“Azərbaycanla Sülh Sazişini ilk növbədə Ermənistanda anti-Paşinyan qüvvələrinin hakimiyyətə gəlməsi poza bilər. Bu, indiki sülh istiqamətində gedən gedişləri qeyri-müəyyən vəziyyətə sala bilər. Təkcə sülh sazişinin yox, dövlət sərhədi nöqtələrində atəşkəsin pozulmasına da aparan qeyri-sabitliyə də apara bilər. Və belə olduğu halda bir çox xarici güclər də erməni tərəfindən işə qatılacaq. Mən ancaq o ssenarini görürəm. Bu baxımdan Paşinyan indiki dönəmdə Azərbaycan üçün ən uyğun sülh tərəfdaşıdır”.
Beynəlxalq məsələlər üzrə tədqiqatçı alim Elxan Mehdiyev bu fikirləri hafta.az əməkdaşının "Sizcə, son günlər İlham Əliyev və Nikol Paşinyanın Azərbaycan ərazisindən Ermənistana, Ermənistan ərazisindən də Azərbaycana bəzi kommunikasiya, daşınma xətlərinin açılmasıyla bağlı qarşılıqlı bəyanatlarından sonra hansı obyektiv və subyektiv amillər Azərbaycan-Ermənistan Yekun Sülh Sazişinin imzalanmasını ləngidə bilər?” sualını cavablandırarkən dilə gətirib.
“Azərbaycan müasir dünyada hərbi və siyasi baxımdan ən ağır sayılan işğalı aradan qaldırmışdır. Digər tərəfdən, Vətən savaşı bu ağır vəziyyəti yaradan böyük beynəlxalq güclərin iradəsinin əleyhinə olaraq aparılmışdır. Biz bir millət olaraq bu Qələbənin dərəcəsini zaman keçdikcə daha da aydın görəcəyik. Uzun zaman bu güclər Azərbaycanın qalibiyyətini qəbul etməmək yolunu tutaraq vəziyyəti dəyişməyə çalışdılar. Amma Azərbaycan 2020-ci idən sonra 4 il qətiyyətlə müqavimət göstərdi və əzmlə öz işini gördü. 2023-cü ilin Sentyabr əməliyyatı bu qüvvələrə qarşı Azərbaycanın iradəsinin nümayişi idi və Ermənistanın da reallığı qəbul etməsi nəticədə bu aparıcı gücləri də ofsaydda qoydu. Sonrakı gedişlərdə Azərbaycanın Ermənistanla birbaşa danışıqları və Sülh Sazişi ilə bağlı razılığa gəlməsi Azərbaycanın mövqeyini daha da gücləndirdi və 8 avqust Vaşinqton görüşü heç də Trampın nailiyyəti yox, Azərbaycanın qələbəsi və Azərbaycan və Ermənistanın vasitəçi olmadan birbaşa danışıqlarının nailiyyəti idi. Azərbaycanın Qələbəsinin dünya birliyi tərəfindən təsdiq edilməsi idi.
Bu baxımdan qalib ölkə kimi, Azərbaycan sülh təşəbbüslərində də öndə getməlidir və Ermənistanla yaradılacaq və artacaq istənilən əməkdaşlıq sülhə xidmət edən praktik addımlardır və Azərbaycanın maraqlarına tam uyğundur”, -deyə davamında həmsöhbətimiz bildirib.
“Azərbaycanın Ermənistan qarşısında qoyduğu tələblər barəsində nə deyə bilərsiniz?” sualına isə Elxan Mehdiyev belə cavab verib:
“Azərbaycanın sülh sazişini imzalaması üçün ortaya qoyduğu tələblər Ermənistana məlumdur və düşünürəm ki, bu tələblər yerinə yetiriləcək. Çünki Paşinyan hökümətinin siyasəti Müstəqillik Bəyənnaməsində Azərbaycan və Türkiyə əleyhinə gedən tezislərə qarşıdır və bu onun çıxışlarında dəfələrlə ifadə olunmuşdur. Sülh sazişinin razılaşdırılmış müddəaları da bu Bəyannamədə yer alan müddəaların tam əleyhinədir. Amma Azərbaycanın tələbləri tam haqlıdır, çünki Azərbaycan onların Bəyənnaməsində ifadə olunan zehniyyətin qurbanı olub və hələ də yüz minlərlə insanımız qaçqın durumundadır. Qalib ölkənin sülh müqaviləsi ilə bağlı qoyduğu şərtlər hər zaman müharibə sonrası sülh sazişlərinin əsasını təşkil edir və Azərbaycan da bunu edir.
Yeri gəlmişkən, Azərbaycan sülh sazişi ilə bağlı Ermənistana çox güzəştə gedib və bu ayrı mövzu olsa da, iki mühüm məsələ sülh sazişinin şərtləri olmalı idi. Birincisi, işğal edilən ərazilərimizdə xalqımıza və dövlətimizə vurulmuş on milyardlarla ölçülən zərərin ödənilməsi və ikincisi, Ermənistanda gizlənən hərbi cinayətkarların, Robert Köçəryan və Serj Sarkisyanın geri verilməsi... Verilməsə də bu məsələ gündəmdə olmalı idi... “Ədalət olmadığı halda sülh də olmaz” aksiomu unudulmamalıdır.
Yekun sülh sazişinin imzalanması Azərbaycanın tələbləri fonunda vaxt alacaq. Çünki bu tələblər Ermənistan Konstitusiyasının preambluasının dəyişilməsi ilə bağlıdır və onun dəyişməsi də yeni Konstitusiya qəbul olunanda baş verə bilər. Bu proses də zaman alacaq. Amma o zamana qədər çərçivə sənədində razılaşdırılmış razılıqların həyata keçirilməsi Konstitusiya ilə bağlı məsələləri də asanlıqla yoluna qoya bilər”.
Sultan Laçın