Pakistan-Türkiyə-Azərbaycan əməkdaşlığı silah mübadiləsi ilə məhdudlaşmır – Rəy

11:00 12.11.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İki müharibə təcrübəsi, ardınca qazanılmış möhtəşəm bir qələbə, daha sonra isə uğurla həyata keçirilmiş antiterror əməliyyatı və bunun nəticəsində suverenliyin tam bərpası - bütün bu mərhələlər Azərbaycan dövlətinin son illərdə keçdiyi strateji inkişaf yolunun əsas dayaqlarını təşkil edir”.

Bu fikirləri Hafta.az-a siyasi ekspert Azər Hüseynov bildirib.

Ekspertin fikrincə, bu proseslər təkcə hərbi sahədə deyil, həm də siyasi, diplomatik və psixoloji müstəvidə Azərbaycanı regionun ən güclü və təsirli aktoruna çevirmişdir:

“Azərbaycanın Cənubi Qafqazda hərbi-siyasi balansda tutduğu mövqe bu gün tamamilə yeni keyfiyyət mərhələsinə yüksəlib. İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatı ölkənin müdafiə qabiliyyətini praktik müstəvidə sınaqdan çıxardı və ordunun peşəkarlıq səviyyəsini, komanda idarəçiliyini, texnoloji hazırlığını bütün dünyaya nümayiş etdirdi. Bu təcrübə nəticəsində Azərbaycan Silahlı Qüvvələri müasir döyüş prinsiplərinə, real vaxt koordinasiyasına və yüksək döyüş intizamına əsaslanan bir sistemə çevrilibdir.

Hərbi texnologiyaların modernləşdirilməsi və müasir silah sistemlərinin tətbiqi istiqamətində aparılan islahatlar Azərbaycanın xarici təhlükələrin qarşısını almaq və milli təhlükəsizliyini təmin etmək qabiliyyətini daha da artırıb. Paradda və digər beynəlxalq platformalarda nümayiş etdirilən texnika və hərbi potensial, Azərbaycanın müdafiə sənayesinin və texnoloji müstəqilliyinin nə qədər sürətlə inkişaf etdiyini sübut edir.

Bu yüksəlişdə beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu sahədə dünyanın strateji tərəfdaşları ilə, xüsusilə Pakistan və Türkiyə ilə çoxşaxəli və səmərəli münasibətlər qurub. Hər üç ölkə arasında formalaşan əməkdaşlıq modeli artıq regionun təhlükəsizlik memarlığında yeni bir ox kimi çıxış edir. Bu üçlü platforma -  Pakistan-Türkiyə-Azərbaycan hərbi təlimlərdən tutmuş müdafiə sənayesinə, hərbi təhsil və kadr hazırlığından strateji planlaşdırmaya qədər bir sıra istiqamətləri əhatə edir”.

Ekspert vurğulayıb ki, bu əməkdaşlıq yalnız silah və texnika mübadiləsi ilə məhdudlaşmır. Təhsil imkanlarının şaxələndirilməsi, müasir hərbi akademiyalarda birgə proqramların həyata keçirilməsi, gənc zabitlərin qarşılıqlı təcrübə mübadiləsi kimi addımlar bu əlaqələrin strateji xarakterini daha da gücləndirir:

“Nəticə etibarilə, Azərbaycan regionda təkcə güclü orduya malik bir dövlət deyil, həm də hərbi təhsil, kadr hazırlığı və texnoloji biliklərin inteqrasiyasını bacaran yeni tipli təhlükəsizlik mərkəzinə çevrilməkdədir.

Beləliklə, iki müharibə, bir qələbə, bir antiterror əməliyyatı və bərpa edilmiş suverenlik - bütün bunlar Azərbaycanın yalnız gücünü deyil, həm də strateji müdrikliyini, milli birliyini və regionda formalaşdırdığı yeni geosiyasi xətti göstərir. Cənubi Qafqazda sabitlik və təhlükəsizlik anlayışları artıq Azərbaycanın hərbi-siyasi təcrübəsi və reallıqları ilə müəyyən olunur”.