Politoloq, araşdırmaçı jurnalist Elçin Alıoğlu ilə hafta.az üçün növbəti söhbətimizdə Rusiya Dövlət Dumasının vitse-spikeri V.Jirinovskinin Azərbaycana qarşı son sərsəm açıqlamaları, Rusiya sülhməramlılarının Qarabağda dövlətimizin suverenliyinə hörmətsizlik nümayiş etdirən anormal davranışları və yaydıqları rəsmi məlumatlardakı inzibati yanlışlıqları, Qarabağdakı separatçı rejimin oyuncaq rəhbəri Araik Arutyunyanın Rusiya hərbi kontingentinin Qarabağda daimi qalması haqqında çağırışı və s. mövzulara toxunduq.
-Elçin bəy, sizin şərhləriniz çox zaman orijinal fikirlərlə digərlərinkindən fərqlənir. Odur ki, üzərindən bir müddət keçməsinə rəğmən Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının vitse-spikeri V.Jirinovskinin Azərbaycana qarşı son sərsəm bəyanatına münasibətinizi açıqlasanız, oxucularımız üçün maraqlı olar...
-Ümumiyyətlə, mən həmişə Rusiya LDP sədri V.Jirinovskinin açıqlamalarını şərh etməməyə çalışıram. Çünki onun açıqlamaları psixogenetika və psixiatriyanın sahəsidir. Jirinovski siyasi təlxək və eyni zamanda siyasi məddahdır. Amma onu qeyri-ciddi qəbul etmək də olmaz. Çünki Jirinovski Kremlin zondaj vasitəsidir. O, elə bir maneken və marionetdir ki, Kreml cəmiyyətin bu və ya digər məsələlərə reaksiyasını öyrənmək üçün lazımi informasiya sızıntısını ilk olaraq onun dili ilə səsləndirir. Təbii, hər kəsin söz demək hüququ var, söz azadlığı var. Rusiyada istənilən adam Azərbaycan haqqında istədiyi sözü demək hüququna malikdir. Bu, demokratiyanın təməl prinsiplərindən biridir. Lakin Jirinovskinin bu cür danışması artıq qeyri-ciddi qəbul edilə bilməz. Niyə? Çünki o, həm Rusiya Dövlət Dumasının vitse-spikeridir, həm partiya sədridir. Həm də sürəkli olaraq Rusiyanın federal telekanallarında müxtəlif verilişlərdə çıxış edərək müxtəlif məsələlərə rəy və fikir bildirir, bəyanatlar verir. Əslində biz Jirinovskiyə yox, onu danışdıran qüvvələrə cavab verməliyik. LDPR liderini həddindən artıq ciddiyə olmaq, ona malik olduğundan çox önəm də vermək niyyətimiz olmamalıdır. Biz onun arxasında duran qüvvələri düşünməliyik. Düşünək ki, biz yolla gedəndə bizə hansısa it hürürsə, o heyvan iki səbəbdən hürə bilər. Birincisi, fərdi təşəbbüsü ilə, ikincisi, sahibinin onu üzərimizə qısqırtması səbəbindən... Fərdi təşəbbüsü ilə hürən itlər çoxdur. Rusiyada belə dırnaqarası “siyasət biliciləri”, deputatlar və s. və i.a. çoxdur. Onlar fərdi təşəbbüsləri ilə yox, ermənilərin onlara verdikləri paradan irəli gələn borcluluq səbəbindən Azərbaycana müxtəlif ittihamlar irəli sürürlər. Jirinovskinin arxasında da bəlli qüvvələr dayanır. Bunlar Rusiyada olan revizionist, şovinist, Rusiya hərbi sənaye komleksini təmsil edən qüvvələrdir. Onlar Jirinovskini danışdırırlar. SSRİ-nin əvvəlki sərhədləri əsasında bərpa olunması xəyalı ilə bu “siyasi bostan” müqəvvası ilə bizi qorxutmağa çalışırlar. Yəni Moskvadakı həmin qüvvələr daim çalışırlar ki, Rusiya ətrafında olan dövlətləri bu və ya digər şəkildə təsir və geo-siyasi təzyiq altında saxlasınlar. Budur Jirinovskinin sözlərinin arxasında duran məqam...
- Jirinovskinin məlum çıxışından bir gün öncə - iyulun 29-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Azərbaycan torpağındakı sülhməramlı kontingentlə bağlı bölməsində Laçın rayonu “Dağlıq Qarabağın Laçın rayonu” kimi təqdim edildi. Üstəlik, Rusiya hərbçiləri Laçın dəhlizində yerləşən və heç bir vaxt ermənilərin kompakt şəkildə yaşamadığı Laçın şəhəri və rayonun Zabux kəndində son 30 ilə yaxın işğal müddətində qanunsuz məskunlaşmış ermənilərə yardım etdilər. Ancaq Azərbaycanın rəsmi qurumları buna heç bir reaksiya vermədi. Buna normal yanaşmaq olarmı? Özü də nəzərə almaq lazımdır ki, 10 Noyabr üçtərəfli razılaşmasından bəri oxşar hallar dəfələrlə təkrar olunur...
-Doğrudur, Laçın rayonunda Zabux çayının sahilində ermənilər tərəfindən “Aqavno” adlandırılmış Zabux kəndində 2014-cü ildən bəri 98 kottej tikilib. Və həmin kottejlərdə Livandan, Suriyadan və s. ölkələrdən qanunsuz olaraq gətirilib yerləşdirilmiş ermənilər yaşayır. Və həmin “Aqavno” kəndinin qanunsuz “kənd icması”nın sədri də Livan ermənisidir. Deməli, Zabuxda və Laçın şəhərindəki ermənilərdən heç biri 1988-ci ildən bu yerlərdə yaşamayıb. Hətta Laçın rayonu işğal ediləndə belə, orada bir nəfər yerli erməni sakin olmayıb. Zabuxda bəhs edilən kəndin salınması isə işğal edilmiş ərazilərdə demoqrafik situasiyanın süni şəkildə dəyişdirilməsinə yönəlmiş qüvvələrin, daha doğrusu, Ermənistan rəhbərliyinin siyasətinin nəticəsi idi. Və həmin qondarma “Aqavno” kəndi də “Hayastan” ümumerməni fondunun maliyyəsi hesabına tikilib. İndi isə Qarabağda hələlik Rusiya sülhməramlı qüvvələrinin operativ nəzarət sahəsi olan ərazilərdən müxtəlif məkanlarda yaşayış kompleksləri tikilir. Məsələn, Xankəndində 126 mənzillik beşmərtəbəli bina tikilir. Ağdərədə, Xocalıda, Xocavənddə və s. yerlərdə də tikilir. Və ermənilər elə düşünürlər ki, bu, əbədidir. Əslində, mənim buna reaksiyam çox normaldır: tiksinlər - bizə qalacaq... Necə Ağoğlanda, Füzulidə, Kəlbəcərdə, Laçında az-çox tikdikləri bizə qaldı, bunlar da qalacaq... Lakin Rusiya bütün bunlara niyə göz yumur və şərait yaradır? Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı texniki səhvlər adı altında gah operativ nəzarətdə olan ərazilərin xəritələrini özbaşına dəyişir, gah postların yerini düzgün göstərmir. Bu, səbəb-nəticə qanunlarına uyğun olaraq heç bir halda təsadüf sayıla bilməz. Heç bir halda... Bəs Rusiyanın məqsədi nədir? Birada hər şey çox sadədir. Hətta olduğundan da sadədir. Laotszı demişkən, əlavə mahiyyət uydurmağa da ehtiyac yoxdur. Rusiya sülhməramlılarının Qarabağdakı mövcudluğunu şərtləndirən əsas məsələ oradakı yerli erməni əhalidir. Nə qədər ki, Qarabağda kompakt yaşayan ermənilər var və nə qədər ki, onlar olmayan “hüquq” və “status”larını tələb edəcəklər, Rusiya sülhməramlılarının orada qalması şərtdir. Guya beynəlxalq hüquq və diplomatiya baxımından... Ona görə Rusiya bütün imkanlara əl ataraq, bütün diplomatik kazuistikadan yararlanaraq çalışır ki, Qarabağdakı ermənilərin sayı azalmasın. Yəni belə olsun. Ancaq bu, belə olan deyil. Çünki Qarabağdakı ermənilərin sayı azalacaq. Və bu, qaçılmaz bir prosesdir. Proses ondan ibarətdir ki, orada iqtisadi şərtlər, sosial çərtlər, yaşam şərtləri və digər məsələlərin hamısı ermənilərin Qarabağdan köçünü şərtləndirir. Və bu köç artdıqca da Rusiya sülhməramlıları oranı tərk etməyə məcbur olacaqlar. Yəni bizim bu prosesə təkan verməyimiz, bizim bu prosesə müdaxilə etməyimiz gərəkdir, ancaq buna o qədər böyük zərurət yoxdur. Düşünün ki, çox kobud bir bənzətmə, analogiya aparsaq, bir aşsüzəndir, oraya nə qədər su töksəniz də, su qalmayacaq, axacaq. Rusiya Müdafiə və Xarici İşlər nazirlikləri nə dəqər Ermənistandan Qarabağa köçü təşviq etsələr də, nə qədər buna milyonlarla rubl ayırsalar da, bu işin perspektivi yoxdur. Məsələn, sırağagün Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyan Rusiyaya yazılı müraciət edərək Qarabağdakı köçkün ermənilər üçün 1000 modul ev istəyib. Tutaq ki, həmin modul evlər gəldi. Lap deyək, hərəsinə ikimərtəbəli villa tikildi və orada yaşadılar. Həmin ermənilər harada işləyəcək? İşləsələr belə, aldıqları maaşı harada və necə xərcləyəcəklər? Xərcləməyə yerləri olsa belə, nə alacaqlar? Almağa nələri olsa belə, onları harada emal və istehsal edəcəklər? Yəni suallar həddindən artıq çoxdur. Və qarabağlı ermənilər hətta bu günlərdə belə məsələ qaldırıblar ki, Rusiya sülhməramlılarının əli ilə Qarabağda yeni SES tiksinlər. Çünki orada olan SES-lərin 97 faizi artıq ermənilərin əlində deyil... Bir sözlə, ermənilərin Azərbaycan torpağında yaşadığı yer gettoya dönüb. Orada rəsmi statistikaya görə 24 min 824 erməni var, reallıqda isə 12 mindən artıq deyillər. 12 min adama hansı statusdan söhbət gedə bilər? Yəni hara baxsan, Rusiyanın niyyətləri qapalı həlqəyə düşür. Status vermək məqsədi olsa belə, 12 min erməniyə dünyanın heç bir yerində status verilmir. İkincisi, status ona görə verilməyəcək ki, Azərbaycanda Qarabağ ermənisi adlı etnos yoxdur. Talışlar, ləzgilər, udinlər var, tatlar, yəhudilər, dağ yəhudiləri, avarlar var və s. Bunlar hamısı xalqdır. Amma “qarabağlı erməni” adlı xalq dünyada, etnoqrafiya elmində də yoxdur. Yəni Rusiyanın bütün bu cəhdləri yalnız Velikorusiya şovinizminin təbliğatına, təşviqatına, eyni zamanda təsbitlənməsinə can atan qüvvələrin maraqlarına xidmət edir. Məlumdur ki, Rusiya da iki əsas təməl ideya var: “böyük Rusiya” və “biz qələbə qazanmış millətik”. 1945-ci ildəki qələbə ilə hələ də fəxr edən bir millətin gələcəyə doğru yönəlmiş sabit, səbatlı, praqmatik diplomatiyasını mən görmürəm...
- Bütün binlara rəğmən Rusiyanın nəinki Müdafiə Nazirliyi, elə Xarici İşlər Nazirliyi də rəsmi açıqlamalarında “Dağlıq Qarabağ” birləşməsini işlətməkdə davam edir. Halbuki, Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, çağdaş Azərbaycan Respublikasının izibati ərazisində belə bir inzibati ərazi vahidi yoxdur...
-Bəli, dəfələrlə deyilib ki, Azərbaycanda “Dağlıq Qarabağ”adlı inzibati vahid yoxdur. Əvvəla, 1991-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayətinin(DQMV) ləğv olunması haqda Azərbaycan Respublikası Ali Sovetinin qərarı var. İkincisi, DQMV yoxdursa, Dağlıq Qarabağ da yoxdur. Olan 28 il ərzində Dağlıq Qarabağ münaqişəsi idi. Onun da kökündə iki preambula vardı: birincisi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması, ikincisi, Azərbaycan ərazilərinin işğal faktoru. 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda geo-siyasi reallığı dəyişdiyi kimi, bəhs edilən iki preambuladakı məsələni də aradan qaldırdı. Yəni artıq nə Dağlıq Qarabağ var, nə də orada erməni qoşunları var. Ona görə də “Dağlıq Qarabağ” söz birləşməsinin işlənməsi yanlışdır. Oraya istədikləri kimi “Papua-Qvineya” desinlər, Madaqaskar da deyə bilərlər. Bununla heç nə dəyişməyəcək...
-Elçin bəy, sizin dediklərinizdən belə çıxır ki, Azərbaycan dövlətinin Rusiyanın Müdafiə Nazirliyi və digər qurumlarının “Daqlıq Qarabağ” , “Daqlıq Qarabağın Laçın rayonu, yaxud Kəlbəcər rayonu” kimi yanlış inzibati birləşmələr işlətmələrinə reaksiya verməsinə ehtiyac yoxdur...
-Buna qətiyyən lüzum yoxdur... Qarabağ erməniləri deyirlər ki, milli müqəddəratı təyinetmə hüququ var. Tamam, var. “Biz azad yaşamaq istəyirik”- Yaşayın. “Azərbaycandan ayrı yaşamaq istəyirik”. Lap yaxşı, biz etiraz etmirik. Laçın dəhlizi var, buyurun, Azərbaycan ərazisindən çıxın, gedin Ermənistanda öz milli müqəddəratınızı təyin edin. Rusiyada özünüzə status axtarın. Çünki Krasnodarda 200 min, Moskvada 1 milyon, Sankt-Peterburqda 400 min erməni yaşayır. 12 min çoxdur, yoxsa 1 milyon? Gedin qoşulun Rusiyadakı, yaxud Gürcüstandakı Samse-Cavaxetiyadakı ermənilərə, status tələb edin. Laçın dəhlizi açıqdır. Ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya da rədd olub gedəcəklər... İkisindən birini seçməlidirlər. Çünki əgər mən futbol meydançasına futbol oynamaq üçün girmişəmsə, orada deyə bilmərəm ki, mənim burada basketbol oynamaq hüququm var... Basketbol oynamaq istəyən getsin basketbol arenasında oynasın. Bu qədər bəsit...
-Bəs separatçı-terrorçu rejimin oyuncaq başçısı Araik Arutyunyanın bu günlərdə Rusiya hərbi kontingentinin Qarabağda daimi qalması haqqında çağırışına necə baxırsız? Bu, Rusiyadan təlimatlandırılmış çıxış ola bilərmi?
-Araik Arutyunyan heç kimdir. O, sürgündə olan Eritreya hökuməti kimi bir şeydir. O, sürgündə olan, Londonda bir otağa yığışmış 3 nəfərdən ibarət Suriya hokuməti kimi bir şeydir. Yəni Araik komik bir fiqurdur. Özü bunun fərqində deyil. O, sadəcə və sadəcə, Xankəndində Rusiya hərbçilərinin daimi mövcudluğunu təmin etməyə çalışır. Ancaq bu, baş tutan sevda deyil. Dünən – avqustun 4-də 7 Qərb dövləti, o cümlədən ABŞ, Böyük Britaniya və Fransa Rusiyadan Abxaziya və Cənubi Osetiyanın tanınması haqda qərarını ləğv etməsini və silahlı qüvvələrini dərhal Gürcüstanın suveren ərazilərindən geri çəkməsini tələb ediblər. Yəni Kreml bu gün hansısa bir ada dövlətinə, məsələn, Nauru ada-dövlətinə, əslində onun prezidentinə 250 min dollar rüşvət verərək Abxaziyanı və Osetiyanı tanıtdıra bilər. Amma hansı sayılan dövlət Abxaziyanı və Osetiyanı tanıyıb? Varmı belə biri? Yoxdur. Rusiya, uzaqbaşı, Nikaraquaya, Venesuelaya rüşvət verib həmin qondarma qurumları tanıtdıra bilər. Amma Qarabağı heç bir dövlətə tanıtdıra bilməz. Çünki bu problemin artıq mənşəyi də yoxdur. Buna görə də Araik istədiyini deyə bilər, istədiyi çağırışı edə bilər. Rusiya orda istədiyi qədər bina tikdirə bilər. Sonda hamısı bizə qalacaq...