“Azərbaycan Prezidenti Qəbələ zirvəsində türk dünyasının vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini bəyan etmişdi. Bu, Bakının bundan sonra xüsusi diqqət yetirəcəyi strateji xəttdir və Əliyevin strategiyanın praktiki müstəvidə həyata keçirilməsini Astanadan başlaması təsadüfi deyil”.
Bunu Hafta.az-a politoloq Asif Nərimanlı Azərbaycan Prezidentinin Astana səfərinin əhəmiyyətini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan türk coğrafiyasının iki dayaq sütununu təşkil edir. Türk coğrafiyasında mümkün vahid güc mərkəzinin qurulması qütbləşmənin dərinləşdiyi geosiyasi müstəvidə orta güc rolunu oynaya bilər.
“Orta dəhliz marşrutunun möhkəmlənməsi belə bir gücün əsas dayaqlarındandır. Bu baxımdan, İlham Əliyevin səfəri türk dünyasında, həm də Orta dəhliz marşrutunda coğrafi parçalanmanı aradan qaldıracaq Zəngəzur dəhlizinin açılması razılaşmasından sonra prosesə praktiki müstəvidə strat verilməsi kimi qiymətləndirilə bilər”-politoloq deyib.
A.Nərimanlı bildirib ki, İlham Əliyevin Astana səfəri iki hədəf kontekstində əhəmiyyətlidir.
Birincisi, Orta dəhlizin perspektivlərinin gücləndirilməsi – Avrasiyanın nəqliyyat şəbəkəsində möhkəmlənmək; İkincisi, qlobal proseslərdə təsir mərkəzinə çevrilə biləcək orta gücün formalaşdırılması.
Politoloq vurğulayıb ki, Azərbaycan və Qazaxıstan türk coğrafiyasının iki dayaq sütununu təşkil edir. Onun sözlərinə görə, türk coğrafiyasında mümkün vahid güc mərkəzinin qurulması qütbləşmənin dərinləşdiyi geosiyasi müstəvidə orta güc rolunu oynaya bilər.
A.Nərmanlı Bakı və Astananın gündəliyində olan cari məsələlərə də diqqət çəkib. Bu, Xəzərin üzləşdiyi ekoloji fəlakətin aradan qaldırılması; Ermənistanla sülh danışıqlarında Astana platformasının perspektivləri, AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaqdır:
"Qeyd edim ki, Rusiya Azərbaycanın tələblərini qəbul etsə də, Putin Düşənbədə istintaq prosesini izləyəcəklərini dilə gətirdi. Bu, Moskvanın Bakı ilə razılaşsa belə, “arqumentləri”ni gücləndirmək üçün prosesə müdaxilə risklərini yaradır, daha öncə analoji hal baş verib. Azərbaycan Qazaxıstanla istintaq prosesinin üzərindən bir daha keçmək niyyətindədir”.