Yaxınlarda Vladimir Putin Valday forumunda regionla bağlı bəzi narahatlıq doğuran fikirlər səsləndirdi. O, məlum çıxışında “kompromis” sözünü işlətdi. Anlaya bilmirəm, Azərbaycan bundan artıq hansı kompromisi etməlidir ki, həm Rusiya, həm də Ermənistan bundan razı qalsın.
Bu fikirləri hafta.az-a hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, biz 30 il müddətində dəfələrlə danışıqlara getdik:
"Bunlara “ən yüksək status, ən yüksək muxtariyyət, nə mümkündüsə təklif etdik, amma özümüz deyib, özümüz eşitdik. Məcbur qalıb əks-hücum nəticəsində torpaqlarımızı hərb yolu ilə azad etdik.
Mənim üçün şəhidlər ən ağrılı mövzudur. Bizim doğmalarımız, əzizlərimiz həyatlarını itirdilər. Xeyli insanımız xəsarət aldı. Çoxları ömürlük əlil qaldı. Rusiya yenə də Azərbaycandan “kompromis” istəyir. Bu söz məni qətiyyən açmadı. Qalib tərəf olmağımıza baxmayaraq, Rusiya ortaya yeni hoqqalar çıxarmaq istəyir. Əlbəttə, bu narahat etməyə bilməz. Rusiya yenə də diplomatik minalarını basdırır. Əslində, bu məsələdə söz sahibi Azərbaycan olmalıdır. 44 günlük Vətən savaşında Dəmir Yumruqla sözümüzü dedik, ərazi bütövlüyümüzü bərpa etdik. Düzdür, bəzi texniki xarakterli problemlər qalır. Söhbət Xankəndi, Xocalı, Xocavənddən gedir. Sənədlər imzalanarkən söhbət Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərindən gedəcək. Bu ərazilər BMT qətnamələrində öz əksini tapıb. Əgər söhbət XXI əsrin 2021-ci ilində imzalanacaq sənədindən gedəcəksə, orada Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri öz təsdiqini tapmalıdır. Bu narahatlıqlara son qoyulması üçün sənədin imzalanması və reallaşdırılması mütləqdir".