əlaqələri kəsib. Lakin keçmiş partizan Petro iyunda keçirilən seçkilərdə qalib gələrək vəzifəyə gələndən sonra bu siyasəti dəyişib. 2 noyabr 2022-ci ildə o, son 6 ildə prezident səviyyəsində Venesuelaya səfər edən ilk Kolumbiyalı lider olub.