Dövlət Duması Polşa avtonəqliyyat vasitələrinin Rusiya ərazisində yük daşımasını qadağan etmək üçün hökumətə müraciət ünvanlayıb. Dumanın deputatları bu təklifi Rusiya nəqliyyat şirkətlərinə qarşı sanksiyalara cavab olaraq hazırladıqlarını açıqlayıblar.
Hafta.az-ın yazdığına görə, Dumanın təklifi Polşa nömrəli yük maşınlarının Rusiyaya daxil olmasına icazə verir, lakin onların ölkə daxilində yük daşımasına imkan vermir. Müvafiq olaraq, sözügedən nəqliyyat vasitələrinin səfəri sərhədə ən yaxın gömrük terminalında bitməlidir. Avtomobillərə Rusiya qiymətləri ilə yanacaq doldurulması da qadağan olunacaq.
Autnews.ru portalına danışan sektor nümayəndələri bu istiqamətdə qəbul ediləcək qadağa qərarının Polşa nömrəli nəqliyyat vasitələrindən istifadə edən belaruslu nəqliyyatçılara, daha sonra isə Rusiyaya avtomobil və ehtiyat hissələrinin tədarükünə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq ediblər.
Sənaye nümayəndələrinin fikrincə, Polşa yük maşınlarının qadağan edilməsi həm də Rusiya, Çin və Mərkəzi Asiya ölkələri arasında fəaliyyət göstərən logistik marşrutların pozulması riskini daşıyır.