Problemli kreditlərlə bağlı fərmanın müddəti başa çatır – Problem həll edildimi?

14:10 26.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu il dekabrın 31-də ölkə başçısı İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı sərəncamın müddəti başa çatır. Amma bəzi vətəndaşların məlum kreditlərlə bağlı problemi hələ də qalır. Belə ki, ləğv olunmuş banklar, eləcə də bank olmayan kredit təşkilatlarından pul götürən bir sıra vətəndaşların problemi hələ də həllini tapmayıb.

İddialara görə, kreditlərlə bağlı problemi olan vətəndaşlar növbəti ildən daha yüksək faizlə qalan borclarını ödəməyə məcbur ediləcək. Belə olan halda ortaya bir sual çıxır, vətəndaşlar nə etməlidir? Əmanətlərin Sığortalanması Fondunun məsələyə baxışı necədir?

Fonddan hafta.az-a bildirildi ki, adıçəkilən məsələ ilə bağlı problem yaşayan vətəndaşlara bildirişlər göndərilir. Onlar ilk növbədə Bakı şəhəri Babək prospekti 16 ünvanında yerləşən ofisə yaxınlaşmalıdırlar. Orada qeydiyyata düşməlidirlər. Qeydiyyata düşmüş vətəndaşların məsələsinə aidiyyatı üzrə baxılacaq.

Qeydiyyata düşmək üçün son tarix isə 30 dekabrdır. Qeydiyyata isə hər adamın adı daxil edilmir. Belə ki, problemli kreditin növü, güzəşt kateqoriyasına aid olub-olmaması yoxlanılır. Ondan sonra vətəndaşa ətraflı məlumat verilir. Yəni, hər kəs qeydiyyata düşə bilmir.

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, həmin qərara düşən bütün kreditlərin qaytarılması bu ilin sonuna qədər bitəcək. Ekspert bu məsələ ilə bağlı ciddi problemin olmayacağını düşünür: “Çünki ən azından ilkin siyahılar hazırdır. Gecikmələr ola bilər. Müəyyən sənədlərin gecikməsi mümkündür. Hər bir halda, vətəndaşın üzərində heç bir məsuliyyət yoxdur. Çünki prezident fərmanıdır. Bundan da üstün qərar yoxdur ki, həmin qərara əsaslansınlar və ya müqavilələri başqa cür bağlasınlar”.

Natiq Cəfərlinin sözlərinə görə problemli kreditlərlə bağlı hələlik həll olunması çətin görünən ən vacib məsələ hüquqi şəxslərlə bağlıdır: “Onlarla bağlı hələ hər hansı bir qərar yoxdur. Digər tərəfdən, problemli kreditlərin həcmi 10 min dollardan artıq olan problemlərlə bağlı da hər hansı bir addım atılmayıb. Onlarla bağlı problem bu gün də qalır. Sabah da bu problem olacaq. Əslində problem həll olunmadıqca bankların yükü artır. Çünki həmin vəsaitlərin də geri dönüşü mümkün deyil. Onlar da geri qaytarılmayacaq. Sadəcə bankların balansında problem kimi qalır. Bankların sağlamlaşdırılmasında mənfi rol oynayan amilə çevrilib. O tipli şayiələrin ciddi bir əsası yoxdur”.

Ekspertin fikrincə, bankların və ya bank olmayan kredit təşkilatlarının bağlanması ilə bağlı yanvardan sonra ola bilər ki, vətəndaşlar depozitlərini geri çəkməkdə çətinlik çəksinlər. Bu problemlərin həllinin iki variantı var: “Ya hər hansı sağlam bank onlara birləşdirilməlidir, ya da bankrot elan olunacaqlar. Birinci halda vətəndaşların əmanətlərini sağlam banklar qaytara biləcək. Bankrot elan olunduğu halda Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlərin qaytarılmasına, kredit borclarının yığılmasına ba.lanıalacaq. Və ya Əmanətlərin Sığortalanması Fondu bu məsələni hər hansı bir təşkilata həvalə edə bilər. Yəni, onların balansında olan kreditlər qaytarılsın. Amma depozitləri əmanətlərin sığortalanması fondu qaytarmalıdır.

Burada problem ondan ibarətdir ki, ƏSF-da pul yoxdur. Axırıncı dəfə Mərkəzi Bank fonda 500 milyon manat kredit verdi. Fond həmin pulun hesabına depozitləri qaytara bildi. İndisə həmin fondda heç bir vəsait qalmayıb. Çox cüzi bir vəsait qalıb. Burada hər hansı bir bankla və ya bank olmayan kredit təşkilatı ilə bağlı problemlər yaşanacaqsa, bu problemlərin həlli üçün artıq ƏSF-nin əlavə vəsaitə ehtiyacı qalacaq”.