“Prosesə özəl sektorun cəlbi vəsaitlərin idarəedilməsində səmərəlilik prinsiplərini yüksəldir” - Ekspert 

15:03 10.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda Azərbaycanda bir sıra dövlət müəssisələrində əsas problemlərdən biri korporativ idarəetmə modellərinin zəif tətbiqidir. Yəni, dövlət şirkətlərində idarəetmədə şəffaflığın, ictimai iştirakçılığın olmaması, kənar nəzarətin zəif təşkili və hesabatlılığın aşağı olması problem olaraq qalmaqdadır”. Bu fikirləri hafta.az-a iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Ekspert vurğulayıb ki, yeni idarəetmə sisteminə keçiddə mühüm məsələ dövlət və özəl şirkətlər arasında əməkdaşlıq formasının qurulmasıdır: “Prosesə özəl sektorun cəlb olunması şəffaflaşma və vəsaitlərin idarəedilməsində səmərəlilik prinsiplərini yüksəldir. Çünki nəzərə almaq lazımdır ki, dövlət vəsaitləri kiminsə vəsaiti deyil və şəxsi maraqlar istiqamətində yönləndirilib, istifadə olunmamalıdır. Özəl sektor posesə daxil olanda isə çalışır ki, maliyyə-təsərrüfat fəaliyyəti və xərclər şəffaflaşsın, qurum daha effektiv formada idarə olunsun, gəlirliyi təmin edilə bilsin. Bu da qurumun mənfəətinin artımına, idarəetmənin təkmilləşməsinə gətirib çıxarır. Yəni, yeni idarəetmə sisteminə keçid özəl sektorun da inkişafına səbəb olacaq. Çünki etiraf etmək lazımdır ki, tenderlərdə idarəetmənin himayədarlıq prinsipi ilə qaliblərin müəyyənləşdirilməsi, süni şirkərlərin yaradılması geniş təcrübədir. Son nəticədə, icraçıya daha az vəsaitin ödənilməsi və layihənin daha keyfiyyətsiz həyata keçirilməsi, dövlət vəsaitlərinin isə havaya sovrulması baş verə bilir. Özəl sektorun prosesə daxil olması bu istiqamətdə də rəqabəti artıracaq. Çünki özəl sektor öz maraqlarını müdafiə edəcək, dövlətin vəsaitinin kimlərinsə maraqları istiqamətində istifadə olunmasına imkanları məhdudlaşdıracaq. Bu da müəssisənin mənfəətlə işləməsinə, özəl sahibkarlığın yaxşılaşmasına, iqtisadi subyektlərin daha ədalətli formada iştirakına imkan yaradacaq".

Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb. Holdinqin yaradılmasında məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə dayanıqlılığının yaxşılaşdırılmasıdır.

Oxunma sayı 1030