Qarabağda 10 min erməni hərbçisinin qaldığına inanmıram - Tofiq Zülfüqarov

18:09 10.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İnanmıram ki, Qarabağda bu sayda erməni silahlısı qalsın. Bunlar hamısı oradakı qondarma rejimin guya hələ də “müdafiə ordusu”na malik olması haqda görüntü yaratmaq üçün ortalığa atılan rəqəmlərdir.

Bu fikirləri hafta.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, sadəcə, Azərbaycan Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsində buraxılışın sərtləşdirilməsinə nail olmaqla bu məsələnin həllini tezləşdirə bilər:
"Eyni zamanda Türkiyə-Rusiya birgə monitorinq mərkəzi bu məsələdə ciddi rol oynamalıdır. Yəni həmin mərkəz PUA-lar vasitəsilə əraziyə nəzarət etməklə toplanan məlumatların təhlilini apararaq Yuxarı Qarabağda nə qədər qanunsuz silahlı qüvvə olduğunu müəyyənləşdirə və onların kimliyini də identifikasiya edə bilərlər. Bundan sonra həm bilavasitə Ermənistan ordusunun Qarabağdakı qalıqları, eyni zamanda oradakı yerli ermənilərdən təşkil olunmuş silahlı qüvvələr tərksilah olunmalıdır. Onların orada qalması, təbii ki, sülhə gətirib çıxarmayacaq..."

Oxunma sayı 4463