Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış 9 noyabr bəyanatında rus sülhməramlılarının yerləşdiyi ərazilərdə qanunsuz silahlı birləşmələrin ləğv edilməsi tələbinin olmasına baxmayaraq bu istiqamətdə hələ ki, real addımlar atılmır.
Azərbaycanın israrlı tələblərini bir növ görməzlikdən gələn rus sülhməramlıları onların nəzarətində olan suveren Azərbaycan ərazilərində separatçı rejimin silahlı birləşmələrinin fəaliyyətinə hələ də yaşıl işıq yandırmaqdadır.
Hafta.az erməni mətbuatına istinadla xəbər verir ki, separatçı rejimin "rəhbəri" Arayik Arutyunyan 2022-ci ildə qış hərbi çağırış və tərxisetmənin keçirilməsi haqqında "fərman" imzalayıb.
"Sərəncam"a əsasən, 2022-ci ilin yanvar-fevral aylarında 2021-ci il dekabrın 31-dək Qarabağda 18 yaşı tamam olmuş kişilər üçün məcburi hərbi xidmətə qış çağırışı keçiriləcək. 2022-ci ilin yanvar ayında "qanunla müəyyən edilmiş müddətdə müddətli həqiqi hərbi xidmət keçmiş hərbi qulluqçular" tərxis olunacaqlar.