Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı müvafiq fərmanından sonra yüz minlərlə insanın bank borcları silindi. Xatırlatmaq üçün deyək ki, problemli kreditlərə görə bir sıra vətəndaşların xaricə çıxışı da məhdudlaşdırılmışdı. Vətəndaşları narahat edən məsələlərdən biri də, hazırda həmin məhdudiyyətlərlə bağlıdır. Sözügedən fərmanın icrasından sonra bu problem həllini necə tapıb?
![]()
Bununla bağlı hafta.az Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar özləri bununla bağı saytdan məlumat əldə edə bilərlər: “Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə 2017-ci ildə Daxili İşlər Nazirliyinin rəsmi veb saytında (www.mia.gov.az) yaradılaraq istifadəyə verilmiş xüsusi interaktiv pəncərə vasitəsilə vətəndaşlar adlarının mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu kimi axtarışda, eləcə də sərhədkeçməyə məhdudiyyət siyahısında olub-olmaması barədə məlumat əldə edə bilərlər. Ancaq nə qədər adam problemli kreditlərlə bağlı ölkədən çıxışına əngəl qoyulmasını Statistika Komitəsindən də aydınlaşdırmaq olar”.

Vətəndaşlar bu məhdudiyyətlərin aradan qaldırılması haqqında nə qədər məlumatlıdırlar və hüquq müdafiəçilərinə müraciət edirlərmi?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun fikrincə, hər bir vətəndaş bunu özü yoxlaya bilər: “Bildiyim qədər belə xəbərvermə sistemi yoxdur. Hər kəs hökumət portalına daxil olmaqla özü yoxlamalıdır”.

Bəs bu kimi qadağaların götürülməsinin iqtisadi tərəfləri nələr olacaq. Sualımıza iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirdi. Ekspert dedi ki, bu addım həmin fərmandan sonra dərhal atılmalı idi:
“Problemlim kreditlərlə bağlı xaricı çıxış məhdudiyyəti qoyulan insanların bu problemi həll edilməlidir. Çünki o vətəndaşların bir çoxu bizneslə məşğuldur, xariclə iş əlaqələri var. Onların ölkədən çıxışına qadağa qoyulması, iş həyatına, qazanclarına mənfi təsir göstərir. Qazanclar aazldıqca, iş görmə imkanları məhdudlaşdıqca biznesləri də kiçilir. Bu isə iş yerlərinin itməsinə, gəlirlərin azalmasına gətirib çıxarır. Bu isə iqtisadiyyat üçün heç də yaxşı xəbərlər vəd etmir. Əslində çıxış qadağasının qoyulmasının özü çıxış yolu deyildi. Problemli kreditlərin fonunda həmin insanlar haqqında belə addımların atılması düzgün deyil. Bundansa əmlaka qarşı qanunla müəyyən edilmiş addım atıla bilər. Amma, şəxsin səyahət azadlığının məhdudlaşdırılması xoş addım deyil. Azərbaycan Respublikası Konstitutisiyasında hər bir şəxsin səyahət azadlığı var. Fərmandan sonra bu tip qadağaların götürülməsi, həmin şəxslərin biznes imkanlarının yenidən dirçəlməsinə təkan verəcək”.