“Prezidentlə görüşü gözləmirdik. Tamamilə təsadüf oldu. Biz yemək bişirirdik. Bir də gördük Prezidentin korteji keçdi. Kortej xeyli irəliləmişdi ki, maşınlardan biri saxladı və Prezident maşından düşüb bizə tərəf gəldi. Heç bir mühafizəsi, qoruması olmadan. Ölkə Prezidentini qarşımızda görəndə şok olduq. Hətta mən ona arılardan qorunmaq üçün xüsusi papaq təklif etdim. O, da zarafatla bildirdi ki, lazım deyil, arılar bilir ki, gələn kimdir ”. Bunu hafta.az-a açıqlamasında Kəlbəcərdə Prezident İlham Əliyevlə görüşən arıçı Sabir Mustafayev bildirib.
O vurğulayıb ki, Prezident və xanımı Mehriban Əliyevanın sadəliyi nəticəsində görüş zamanı arıçılarla səmimi dialoq alınıb: “Biz Prezidentlə xeyli söhbət etdik. Kəlbəcər balı barədə məlumat verdim. Prezident də Kəlbəcər balının hələ sovet dövründə şöhrəti barədə məlumatlı olduğunu bildirdi. Mehriban xanım Əliyevaya təşəkkür etdim. Çünki Kəlbəcərə arı təsərrüfatımın köçürülməsi barədə Mehriban xanıma müraciət etmişdim. Onlar bu məsələyə çox həssas yanaşdılar və bizə imkan yaratdılar ki, təsərrüfatımızı Kəlbəcərə köçürək”.