Qaradağda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib

18:35 11.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə birgə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyətinin başçısının müavinləri və şöbə müdirləri, YAP Qaradağ rayon Təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva, rayon məktəblərinin direktorları, dil və ədəbiyyat müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli lider Heydər Əliyevin 100 illiyi ərəfəsində bu tədbirin keçirilməsinin mühüm olduğunu söyləyib: “Milli mənəvi dəyərlərimizə diqqət qayğı göstərən, onlara yüksək qiymət verən Ulu öndərimiz dilimizin də qorunmasına və inkişafına daim həssaslıqla yanaşıb. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoyub. Sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Ümummilli lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul edib. Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı 1995-ci ildə keçirilən  müzakirədə Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbayan Respublikasının Dövlət dili kimi təsbit olundu”.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva çıxışında bildirib ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin davamlığının daha bir təzahürüdür. Ölkənin geniş ictimaiyyəti, ziyalılar, eləcə də filoloqlar bu sənədi dilimizin işləkliyi və saflığının təmin edilməsi ilə bağlı son vaxtlar artmaqda olan ictimai narahatlığa dövlət başçısı İlham Əliyevin həssas və tələbkar münasibətinin daha bir təzahürü kimi qarşılayıblar.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva milli varlığın qorunması və ümumxalq həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsi olduğunu qeyd edib. Deyib ki, ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam mənada gerçəkləşdirilməsinə, suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir.

YAP Qaradağ rayon Təşkilatının sədri Qafar Əliyev çıxışında Ulu öndərin gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət gördüyünü diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır. Azərbaycan dili barədə Ümummilli liderin qoyduğu ənənə hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən müdrikcəsinə davam etdirilir.

Tədbir sual-cavab formatında davam edib.