Rusiya prezidentinin və hökumət başçısının maaşları oktyabrın 1-dən inflyasiya ilə əlaqədar artırılıb.
Hafta.az-ın yazdığına görə, bu barədə məlumat verən “Nezavisimaya” qeyd edir ki, rəsmi artım göstəricisi 7,6 faizdir. İki illik fasilədən sonra gələn bu artım prezident Vladimir Putinin imzaladığı fərmanla qüvvəyə minib.
Prezidentin maaşı ilk dəfə 2002-ci ildə 63 min rubl müəyyən edilib və sonrakı illərdə müxtəlif dərəcələrdə artırılıb. Hazırda Putinin maaşı ayda təxminən 940 min rubldır (11 min dollar).
Oxşar artım baş nazirin müavinlərinin, nazirlərin, müxtəlif qurumların rəhbərlərinin və digər federal məmurların maaşlarına da şamil olunacaq. Hökumətdən bu xərclərin maliyyələşdirilməsi tələb edilib.
Qərardan əvvəl dövlət qulluqçularının, diplomatların, hərbi qulluqçuların və digər dövlət qulluqçularının maaşları da oktyabrın 1-dən 7,6 faiz artırılıb.
Digər tərəfdən, 2015-2018-ci illər arasında prezident, baş nazir və digər yüksək rütbəli məmurların maaşları 10 faiz azaldılıb.