Rusiyada əhalinin yarısı özlərini “mömin” kimi qələmə versə də, praktikada bu inanc, ekspertlərin fikrincə, bayram və rituallarla məhdudlaşır. Ölkənin aparıcı müstəqil rəy sorğusu təşkilatlarından olan “Levada”nın araşdırmasına görə, dindarlıq son illər durğunluq tendensiyası nümayiş etdirir.
Hafta.az-ın yazdığına görə, təşkilatın keçirdiyi son sorğuda özünü pravoslav xristian olaraq təyin edənlərin nisbətinin yüzdə 72 olduğu ortaya çıxıb. Digər 18 faiz isə özlərini inancsız və ya ateist kimi müəyyənləşdirib. Dinin həyatında mühüm rol oynadığını deyənlərin nisbəti 40 faizdir.
“Levada”nın 2005-ci ildən bəri apardığı sorğuda dinin həyatlarında çox mühüm rol oynadığını deyənlərin nisbəti 11 faizdən 14 faizə, dinin heç bir rol oynamadığını söyləyənlərin nisbəti isə 20 faizdən 26 faizə yüksəlib.
Kilsədəki ayinlərə heç vaxt getmədiyini deyənlərin nisbəti yüzdə 43, həftədə ən azı bir neçə dəfə kilsəyə getdiyini söyləyənlərin nisbəti 1 faizdə qalıb. Digər tərəfdən, pravoslavlığın ən mühüm bayramı olan Pasxa bayramını qeyd edənlərin nisbəti yüzdə 82 olub.
İştirakçılardan Pasxa mərasimlərindən və adətlərindən hansını etdikləri də soruşulub. Ən yüksək göstərici isə 70 faizlə “Yumurta boyadım” variantına aiddir.
Digər tərəfdən, 1989-cu ildə yüzdə 65 olan vəftiz olunduğunu bəyan edənlərin nisbətinin 2023-cü ildə yüzdə 83-ə yüksəldiyi görünür.