“Pautina” əməliyyatı Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi olmasa da, göstərdi ki...”- ZƏRDÜŞT ƏLİZADƏ

21:51 02.06.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Hesab etmirəm ki, Ukraynanın Rusiya ərazisində həmin dövlətin strateji aviasiyasının xeyli hissəsinin məhvi ilə nəticələnmiş son “Pautina”(“ Hörümçək toru”) əməliyyatı müharibədə dönüş nöqtəsi oldu. Amma hər halda bu əməliyyat göstərdi ki, Rusiya bir təcüavüzkar müharibə aparan dövlət kimi qayğısız, məsuliyyətsiz yaşaya bilməz. Düzdü, faktiki olaraq Ukraynaya qarşı müharibə Rusiyanın daxili siyasi durumunu o qədər də sarsıtmayıb, əksinə, Putinin mövqeləri daha da möhkəmlənib. Əhali, ruslar onun ətrafında daha da sıx birləşib. Ancaq nə hakim zümrə, nə də əhali hələ də anlamayıb ki, bu müharibənin fəsadları daha ciddi ola bilər. Bunu hələ anlamayıblar”.

Bu fikirləri hafta.az-a açıqlamasında Ukrayna Təhlükəsizlik Xidmətinin  iyunun 1-də Rusiyanın cəhbə xəttindən 4000-5000 km məsafədə yerləşən hərbi aerodromlarındakı 40-dan çox qırıcı və bombardımnançı təyyarənin məhvi ilə nəticələnmiş “Pautina”(“ Hörümçək toru”) əməliyyatının müharibədə dönüş nöqtəsi ola bilməsi haqda danışan siyasi şərhçi Zərdüşt Əlizadə dilə  gətirib.

“Çoxları düşünür ki, Ukraynadakı Rusiya üçün lokal, məhdud miqyaslı bir hərbi əməliyyatdır. Lakin Ukrayna son xüsusi əməliyyatla göstərdi ki, müharibənin belə ağır fəsadları Rusiya  üçün davam edə bilər. Deməzdim ki, “Pautina” əməliyyatı müharibənin gələcək gedişinə çox ciddi təsri göstərə bilər, amma bununla belə, bu əməliyyat  göstərdi ki,  Ukrayna da öz növbəsində Rusiyanın daxilinə güclü zərbələr vura bilər. Eyni zamanda həmin əməliyyat Rusiyanın daxilində təhlükəsizlik sahəsində kifayət qədər təhlükəsizlik boşluqlarının yarandığını sübut etdi”, - deyə davamında Zərdüşt Əlizadə bildirib.