Adana Şəhər Tədris və Araşdırma Xəstəxanasında tətbiq olunmağa başlanan "transkateter bariatrik emboloterapiya" üsulu ilə piylənmə xəstələri artıq çəkilərindən xilas olurlar.
Hafta.az-ın yazdığına görə, Qrelin adlı iştah hormonunun azaldıldığı üsul sayəsində xəstələr bir gündə xəstəxanadan çıxarılaraq normal həyatlarına dönə bilirlər.
Kardiologiya mütəxəssisi professor Şərafəddin Dəmir AA-ya bildirib ki, çağın ən böyük sağlamlıq problemlərindən olan piylənmənin hər 3 adamdan 1-də görülməsi ehtimalı var.
Dəmir, piylənmənin müalicəsində dünyada çox az mərkəzdə edilən “transkateter bariatrik emboloterapiya”nı xəstəxanalarında tətbiq etməyə başladıqlarını açıqlayıb və deyib: "Biz piylənmənin müalicəsində alternativ prosedur tətbiq etdik. Angioqrafik prosedurla daxil olaraq mədədən ayrılan hormonları qidalandıran damarı bağladıq , bununla da piylənməyə səbəb olan hormonların ifrazını azaldırıq. Bu, çox təsirli üsuldur, ağırlaşma ehtimalı çox azdır. Səhhətində problem olduğu üçün əməliyyat oluna bilməyən əlillər və ya dərman müalicəsi kömək etməyən xəstələrdə alternativ üsul kimi istifadə edilə bilər".
Dəmir, tətbiq edilən üsuldan sonra müalicənin pəhrizlə dəstəklənməsi lazım olduğunu ifadə edib.
Müalicə müddətində xəstələrin də dietoloq nəzarətində olmağı planlaşdırdıqlarını ifadə edən Dəmir, "Xəstə ilk həftədən 6 aya qədər sürətli arıqlaya bilər. 1,5 il izləndikdə bu xəstələr çəkinin 20 faizini itirə bilər" deyib.