Pomidor istehsalçılarının başı dərddə - Fermerlər 25 milyon dollar itirə bilər

17:54 11.12.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünəndən etibarən Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Bu barədə qərarı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti qəbul edib. Xidmətin yaydığı məlumatda bildirilir ki, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar olunub və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Bu baxımdan, fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti 10 dekabr 2020-ci ildən etibarən Azərbaycan istehsalı olan pomidor və almaların Rusiyaya idxalını qadağan etmək məcburiyyətində qalıb.

Bəs, görəsən, Rusiya tərəfinin bu qərarı yerli pomidor istehsalçılarının fəaliyyətinə necə təsir göstərəcək? Pomidor qadağası yerli istehsalçılara nə qədər ziyan vura bilər?

Əvvəlcə onu qeyd edək ki, statistik məlumatlara görə, 2020-ci ilin doqquz ayı ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 1,3 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Sözügedən qeyri-neft ixracımızda pomidor məhsulu birinci olub. Belə ki, cari ilin doqquz ayı ərzində pomidor ixracından ölkəyə 167,8 milyon ABŞ dolları daxil olub. Ümumilikdə isə son üç il ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında ilk pilləni tomat - pomidor məhsulları tutub. Pomidor ixracından ölkəmiz 2019-cu ildə 189,3 milyon, 2018-ci ildə 177,4 milyon, 2017-ci ildə isə 151,6 milyon ABŞ dolları gəlir əldə edib. 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan xarici ölkələrə 154.98 min ton həcmində təzə, soyudulmuş pomidor satmaqla bunun müqabilində 167.80 milyon dollar həcmində valyuta daxil olub. Azərbaycanın pomidor istehsalçıları üçünsə ən böyük bazar Rusiyadır. Eləcə də Rusiya pomidor bazarının əsas payçısı da (30 faizə yaxın) Azərbaycan sayılır. Belə ki, Rusiya 2018-ci illə müqayisədə 2019-cu ildə Çin, Ermənistan, Belarus, İran və Mərakeşdən idxal etdiyi pomidorun həcmini azaldıb, əvəzində Azərbaycan, Türkiyə və Özbəkistanın bu tərəvəzinə daha çox yer vermişdi.

Azərbaycan pomidorunun 2020-ci ildəki digər müştərisi isə Ukraynadır. Sözügedən ölkə bu il alış həcmini 2.6 dəfə artırmaqla 2.35 min tona çatdırıb. Burada təxminən1.02 milyon dollar bazarlıqdan söhbət gedir. 2019-cu ildəki müştəri ölkələr – Almaniya, İsveçrə, İraq və Qətər  isə bu il ölkəmizdən pomidor alışını dayandırıblar. Rusiya Azərbaycandan başqa, Türkiyə, Çin, Mərakeş, Belarusiya, Özbəkistan, İran İslam Respublikası, Ermənistan, Qazaxıstan və Türkmənistandan da pomidor alır. Azərbaycan pomidoruna isə Rusiya bazarında əsas təlabat qış aylarında yaranır ki, bunu da yerli istehsalçılar istixanalarda yetişdirdikləri pomidor hesabına ödəyirlər.

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən millət vəkili Vüqar Bayramov deyib ki, Rusiyanın bəzi Azərbaycan məhsullarının idxalına qoyduğu qadağa iqtisadiyyatımız üçün arzuolumaz vəziyyətdir:

“Demək olar ki, Azərbaycanın qeyri-neft sektorunda ən çox ixrac etdiyi məhsullardan biri pomidordur. Pomidoru isə daha çox Rusiya bazarlarına ixrac edirik. O baxımdan Rusiya tərəfindən idxalın dayandırılması məsələsinin Azərbaycan tərəfi ilə birgə araşdırılması vacibdir. Hər halda yayılan bəyənatdan da görünür ki, bu məsələ iki ölkə arasında araşdırılacaq. Qeyri-neft sektorunda əhəmiyyətli paya sahib olan pomidor və almanın Rusiya bazarına ixracının dayandırılması Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Çünki nəticədə fermer təsərrüfatlarının ən çox gəlir və valyuta əldə etdiyi ixrac məhsuları bu məhsullardır. Digər tərəfdən, Rusiya bazarı Azərbaycan üçün önəmli ixrac nöqtəsidir. Belə ki, Azərbaycanın aqrar məhsullarının 80 faizdən çoxu Rusiya bazarlarına ixrac olunur. Fermer təsərrüfatlarının gəlirliliyi nəzərə alınmalıdır. Bundan əlavə növbəti partiya məhsullar da Rusiya bazarlarına ixrac olunmalıdır. Buna görə də ölkəmizin Rusiyaya pomidor və alma ixracının təcili bərpası məsələsi üzərində işlənməlidir, danışıqlar intensivləşdirilməlidir. Çünki Azəbaycan üçün kənd təsərrüfatı məhsullarının ixracı həm qeyri-neft sektorunun inkişafı, həm də valyuta baxımından vacibdir”.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki, Rusiyanın müxtəlif zamanlarda Azərbaycana qarşı belə addımları olub:

“Məsələn, 2016, 2017, 2018-ci illərdə də buna bənzər hadisələr olub. Rusiya təkcə Azərbaycana qarşı deyil,  Moldova, Ukrayna,  Gürcüstana və hətta Belarusiyaya da idxal qadağaları vasitəsilə siyasi təzyiq göstərməyə çalışıb. Nəzərə almaq lazımdır ki, qadağa Rusiya bazarının ən cəzbedici vaxtında tətbiq olunub - Yeni il bayramları və  uzunmüddətli tətillər Rusiya alıcılarının aktiv istehlak dövrüdür. Təkcə keçən il Rusiyaya pomidor ixracatının dəyəri 189 milyon dollar olub. Bu il də ona bənzər rəqəmlərin olması gözlənilirdi. Dekabr ixracatın artdığı aydır, əgər qərar bir ay  qüvvədə qalsa, Azərbaycan təqribən  25 milyon dollara yaxın vəsait itirəcək. İlk başdan kiçik rəqəm olaraq görünsə də, bu sahədə fəaliyyət göstərən fermerlər gözlərini o gəlirlərinə dikiblər”.

Ekspert həmçinin vurğulayıb ki, indiyədək  Azərbaycan ixracatının çoxşaxəli modelə keçməməsi ən böyük problemdir: "Biz bu gün Rusiya bazarından həddindən artıq çox asılıyıq. Bu asılılığın azaldılması üçün çoxşaxəli ixrac modelinə keçməliydik, belə vəziyyətlər üçün “B” planımız olmalıydı. İndiki halda, qısamüddətli zaman ərzində hansısa işlərin görülməsi, çıxış yolu tapılması çox çətindir. Həmin məhsulların saxlanma müddəti də azdır. Qısa müddətdə yeni bazarlara çıxış əldə etmək çətin olacaq”.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə hələ ki, Rusiyanın Azərbaycandan pomidor və alma ixracına qoyulmuş qadağası ilə bağlı araşdırma aparır. Sözügedən qurumdan verilən məlumata görə, araşdırmanın nəticəsi ilə əlaqədar ictimaiyyətə ətraflı məlumat veriləcək.